Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri və sosial media istifadəçiləri tərəfindən Vətən müharibəsinin iki illiyi münasibətilə sosial şəbəkələrdə Zəfər trendi formalaşdırılıb.
500-ə qədər gəncin qatıldığı trend üç gün müddətində 6-7-8 noyabr tarixlərində müxtəlif sosial media şəbəkələrində yerli və beynəlxalq seqmentdə dəfələrlə trendə düşüb.
Göstərdikləri fədakarlığa görə gənc tələbələr ictimaiyyət nümayəndələri tərəfindən geniş şəkildə dəstək alıblar.
Onlardan biri – Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Gəncliyin Zəfər Sədası” elektron marafonunun iştirakçılarına məktub ünvanlayıb.
Məktubda deyilir:
“Zəfər təqvimi ilə milli tariximiz özünün ikinci ilinə qədəm qodyu. Bu şanlı tarixlə bərabər, Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən qələbə Azərbaycan xalqının əzmini və iradəsini, iqtisadi gücünü, müasir orduya sahib olmasını bir daha isbatladı.
Bu günü Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edərək, düşmən üzərində tarixi zəfər çalmaqla qeyd etdi.
Müasir tariximizin mühüm bir hissəsi müdrik dövlət xadimi, ümummilli lider, mərhum Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etdirmiş bu nadir şəxsiyyətin, siyasi xadimin ölkəmizə rəhbərlik etməsi intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Onun siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur.
İllər əvvəl müdrik şəxsiyyətin tarixi amal və hədəf kimi müəyyən etdiyi torpaqların işğaldan azad edilməsi Müasir Azərbaycanın yaradıcısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən 44 gün ərzində Zəfər tarixi kimi anılan müstəsna hadisənin nəticəsində reallaşdı.
Torpaqların və Qarabağın tacı Şuşanın azad edilməsi Azərbaycan dövlətçiliyi tarixində dəyərlərə sadiqlik irsini göstərməklə yanaşı, Prezident İlham Əliyevin fəaliyyəti dövründə vətənpərvər hisslərlə böyüyən nəsil – Zəfər gəncləri 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqları azad etdi.
Azərbaycan gəncliyinin yazdığı qəhrəmanlıq dastanı Ölkə başçısının “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” sözləri ilə tarixdə əbədi olaraq yerini aldı.
İkinci ildönümünü qeyd etdiyimiz Zəfər tarixinin şanlı günlərini əsgərimiz coğrafi sərhədlərimizin keşiyində mətin şəkildə dayanmaqla yanaşı, Ali Baş Komandanın yeni əmrlərinin icrası üçün daim hazır vəziyyətdə gözləməkdədirlər, coğrafi vətənin sərhədləri nə qədər möhkəm qorunursa, gənc azərbaycanlılar üçün Zəfər bayramı daha geniş bir vətən məhfumu doğurub – Kiber-vətən.
Onun sərhədləri və məkanı artıq bütün dünyanı əhatə edir ki, orda mütləq Azərbaycanın qalibiyyəti, zəfəri, milli maraqları qorunur, uğrunda böyük bir mübarizə aparılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan informasiya savaşı özünün konseptuallığı, yekun məqsəd olaraq nəticədə sülhə nail olmaq, Zəfər həqiqəti ilə müşayiət edilən prosesləri əhatə edir.
Prezident İlham Əliyev saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutan, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli olan qurumlara və gənclərə çağırışı olduqca vacib vəzifələri ehtiva edir:
– Postmüharibə dövründə qarşıya yeni siyasi, iqtisadi, sosial və hərbi hədəflər qoyulması;
– Azərbaycanın müasir dövrdə tamamilə fərqli və ən əsası qlobal tələbələrə uyğun fəaliyyət strategiyası hazırlanması;
– Beynəlxalq arenada müasir Azərbaycanın yeni imicinin yaradılması;
– Yeni media sahəsinin davamlı və hərtərəfli inkişafı, milli mediamızın postmünaqişə mərhələsinin tələb və çağırışları ilə ayaqlaşması;
– Ermənistanla və ona havadarlıq edən digər güc mərkəzləri ilə qlobal informasiya meydanında mübarizə apara biləcək Zəfər gəncliyinin səfərbər edilməsi;
Şübhəsiz ki, sadalanan məsələlərin gənclərin fəaliyyətində nəzərə alınması dövlətçilik üçün xüsusi dəyər təşkil etməklə yanaşı ictimai informasiya təşkilatçılığı gücünün də ölçülməsi baxımından olduqca zəruridir.
Bu baxımdan, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin Vətən müharibəsinin iki illiyi münasibətilə sosial şəbəkələrdə formalaşdırdığı Zəfər trendi təqdirəlayiqdir.
“Gəncliyin Zəfər sədası” adlı vahid şəbəkədə birləşən yüzlərlə gənc üç gün ərzində şəhid və qazilərin əzmi nəticəsində əldə olunan 44 günlük müharibəni həm respublika daxilində, həm də dünya miqyasında geniş təbliğ etmələri çox yüksək qiymətə malikdir.
Sosial şəbəkələr ( Tvitter, İnstaqram, Feysbuk və s. ) üzərindən konkret həştəqlərlə müxtəlif ölkələrdə soaila media gündəmində trendə düşməklə, Azərbaycanın qələbə səsini, həqiqətlərini dünyaya çatdırmağa çalışıblar.
Dəyərli gənclər,
Zəfər inamdan başlasa da, Zəfər fədakarlıqla qazanılsa da, Zəfər qorumaqla, ona sahib çıxmaqla yaşadılır. Sizə Zəfər marafonunda böyük əzm, iradə və uğurlar arzulayıram. Məhz üçüncü mərhələ sizin yorulmaz əməyinizin nəticəsində daha da güclü şəkildə hifz ediləcək”.
Qeyd edək ki, 26 dekabr tarixində BDU-nun Jurnalistika kafedrasında marafon iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib. Univeristet rəhbərliyi tərəfindən təltiflərlə yanaşı, Mərkəz rəhbərliyinin məktubu qurumun Mətbuat Xidmətinin rəhbəri və BDU-nin jurnalistika fakültəsinin müəllimi Əziz Əlibəyli tərəfindən səsləndirilib və iştirakçılara uğurlar arzulanıb.