Tarif (qiymət) Şurasının keçirdiyi iclasda daşıyıcı(kuryer) şirkətlərin müraciətinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. İclasda olan müzakirədən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, şəhərdaxili marşrutlarda 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 km üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Əvvəl 1 manatla 3 dəfə gediş-gəliş mümkin idisə fevralın 3-dən artıq bu qeyri-mümkin olacaq. Qiymətlərin artımına əmək haqqlarının artımı səbəb ola bilərmi?
Başqa sahələrdə qiymət artımı nə ilə əlaqədərdir?
Bu barədə iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik.
O, nəqliyyat sektorunda qiymət artımının əmək haqlarının artımıyla birbaşa əlaqəsi olmadığını bildirib: “Hələ əmək və təqaüdlərin artımıyla bağlı heç bir məlumat olmadığı halda keçən ildən başlayaraq “Metropoliten” və “BakuBus” rəhbərliyi maya dəyərinin yüksək olması və xərclərin ödənilməməsi ilə bağlı mətbuata açıqlamalar veriblər. Amma təəssüf ki, bu günə qədər nə “Metropoliten”, nə də “BakuBus” rəhbərliyi maya dəyərinin necə hesablandığına dair ictimaiyyətə informasiya veriblər. Yəni ağıllarına gələn bir rəqəmi deyirlər və bunu əsaslandıra bilmirlər. Ya da ki, əsaslandırmaq istəmirlər. Buna əsaslanaraq da qiymətlərin artımını tələb edirlər. Tarif Şurası tələblərini yerinə yetirərkən belə, onlardan maya dəyərinin nəyə görə yüksək olduğu haqda heç nə soruşmur, yaxud xərclərin azaldılması ilə bağlı təkliflər vermir. Ona görə də idarəetmədəki problemlərin və qeyri-şəffaflığın fəsadlarını vətəndaşın çiyinlərinə yükləməklə 10 qəpik (33,3 faiz) qiymət artımı etdilər. Bu, ildə təqribən 200 milyon manatın vətəndaşlarıın cibindən çıxacaq əlavə pul deməkdir. Yəni ictimai nəqliyyatdakı 10 qəpik artıma görə vətəndaşların cibindən ildə əlavə 200 milyon manat pul çıxacaq. Bu, kifayət qədər ciddi bir rəqəmdir”.
Natiq Cəfərli digər sahələrdəki qiymət artımının səbəblərinin müxtəlif amillərlə əlaqəli olduğunu açıqlayıb: “Ərzaq qiymətlərinin yüksəlməsinin əsas səbəbi Azərbaycanda yerli istehsalın zəif olmasıdır. Xaricdən çox asılıyıq. Nəticə olaraq xaricdəki qiymət artımının Azərbaycana təsirləri yüksəlir. Bundan başqa hökumət gömrük rüsumları və vergi dərəcələrini aşağı salmır ki, qiymətlər ucuzlaşsın. Bütün bu faktorlar inflyasiya dərəcəsinin artmasına səbəb olur və vətəndaşların üzərinə əlavə yük düşür”.
Ekspert bunu da bildirib ki, Azərbaycanda son yanacaq tariflərinin artımı zamanı dünya bazarındakı qiymətləri əsas gətirdilər: “O zaman neftin qiyməti 100 dollardan yuxarı idi. İndi “qara qızıl”ın qiyməti 85 dollardır. Həmin məntiqlə biz əks prosesi müşahidə etməliyik. Yəni neftin qiymətinin uzun müddətdir ki, 85 dollar olması fonunda yanacağın tarifi ucuzlaşmalıdır. İndiki zamanda hökumətin dizel yanacağının qiymətini artıracağını düşünmürəm. Çünki bu, kənd təsərrüfatından daşımaçılığa qədər bütün sahələrdə qiymət artımına gətirib çıxara bilər. Bu isə inflyasiyanı daha da sürətləndirər. Ona görə də, məntiqlə dizel yanacağının qiymətində artım olmamalıdır”.
N. Cəfərli qiymət artımından yaranan gəlirin hansı sahələrə istifadə olunacağına da aydınlıq gətirib: “Metrolarda həm yeni vaqonların alınmasına və təmirinə, həm də metro xətlərinin təmirinə istifadə oluna bilər. Abtobuslarda isə bildirildiyi kimi əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək”.
Şahanə Tağızadə, BDU Jurnalistika fakültəsinin tələbəsi