Son dönəmlərdə övladlarını “uşaqlar evi”, “Yetimlər evi”-nə qoyan valideynlərin sayı çoxluq təşkil edir. Buna maddi durumun olmaması, qeyri-nikahdan olan körpələr, qız övladlarının istənilməməsi və.s səbəb ola bilər. Bəs valideynin övladını küçəyə atmasına səbəb nə ola bilər?

2023-cü il yanvarın 17-dən 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində körpə ölü halda asfaltın üstündə tapılmışdı. Ötən sutka ərzində Körpənin anası saxlanılaraq istintaqa təhvil verilib. Anası deyə qeyd edilir, əgər həmin şəxsə ana demək olarsa. Axı biz bildiyimiz “ana” ifadəsi müqəddəs addır. Hansı ana körpəsinin ölümünə səbəb ola bilər?! Ya bu insan canidir, ya da o insanda bir damcı analıq və vicdan hissi yoxdur. Axı ana övladı dünyaya gətirməklə qalmayıb, onun yaşaması uğrunda mübarizə aparmalıdır.

Axı biz illər boyu oxuduğumuz əsərlərdə, izlədiyimiz filmlərdə Ana övladı üçün “saçını süpürgə edən”, “min, bir əziyyətə dözən” varlıq deyə qeyd edilib. Azərbaycan şairi Hüseyn Arifin “Analar” şeirində dediyi kimi;

“Vaxt olur, qaldırıb ağını belə,

Şərbət əvəzinə içir analar”.

Analıq vəzifəsini yerinə yetirə bilməyən insanın dünyaya uşaq gətirməsi nə dərəcədə düzgündür? Qeyri- nikahdan dünyaya gələn uşaqların doğuşuna kim vasitəçilik edir? Doğum evlərinin bu sahadə ciddi nəzarəti yerinə yetirməsi belə halların qarşısını almaq üçün ən düzgün vasitələrdəndir. Bu halların qarşısını almaq üçün cəmiyyəti bilgiləndirmək, TV və Radio proqramlarında bu mövzuda verilişlərin təbliği ən azından bunların qarşısını ala bilər.

Yanvarın 18-də asfaltın üzərində ölü halda tapılmış körpəni dünyaya gətirən varlığın istintaqa cəlb olunması ən azından gələcək nəsillər, övlad sahibi olmağa hazırlaşan valideynlərə dərs olacaq. Təbiidir ki, burada uşağın dünyaya gəlməsində vasitəçi olan digər şəxsin- atanın da üzərinə böyük yük düşür. Polis əməkdaşlarının bu məsələ ilə də ciddi məşğul olması lazımdır.


Şahanə Tağızadə, BDU jurnalistika fakültəsinin tələbəsi