Turan Birliyini zəruri edən siyasi-ideoloji hərəkətlilik yenə kimlərisə narahat etməyə başlayıb və çox uğursuz şəkildə gözdənsalma, aşağılama propoqandasına cəhdlər var. Əvvəlcə, qəti surətdə bildirək ki, artıq çox ciddi şəkildə fəaliyyətə başlamış Türk Dövlətləri Təşkilatı (TDT) və onun ətrafında formalaşan ideoloji siyasi xətt, nə, deyildiyi kimi, boş-boş söhbətlərdir, nə də avara mövzudur.
Bu, əhəmiyyəti və önəmi kifayət qədər əsaslandırılmış strateji bir seçim, konkret plan-proqramı olan hədəfdir. Məhz belə olduğu üçündür ki, bu gün dünyanın dörd bir yanında bir çox nüfuzlu qlobal beyin mərkəzləri, qlobal media, dövlətlər türk xalqlarının birləşmə tendensiyaları, birləşmə prosesinin beynəlxalq təşkilat səviyyəsində qurumsallaşdırılması və bunun doğuracağı geosiyasi və geoiqtisadi nəticələr barədə təhlillər aparır, baş sındırırlar.
Vaxtilə repressiyaya məruz qalmış bir sıra adamların siyasi hakimiyyətə nifrətləri üzündən qalxıb türk xalqlarının bir araya gəlməsində, birlik nümayiş etdirməsində müstəsna bir rola üstlənmiş TDT, başqa adla, TURAN reallığına sataşması təəssüf doğurmaya bilməz.
Hər nə olur-olsun, bir qlobal gerçəklik olaraq, Türk xalqları qarşılıqlı əlaqələri, iş birliyini dərinləşdirməlidirlər. Türklərin şərqdən qərbə qədər mövcud olduqları böyük və hərtərəfli zəngin bir coğrafiyada bütün sahələri əhatə edən aralarındakı bağı möhkəmləndirməsi dövlətləri idarə edən hökumətlərüstü regional-strateji bir prosesdir.
İstər şəxsi planda, istərsə də regional və qlobal planda biriləri əsəbləşəcək, özündən çıxacaq deyə, türk coğrafiyasını vahid bir platformada birləşdirən Türk Dövlətləri Təşkilatından imtina etmək və ya onu gözdən salmağa cəhdlər qeyri-rasional yanaşmadır.
Təşkilata üzv ölkələrin öz aralarında iqtisadi, siyasi və hərbi planda fəaliyyətlərini koordinasiya etməklə bağlı alt komitələr yaratmağa başlaması da, prosesin hansı ciddiyyətlə aparıldığına şübhə yeri buraxmır. Birdəfəlik anlamaq lazımdır ki, adına istər TDT, istər Turan deyilsin, fərq etməz, gerçək olan budur ki, dövlətlər rəsmi formada artıq birlikdədirlər.
Bütün bunlar isə, böyük bir coğrafiyaya yayılmış türk xalqlarının yüz illərdir gerçəkləşməsini gözlədiyi bir arzudur. Xalqlar başlanan bu vacib prosesdən çox məmnundurlar və dəstəkləyirlər. Narahat olanlar isə, nəyin və kimlərin hesabını güdür, anlaşılan deyil. Məncə, bu prosesə pəl vurmaq, bu yalnış gedişatın ruporuna çevrilmək, kimliyindən və statusundan asılı olmayaraq, heç kəsə başucalığı gətirməyəcək.
Bilirsiz niyə?
Çünki ötən əsrdə məlum oldu ki, qlobal münasibətlərin əsas aktorları arasında beynəlxalq təşkilatların təsiri və müəyyənedici faktora çevrilməsi həlledici əhəmiyyət qazanıb. Beynəlxalq təşkilatlar sülhün, təhlükəsizliyin və rifahın yayılması kimi əsas funksiyaları ilə yanaşı, üzv dövlətlərin maraqlarının maksimum dərəcədə gözlənilməsində, o cümlədən hökumətlərarası əlaqələrin yaxşılaşdırılmasında və dərinləşdirilməsində rol oynayır.
Bu planda, tarixi kökləri və intellektual dərinliyi şübhə doğurmayan Türk Dövlətləri Təşkilatının qlobal və regional əlaqələr kontekstində mövcud potensialı və gələcək perspektivləri təsadüfi deyil ki, bu gün ən aktual müzakirə predmetidir. Müzakirələrin davamlı və yayqın olması bəzi dairələri, əlbəttə, narahat etməyə bilməzdi. Çıxan çatlaq səslər bunun əlamətləridir.
Bu adamlar, bilərəkdən ya bilməyərəkdən, anlamaq istəmirlər ki, bu gün müasir dünyada təcridedici xarici siyasət strategiyasına əməl edən ölkələrin sayı çox azdır. Daimi neytrallıq və neytrallaşdırma kimi məstəsna hallar istisna olmaqla, beynəlxalq sistemdəki dövlətlərin böyük əksəriyyəti xarici siyasətlərini ittifaq yaratmaq strategiyasından geniş bir miqyasda faydalanmaqla müəyyənləşdirirlər.
Dövlətlərin öz strateji məqsədlərinə, hədəflərinə çatmaq üçün kifayət edəcək qədər özəl resurslara və imkanlara sahib olmaması, eyni zamanda, onların siyasətlərinin legitimliyinin təmin edilməsi və ya digər dövlətlərə təsir göstərməsi kimi səbəblər, dövlətləri başqa dövlətlərlə ittifaqlar yaratmağa sövq edir.
Zaman və məkan etibarilə türk xalqlarının birliyini təcəssüm etdirən Türk Dövlətləri Təşkilatının meydana çıxmasında da bu kimi zəruri qlobal amillər az rol oynamadı. Əlbəttə, 2020-ci ilin sonlarında Böyük Vətən Müharibəsindəki tarixi qələbəmizdən sonra, regionumuzda yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda başqa ziddiyyətli suallar bulanıq suda balıq ovlamağa bənzəyir.
Məsələn, bir qrup sualın əsas məğzi budur ki, bu dövlətlərin başında duran şəxslər guya Turanı qura bilməzlər. Hətta “talan edərlər” deyə etiraz edənlər də var. Bəlkə də, olayı şəxsiləşdirsək və fərdiləşdirməli olsaq, bu cür danışan adamların arqumentlərində müəyyən həqiqət payı tapmaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, Turan birliyi şəxslərüstü, hətta dövlətlərüstü bir reallıqdır.
Deyirlər ki, Türk Dövlətləri Birliyinə daxil olan ölkələrin rəhbərləri korrupsiyaya bulaşıblar, demokratiya, insan hüquq və azadlıqlarından uzaq avtoritar bir idarəetmə sistemi qurublar. Belə çıxır ki, sizin məntiqinizlə, hər hansı bir Türk dövlətinin korrupsiya və rüşvətə bulaşmış başçısı, Turan birliyi oldu ya olmadı, bəyəm dövlətini elə indi də talan etmirmi?
İkincisi, Turanın qurulmasını labüd edən çağın özüdür. Yəni, bu dövlətlərdə dövlət başçılarının dəyişməsi Turana gedən yolları qapatmayacaq, nə də bu mühüm prosesi əngəlləyə biləcək. Bu səbəbdən də həmin dövlətlərin vətəndaşları, cəmiyyəti öz ölkələrində hüquqa əsaslanan demokratik sistem qurmaq niyyətindədirlərsə, bunun Turana nə dəxli var?
Birdəfəlik anlamaq lazımdır ki, Turan regionda etniküstü hərbi, siyasi, iqtisadi planda bütün potensiallarını vahid platformada birləşdirən dövlətlər birliyidir. Ora daxil olan dövlətlərin demokratikləşmə prosesi, çağdaş standartlara əsaslanan dövlət sistemlərini qurmaq həmin ölkələrin öz daxili işidir.
Məncə, insanları çaşdırmamaq üçün məsələləri qarışdırmasaq, daha doğru olar.
Yenə əsəbi və ironik tərzdə təhtəl şüura yeridilməyə cəhd olunur ki, guya Türk xalqlarını ortaq və tək siyasi sistemlərdə birləşdirmək üçün zəruri olan sivilizasiya göstəriciləri yox imiş. Daha da irəli gedib “Manas”, “Dədə Qorqud”, “Koroğlu” dastanlarının böyük siyasi birlik yaratmaq üçün yetərli arqumentlər olmadığı irəli sürülür. Kökündən səhv yanaşmadır.
Çünki adət-ənənələr, folklor, tarixi və mədəni planda oxşarlığımızı, birliyimizi sübut edən kifayət qədər tutarlı qaynaqlar mövcuddur. Özünüinkarçılıqla bir yerə varmaq olmaz.
Bu mənada yuxarıda adları çəkilənlərdən fərqli olaraq, biz Göytürk tarixi modelini ön plana çıxarmağı məqbul hesab edirik. Çünki türk tarixini anlamağın əsas yolu məhz Göytürk tarixindən keçir. Göytürklər vasitəsilə Türk Dövlətlərinin tarixi-mədəni dünyasına nüfuz etmək daha rahatdır. Demək olar ki, bütün türk mənşəli xalqların bu gün Göytürklərlə elə ya belə əlaqəsi mövcuddur. Tarixdə birlik fenomeni üzərində nə vaxtsa baş vermiş bir məsələni yenidən gündəmə daşımaqla, türklər arasında yeni anlaşma və əməkdaşlıqdan vaz keçmək tarixi səhv olar.
Biz onu da yaxşı başa düşürük ki, çox emosional və duyğusalıq, qısa müddətdə çox şey gözləyirik. Bununla belə, region ölkələrinin mövcud reallıqlarına uyğun siyasi xətt seçmək anlaşılan məsələdir.
Və nəhayət, Turan bir qrup fanatik türkçünün ortaya atdığı romantik ideya deyil. Əksinə, kapitalizimin labüd etdiyi birləşib güc olmaq və ya indiki məşhur ifadə ilə desək, “Biz birlikdə güclüyük” praktik ideyasından doğan vacib nəticədir. Buna gülən, romantizm qalığı kimi baxanlar isə, siyasi prosesləri bilməyən naşı kəslərdir..
Bir məsələyə isə xüsusi diqqət edək: Bu gün Turanın yaranmasında iştirak edən siyasi liderlərin heç biri milliyyətçi cinahın nümayəndəsi deyil. Deməli, dövlətlərin olum-qalım planında o qədər vacib bir məsələdir ki, vazkeçilməz zərurət avtoritar kimi xaraterizə olunan liderləri belə, bu Türk Birliyini qurmağa vadar edib.
Yəni, xanımlar və cənablar! Turan artıq bir ideologiya deyil, bunu qəbul edin. Necə ki, millətçi cinahda olmayanlar bu gün TURANI qururlar..
Rəşad Bakuvi
Azərbaycan Yüksəliş Partiyası
Başqanının siyasi işlər üzrə müavini