Ermənistan baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında deyib ki, KTMT ölkəsindən çıxır. O rəsmi İrəvanın bundan narahat olduğunu söyləyib.
Paşinyanın dünənki açıqlamalarında diqqətçəkən başqa bir məqam KTMT ilə bağlı tənqidi fikirləri idi. O demişdi ki, KTMT İrəvanla Bakı arasındakı gərginliklə bağlı lazımi addımları atmayıb.
Ermənistan hökumət başçısı əvvəlki çıxışlarında ölkəsinin qurumdan çıxa biləcəyinə eyham vurmuşdu. Həmçinin bu günlərdə bildirilmişdi ki, Ermənistan KTM baş katibliyinin müavini kvotasından imtina edib.
Məlum olduğu kimi, KTMT-nin əsas leytmotivi Rusiyadır. Son vaxtlar İrəvanla Moskva arasında münasibətlərin gərginləşdiyini çoxları hiss edir.
Paşinyan tədricən Qərbə meyl edir. Qərb isə KTMT üzvünə “qapını ağzına qədər açmaz”. Odur ki, hazırkı Ermənistan hakimiyyəti tez-gec KTMT-dən imtina etməlidir.
Əlbəttə, birdən – birə sözügedən qurumdan ayrıla bilməz. Bu, Rusiya ilə münasibətləri daha da gərginləşdirə bilər. Həmçinin daxildəki bəzi kəsimlərin narazılığına səbəb ola bilər. Odur ki, Paşinyan ambisiyasına “fərqli don geyindirməyə çalışır”.


KTMT- nin Ermənistandan çıxması Rusiyanın bu dövlətdən imtina etməsi, beləliklə, həm də Cənubi Qafqazda təsir gücünün azalmasına razı olması deməkdir. Bu, yüz illər boyu regiondakı ambisiyalarını qoruyan Moskvanın maraqlarına uyğundurmu? Fikrimizcə, yox.
Şübhə yoxdur ki, KTMT- nin Ermənistandakı mövcudluğu həm də bu dövlətə təzyiq vasitəsidir. Deməli, KTMT qoşunları Ermənistandan çıxarsa, göz görə – görə İrəvanın Qərbə daha da yaxınlaşmasına şərait yaradacaq. Əlbəttə, bu da Kremlin strateji hədəflərinə uyğun deyil.
Beləliklə, görünür, Paşinyan sadəcə öz arzusunu birbaşa dilə gətirməkdən çəkinib.
Rusiya rəsmiləri yaxın günlərdə Paşinyanın bu fikirlərinə münasibət bildirə bilərlər. Əlbəttə, həmin fikirlər daha çox tənqidi xarakterli olacaq.
Ermənistanın yaxın gələcəkdə KTMT- dən çıxacağı inandırıcı görünmür. Çünki Paşinyanda bunun üçün lazım olan siyasi iradə yoxdur. Amma KTMT və Rusiyadan uzaqlaşmaq meyilləri getdikcə özünü daha aydın göstərir.
Kənan Novruzov