İtaliyanın “La Republica” qəzetinin yazdığına görə, NATO və Rusiya Müdafiə Nazirliyinin nümayəndələri arasında təmaslar olub. Bildirilib ki, NATO istifadəyə hazır olan 1400-dən çox nüvə başlığı ilə bağlı Rusiya rəsmiləri ilə müzakirə aparıb.
Danışıqlarda iştirak edən rəsmilərin adları açıqlanmayıb.
Tərəflər arasında təmas nadir haldır. Çünki xüsusilə Ukraynadakı müharibədən sonra onlar “kəllə-kəlləyə gəliblər”. Çoxlarına sirr deyil ki, indi müharibə əslində Rusiya ilə NATO arasında gedir. Elə isə iddia edilən təması zəruri edən nə olub? Və təşəbbüs hansı tərəfdən gəlib?
Əgər iddia edilən kimidirsə, ehtimal etmək olar ki, təmas məhz Alyansın təşəbbüsü ilə baş tutub.
Məlum olduğu kimi, Rusiya ehtimal edilən nüvə müharibəsini uzun müddətdir gündəmdə saxlayır. Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin dəfələrlə bildirib ki, lazım olarsa, nüvə silahı tətbiq edilə bilər. Belarusa nüvə başlıqlarının yerləşdirilməsi və Rusiyanın getdikcə “dalana dirənməsi” bu ehtimalı daha da artırır.
NATO – nun Rusiya rəsmiləri ilə bu məsələni müzakirə etməsi isə onu deməyə əsas verir ki, nüvə müharibəsi təhlükəsi kifayət qədər realdır. Ola bilsin, Alyansın kəşfiyyat xidməti Kremlin nüvə silahını tətbiq etməyə hazırlaşdığına dair müəyyən məlumatlar əldə ediblər. Əslində bunun üçün kəşfiyyat məlumatlarına ehtiyac yoxdur. “Vaqner” muzdlu hərbi təşkilatının Rusiya daxilindəki qiyamı Kremli bir az da “dalana dirədi”. V. Putinin “kartları getdikcə azalıb”. Deməli, hər ötən gün nüvə müharibəsi ehtimalı artır.


Ehtimal var ki, NATO tərəfi Rusiyaya nüvə silahının tətbiqi ilə bağlı xəbərdarlıq edib. Hərçənd rəsmi Moskvanın bu xəbərdarlığı nəzərə alacağını düşünmürəm.
İndi elə vəziyyət yaranıb ki, nüvə müharibəsinin başlanması Rusiyanın atacağı addımdan asılıdır. V. Putin bunu istəmir. Çünki adekvat cavab veriləcəyini bilir. Nüvə silahının tətbiqi ilə qalib gəlmək mümkün deyil. Əksinə, bu, sonun başlanğıcı deməkdir. Sadacə məsələ orasındadır ki, Kreml getdikcə daha çıxılmaz vəziyyətə düşür, alternativləri tükənir. V. Putinin xarakteri ona məğlub imici daşımağa imkan vermir. Odur ki, Kreml rəhbəri vəziyyətin tamamilə çıxılmaz olduğundan əmin olanda nüvə silahını tətbiq edə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, bu barədə artıq bir neçə dəfə xəbərdarlıq edilib.
Qərbin nüvə müharibəsindən başlanmasından narahat olduğundan düşünmürəm. Əks halda Rusiyanın “damarına bu qədər basılmazdı”. Rusiya getdikcə “küncə sıxılır”. Və təəssüf ki, nüvə müharibəsi ehtimalı daha da artır.

Tərəflər arasında təmas onu deməyə əsas verir ki, Alyans ölkələri siyasətlərini dəyişməyəcəkləri təqdirdə nüvə silahının ən yaxın zamanda tətbiqi oluna biləcəyi barədə artıq düşünməli olublar.
Kənan Novruzov