Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə 27-29 iyun tarixində Vaşinqtonda növbəti müzakirələr keçirdilər. Nazirlər və dövlət katibi bundan əvvəl Vaşinqtonda 1-4 may tarixlərində müzakirələr aparmışdılar. Nazirlər Vaşinqtonda ABŞ prezidentinin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüblər. Ötən dəfə də nazirlər Blinkenlə ortaq müzakirələrdən sonra Sallivanla görüşmüşdülər. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller danışıqların səmərəli olduğunu açıqlayıb.
Moskva və Brüssel görüşlərindən fərqli olaraq Vaşinqtonda tərəflər arasında müzakirələr 3 və ya 4 gün çəkir. Bu Vaşinqtondakı görüşlərdə bütün detalların müzakirəsiylə bağlıdır. Çünki sülh sazişinin imzalanmasına mane olan xeyli detal var. Vaşinqtondakı müzakirələrin digər vacib detalı da var. Azərbaycanla Ermənistan arasında 3 – sülh sazişi, sərhədlərin müəyyənləşməsi və nəqliyyat dəhlizin açılmasıyla bağlı sənəd imzalanmalıdır. Vaşinqton bu 3 sənəddən yalnız sülh sazişinin imzalanması üzərində çalışır. Çünki bu sənəd imzalansa sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması asanlaşacaq. Nəqliyyat dəhlizinin açılması Vaşinqtonu sülhü əldə olunması qədər maraqlandırmır. Nəqliyyat dəhlizinin açılması daha çox Türkiyənin, Çinin və Rusiyanın maraqlarına cavab verir. Vaşinqtonun bu 3 dövlətlə münasibətlərində gərginliklər və suallar var. Buna baxmayaraq, Vaşinqton Azərbaycanla Ermənistan arasında bütün kommunikasiya xətlərinin açıqlmasının da tərəfdarıdır. Sadəcə, Vaşinqton bunun üçün diplomatik fəallıq göstərmir.
Entoni Blinken danışıqlarda irəliləyiş əldə olunduğunu bildirsə də, yekun sənədin imzalanması üçün çox işin olduğunu vurğulayıb: “Razılığa nail olmaq nə qədər yaxın olsa, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sona qalır”. Blinken yekun sənədə yeni razılaşdırılmış bəndlərin daxil ediləcəyini söyləyib. Dövlət katibi bu bəndlərin nədən ibarət olduğunu söyləməsə də, bunun Bakının Qarabağ erməniləriylə dialoquna aid olduğunu ehtimal etmək olar. Rəsmi Bakı Qarabağ erməniləriylə dialoqun tərəfdarıdır, onları bir neçə dəfə Bakıda görüşə dəvət olunublar. Ancaq Qarabağ erməniləri Bakıya gəlməkdən imtina ediblər. Buna baxmayaraq, Qarabağa status mövzusu müzakirə olunmayacaq. Bakı bu mövzunu heç bir dövlətlə müzakirə etməyəcək.
Vaşinqtondakı müzakirələr Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyul ayında Brüsseldə keçiriləcək növbəti görüşə təkan verməlidi idi. Ancaq aydındır ki, hazırki şərtlər daxilində Brüsseldə sülh sazişi imzalanmayacaq.
Entoni Blinkenin vasitəsçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşə başladığı gün Qarabağda separatçıların Azərbaycan hərbçilərinə atəş açması təsadüfi deyil. Böyük ehtimalla Kreml Vaşinqton görüşünü pozmaq üçün separatçılara “atəş açın” əmrini verib. Bu əmri yerinə yetirənlər ağır zərbə aldılar, 5separatçı öldürüldü. Bu hadisə erməni separatçılarının qısa müddətdə tərksilah olunmasını aktuallaşdırır. ABŞ-ın vasitəçiliyinə qarşı 3 qüvvə – Kreml, erməni separatçıları və “Daşnaksütun” partiyasının simasında radikal müxalifət (İrəvanda səfirliklər qarşısında etirazlara başlayıblar) birləşiblər. Bu Ermənistanın baş naziri Nikol Paşinyana da təzyiq vasitəsidir ki, o Vaşinqton və ya Brüsselin vasitəçiliyi ilə İlham Əliyevlə sülh sazişi imzalamasın. Paşinyan seçim etməlidir. Paşinyan ya təzyiq qarşısında geri çəkiləcək, ya da “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasını sənəddə əksinə razılaşacaq. Rəsmi Bakı gözləyir ki, Vaşinqton bu məsələdə Nikol Paşinyana təsir edəcək.
Rəsmi Bakı Vaşinqtonun vasitəçiliyinə müsbət yanaşır. Ermənistandan fərqli olaraq Azərbaycanda heç bir siyasi qüvvə Vaşinqtonun vasitəçiliyinin əleyhinə deyil. Azərbaycan ABŞ-la müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda nazirlər və onların heyətləri arasında sülhün qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunduğunu açıqlayıb. Azərbaycan XİN dövlət katibi Entoni Blinkenin sözlərini təsdiqləyərək saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edildiyini və saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atıldığını açıqlayıb. Nazirliyin bəyanatında eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Bu arada, ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə koordinatoru səfir Ceyms O’Brayanın Ermənistana səfəri və baş nazir Nikol Paşinyanla görüşü diqqəti çəkib. Ceyms O’Brayanın Ermənistana səfəri bu ölkənin Rusiyanı sanksiyalardan yayınmaqda kömək etməsinin qarşısının alınmasıyla əlaqəlidir. Vaşinqton bir neçə dəfə Ermənistanı Rusiyaya sanksiyalardan yayınmaq üçün yardım etməkdə günahlandırıb. Ceyms O’Brayan 8 iyunda verdiyi açıqlamada Rusiyaya əsas mikroçiplərin və elektronikanın idxalının müharibədən əvvəlki səviyyəyə qayıtdığını bildirmişdi. Bu işdə Rusiyaya gizli şəkildə Ermənistan dəstək verir. Dövlət Departamenti Avropa şirkətlərinin materialları başqa ölkələrə, onlar da öz növbəsində həmin ləvazımatları Rusiyaya satdığı qənaətindədir. Bu sırada Ermənistanın da adı bir neçə dəfə çəkilib.
Elxan Şahinoğlu, politoloq