Artıq bir neçə saatdır ki, Azəricard prosessinq mərkəzinə bağlı olan bankların kartları ilə aparılan əməliyyatlarda ciddi problem yaranıb.
Bu bankların kartları vasitəsilə, həmçinin bu banklara bağlı olan digər vasitələrlə ödənişləri reallaşdırmaq indiyədək mümkün olmayıb.
Xatırladıram ki, Azəricard ölkənin ən böyük prosessinq mərkəzidir, 16 banka xidmət edir.
Bildiyim qədər Azəricard datanı saxlamaq üçün əsasən HPE avadanlıqlarından istifadə edirdi.
Maraqlıdır ki, HPE-nin ölkəmizdə nümayəndəliyi bağlanandan sonra support məsələsində bir neçə dəfə problemlər olub.
Bu qədər zaman kəsiyində backup-dan istifadə edilməməsi də düşündürücüdür.
Düşünmək olar ki Azəricard-ın uzun müddət sistemi bərpa edə bilməməsi backup-ın problemli olması, yaxud da keyfiyyətli texniki dəstəyin əlçatan olmaması ilə bağlı olub.
Yeri gəlmişkən, DTX və XRİTDX-nin zaman-zaman səsləndirdikləri “kritik informasiya infrastrukturu”, “kritik qurumlar” məsələsi məhz bu baş verənlərdi.
Yəni, Azəricard-da baş verənlər minlərlə istifadəçilər, şirkətlər və dövlət qurumları üçün ciddi problemlər yaradıb.
Maraqlıdır, görəsən Azəricard kritik informasiya infrastrukturu siyahısına daxil edilibmi ?
Hansı ki, bu siyahı DTX və XRİTDX -in təklifləri əsasında hökumət tərəfindən xeyli müddət öncə təsdiqlənməliydi.
Hələlik isə təəssüf ki, belə bir təsdiqlənmiş siyahı yoxdur.
Azəricard baş verənlərlə bağlı üzrxahlığını bildirib və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.
Ümid edirəm data itkisinə yol vermədən sistemi bərpa edə biləcəklər.
Osman Gündüz, İTK eksperti