Provayderlərin adi bir reytinqini dərc edə bilməyən qurum “müstəqil tənzimləyici”, yaxud da sadəcə tənzimləyici statusuna iddia edə bilərmi?
Bir müddət öncə ölkənin telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) provayderlərin reytinqini elan edəcəyini bildirmişdi.
Normal bir alqoritm, metodika da hazırlamışdılar.
Eyni zamanda provayderlərdən olan şikayətlər üzrə 160-dan çox provayderi özündə birləşdirən gözəl bir “E-Şikayət” sistemi üzərindən nəhəng bir data da formalaşdırmışdılar. Bura qədər hər şey əlaydı.
Yəni anlaşıqlı desək, yalnız İKTA bilirdi ki hansı provayderdən daha çox şikayət var, internet bazarında hansı provayder nə gündədir.
Nəticəsi nə oldu?
Əfsus. İKTA indiyədək bu reytinqi dərc etməyib, daha doğrusu edə bilməyib. Əlində istehlakçıların rəyləri ilə bağlı nəhəng datası olan qurum ötən günlər sadə bir icmal yaymaqla işi bitmiş hesab etdi. Təsəvvür edin ki, İKTA bu icmalda şikayətlərlə bağlı heç bir provayderin adını çəkə bilməyib.
Kimdir bunun qarşısını alan? Təxmin edirəm.
Maraqlıdır ki biz internetdə anormal, seçim imkanı verilməyən minimal tarif artımı ilə bağlı İKTA- nın nəhəng təbii inhisarçılarla vuruşmasını gözləyirdik. Amma reallıq odur ki İKTA provayderlərdən narazılıqla bağlı adi bir reytinqi dərc edə bilmədi.
Ümid edirəm RİNN, hökumət də fərqindədir ki, sektoru tənzimləməli olan quruma hansı təsirlər var və vəziyyət nə yerdədir.
Osman Gündüz, İKT mütəxəssisi