Hindistanın baş nazir Narendra Modi avqustun 21-23-də Polşa və Ukraynaya rəsmi səfər edəcək. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Narendra Modinin Kiyevə ilk səfəri olacaq. Modi iyunun 8-də Moskvaya səfər etmişdi. Modi Putinlə görüş zamanı ikitərəfli tərəfdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirmişdi. Modinin Rusiyaya səfəri Ukrayna və Qərb ölkələrində bir sıra suallar yaratdı. Modi bu sualları ortadan qaldırmaq üçün Kiyevə səfər etməyə qərar verib.

Dehli Rusiya ilə Ukrayna arasında dialoqun tərəfdarıdır. Narendra Modi iki ölkə arasındakı mübahisənin müharibə ilə həll olunmayacağı qənaətindədir. Dehli Pekin kimi Moskva ilə Kiyev arasında dialoqa töhvə verməyə hazır olduğunu bildirib. Məlumdur ki, Kiyev Pekinin vasitəçiliyini qəbul etməyib. Çünki, Pekinin planında Rusiya ordusunun Ukrayna ərazisini tərki tələb olunmurdu. Dehlinin münaqişənin həlliylə bağlı konkret planı olmasa da, tərəflərlə işləməyə hazır olduğunu bəyan edib. Vaşinqton müharibənin dayandırılması üçün Pekinin Moskvaya təsir etməsini istəyərkən, Dehlidən də eyni siyasət aparmasını arzulayır. Ancaq problem ondadır ki, Kreml Ukrayna torpaqlarının işğalının rəsmiləşdirilməsindən başqa həll planı və vasitəçilik qəbul etmir.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba bir müddət əvvəl Hindistana səfər etmişdi. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ukraynalı həmkarı ilə görüşdə iki ölkə arasında təmasları genişləndirməkdə maraqlı olduğunu söyləmişdi. Narendra Modi iyun ayında “Böyük yeddilərin” İtaliya toplantısında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb fikir mübadiləsi aparmışdı. Kiyev Hindistanın Ukrayna iqtisadiyyatına yatırım qoymasına da maraq göstərir.

Narendra Modi Kiyevdə sonra Varşavaya səfər edəcək. Modinin Ukraynadan sonra məhz Polşaya səfər etməsinin səbəbi aydındır. Ukrayna ilə sərhəd olan Polşa müharibədən əziyyət çəkən əsas Avropa ölkəsidir. Polşa Ukraynadan ən çox qaçqın qəbul edən ölkədir, Rusiya raketləri və təyyarələri zaman-zaman Polşa ərazisinə keçir. Bundan başqa Avropada belə bir rəy formalaşıb ki, Rusiya Ukraynanı işğal edərsə, növbəti hədəf Polşa ola bilər. Bu mənada Narendra Modinin Polşaya səfəri Dehlinin Varşavanın narahatlığına şərik olduğunu anlamı daşıyır.

Elxan Şahinoğlu, politoloq