Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikirləri ilə əlaqədar sentyabrın 9- da yerli medianın suallarına cavab verib. O, bildirib ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür.
XİN rəsmisi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib:

“Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.

Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır”.

A.Hacızadə deyib ki, saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hal-hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir.

“Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, – XİN rəsmisi vurğulayıb.

Sentyabrın 9-da A. Mirzoyan Lüksemburqun xarici işlər və ticarət naziri ilə birgə mətbuat konfransında bildirib ki, sonuncu dəfə Ermənistan tərəfindən Azərbaycana təqdim edilmiş “sülh sazişi” layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə razılaşdırılmış müddəaları ehtiva edir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan tərəfi öz ərazisindən keçən hər hansı bir yola nəzarəti üçüncü tərəfə vermək niyyətində deyil. Bununla yanaşı, yük və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün hər iki ölkədə xarici özəl şirkətin prosesə cəlb edilməsi məsələsinin müzakirə edildiyi diqqətə çatdırılıb.

Rəsmi İrəvanın hazırkı ritorikası əslində tamamilə manipulyasiya üzərində qurulub və ictimai niyyəti çaşdırmaq niyyəti daşıyır. Məsələ ondan ibarətdir ki, Ermənistan əməldə dediklərini sözdə təsdiqləmir: ya bunu istəmir, ya da gücü yoxdur.
Ümumiyyətlə, Ermənistan rəsmilərinin səsləndirdikləri bəyanatların bir xeyli hissəsi ya qeyri- dəqiqdir, ya da tamamilə yalandır. Bu, A. Mirzoyanın son açıqlamaları üçün də istisna deyil.
Belə ki, erməni nazir üzdə sülhlə bağlı loyal danışsa da, əslində bilavasitə yenə də Bakını ittiham etməyə çalışıb. Halbuki prosesi uzadan məhz İrəvan özüdür.
Azərbaycan artıq humanistlik edib: qalib tətəf olmaslna baxmayaraq, Ermənistana sülh əlini uzadıb. Üstəgəl, ikitərəfli təmaslar nəticəsində normallaşma istiqamətində müəyyən irəliləyişin əsas səbəbləri məhz rəsmi Bakının qətiyyəti, prinsipiallığı və diplomatik məharətidir. Ermənistan hakimiyyəti bunu başa düşür. Və başa düşdüyü halda sülhdən yayınır.
Əvvəl də dediyimiz kimi, Azərbaycan sülh və regional əməkdaşlıqda maraqlıdır. Amma sülh bu gün Bakıdan daha çox qarşı tərəfə lazımdır. Ona görə ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib. Həmçinin Bakı bu gün nəinki Cənubi Qafqazın, beynəlxalq geosiyasi müstəvinin əsas oyunçularından olmaqla müstəqil xarici siyasət kursuna malikdir. Bu isə o deməkdir ki, Azərbaycanın nə təhlükəsizliyi, nə də müstəqilliyi heç bir məqamdan, o cümlədən sülhdən asılı deyil.
Ermənistan üçün isə durum fərqlidir. Rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında faktiki olaraq siyasi poliqona çevrilib. Gələcəkdə Ermənistanın Ukraynanın taleyini yaşaması, hərbi toqquşma meydanına çevrilməsi də mümkündür. Yəni zaman Ermənistanın əlehinə işləyir. Belə bir şəraitdə İrəvana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən ideal variant Bakı və Ankara ilə münasibətlərin normallaşmasıdır. Amma Ermənistan özünü bu imkandan məhrum edir.

Ermənistan hakimiyyəti, bəlkə də, sülhün alternativinin olmadığını şüurlu şəkildə anlayır. Amma əməli addımların atılması üçün lazımi siyasi iradə ortaya qoya bilmir. Çünki Ermənistan bu gün faktiki olaraq Qərbin, xüsusilə ABŞ və Fransanın təsiri altındadır. Adı çəkilən dövlətlət özlərinin regional maraqlarını təmin etmək, o cümlədən bölgəyə soxulmaq üçün İrəvandan istifadə edirlər. Ermənistanın sürətlə silahlandırılması əslində məhz buna- destruktiv maraqların reallaşmasına xidmət edir.

Ermənistanın sülhdən yayındığını göstərən bir neçə amil var:

  1. Azərbaycanın göndərdiyi təkliflər paketinə hər dəfə dəyişiklik edərək vaxt qazanmaq istəyi;
  2. Prinsipial məsələlərlə bağlı Bakı ilə razılığa gəlməməsi;
  3. Azərbaycanın əsas tələbinə müvafiq olaraq hələ də konstitiya dəyişikliyini gündəmə gətirməməsi;
  4. Artan hərbi təxribatlar.
    Ehtimal ehtimal etmək olar ki, Ermənistanın hazırkı destruktiv mövqeyinin arxasında məhz Qərb dayanır. Çünki rəsmi İrəvanın “pultu” bu gün Paris və Vaşinqtonun əlindədir.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan qərarını verib: sülh olmayacaq.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı