Uşaqlığımızın təsadüf elədiyi illər böyük ittifaqın darmadağın olduğu və xarabalıqları altında qaldığımız, qonşularımız tərəfdən də taleyimizi torpağımız kimi işğal edildiyi zamanlar idi. Sanki Gəncə şəhəri zəlzələdən yerin altına gömülüb, gürcü çarı Demetre bundan istifadə edib, taleyimizin qapılarını oğurlayıb Tiflisə qaçırmış, məşhur siyasi ifadələrin bəzəyinə çevrilmiş “millennium” anlayışı ilə sözün bütün doğru mənalarında minilliyin pilləkənləri da sarsılmışdı.
Sözügedən tarixin sosial-siyasi, hərbi-iqtisadi mürəkkəb şəbəkəsində naxışlar qarışmış və bütün siyasi Yer yeni dönəmin başlandığını müşahidə edir, yaşayır, reallığın ağrılarını almanlar birləşib bayram edəndə, azərbaycanlılar sərhəd məftillərini sökür, güneyliləri qucaqlayır, milyonlarla insanın unutmayacağı tablolar yaddaşlara köçür, beynəlxalq münasibətlər sentimentallaşır, hekayələrlə dolu yeni dünyaya acılı-şirinli olayların “xoş gəldini” ilə qədəm qoyurdular.
Bizim o dövr üçün SSRİ-nin evlərdə yaşadığı yer artıq yalnız evdəki mebel dəsti, sarışın xanımların boylandığı güzgülər, kamodlar, yaxud da servantlarda bərq vuran çex xrustalları idi.
Amma 15 respublikanın siması təkcə onun sarışın üzü deyildi, ümumiyyətlə, rəngarəng bir dünya da vardı- qıyıqgözlü, qarabənizli və araxçın başlı.
Tanrı dağlarının qucağındakı ata vətəndən 90-ların qaranlıq günlərinə miras kimi yalnız xoş xatirələr qalmamışdı.
Əvvəlcə, ağ-qara ekrandan özbək qızı Lala ilə azərbaycanlı Kamilin saf məhəbbətini Tofiq Tağızadənin, Tofiq Quliyevin və onlarla peşəkar aktyorumuzun sayəsində özbək xalqına sevgimiz kimi qəbul elədik, bu, gizli simpatiya içərisində “Насиба Абдуллаева – Қора кўз бўй-бўй” şərqisinin sədası altında əvvəlcə əmək-iqisadiyyat (pambıq) qardaşlığının şahidi olsa da, Nəsibə xanımın “plastinka”larıyla saldığı musiqi körpüsündə eyni dildən danışdığımızı anlamışdıq.
Bu, hər iki xalqın dağlarla əhatə olunmuş vadidə məskunlaşılması və sonra burdan Bozqurdun vasitəsilə çıxması hekayəsinin – Ərgənəkon dastanının elementlərinin müasir dövrdəki əksi, inikası idi.
Lakin heç də hər şey Tanrının xoş gününə təsadüf etməmişdi, uşaqlığımızın daha bir yadigarı sərhəd bölgələrində üzü Çəmbərəkəndə tərəf tuşlanmış qara lülələrin arxsındakı sarışın rəngli, gülər üzlü, həyatda ikən haqqında əfsanələr dolaşan Aznaurov idi. Topçu İsgəndər Fərqanə vadisindən SSRİ “KQB”-sinin saldığı ixtişaşlar nəticəsində ortaya çıxan “poqrom”da qaçqın düşən yüz min axıska türkündən biri idi.
Artilleriyanın Tanrısının hər zərbəsi bütün ölkədə qələbə ruhunu yaradır, Başkənddə azadlıq yelləri əsdirir, yüzlərlə könüllünün şəhadətinə qədər gözqırpmadan davam edən savaşın şərtlərini müəyyən edirdi. Stalinin Özbəkistana – ölümə sürgün etdiyi axıska türklərini bu dəfə SSRİ kəşfiyyatı başqa bir ölüm düşərgələrinə qovur, bizim İsgəndər də Fərqanədən Gədəbəyə artıq türkün bütöv ruhunun təcəllisi uğrunda savaşa qatılmağa qərar vermişdi.
Mən, Tanrının qulu Teymur…
Nə dizli qaldı önündə, nə diz çökməyən,
Nə boylu qaldı, boyun əyməyən,
Nə zəkasıyla baş edilə bildi, nə qılıcıyla,
Biləyinə dayanmadı, savaş meydanları,
Ağlına qarşı durammadı, qala qapıları,
Adı Teymur namı, Sahipqıran
Barlas qəbiləsinin parlaq siması Tamerlanın – Əmir Teymurun dünya xəritəsinə çıxması XIV əsr dünyasını yenidən şəkilləndirməyə başladı.
Müasir İran, Azərbaycan, Gürcüstan və demək olar ki, bütün Qafqazı, Əfqanıstanı, Orta Asiyanın böyük hissəsini, həm də çağdaş Pakistan, Mesopotamiya və Anadolunun bir hissəsini idarə etməyə başladı.
Teymurun Azərbaycanla bağlı xatirəsi əfsanəyə görə həmişə belə başlardı: Bir gün Teymur Azərbaycana hücum eləyir. Gəlib bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, “Ağrıdağdır”. Teymur bir də soruşur ki, “Bu çay hansı çaydır?” Vəzir isə cavabında “Əyriçaydır, şah sağ olsun” deyir. Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, Qibleyi-aləm, “Oğrukənddi”. Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: “Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur”.
Ciddi faktaloji əsas isə, əlbəttə ki, bu deyildi.
Teymurun dövlətini imperiya edən də Azərbaycan idi, dövlətin artıq Teymur igidliyindən və istedadında qalan yalnız quruca adı idi ki, onu da Ağqoyunlu Uzun Həsən Əbu Səidi məğlub edərək, tarix çərçivəsindən qoparıb atmışdı.
Teymur o qədər güclü idi ki, Çinin bir hissəsini böyük olduğu üçün çatdırıb, fəth edə bilmədiyi kimi bütün Azərbaycanın da ürəyini – Əlincə qalasını fəth etməyə qlobal iradəsinin imkanları belə çatmamışdı və Azərbaycan onun qəlbindəki ox kimi hər dəfəsində daha da dərinə işləməkdə idi.
“Qarabağa, Şirvanşahın ərazisinə daxil olan Dərbənddən keçərək Dəşt-i Qıpçağa gedən əmir Teymurun görüşünə gələn İbrahimin davranışı barədə məlumat verilir. Ərəbşah və Cənnabinin məlumatına görə, İbrahim bundan əvvəl özünün ən inanılmış adamı – böyük vəzir qazı Əbu Yəzidlə məşvərət etmiş və o, Şirvanşaha qaçıb dağlarda gizlənməyi məsləhət görmüşdü. Lakin Şeyx İbrahim təhlükəyə qarşı getməyi qərara aldı. O, Teymurun adına xütbə oxunmasını və sikkə kəsilməsini əmr etdi və itaətini bildirmək üçün bahalı hədiyyələrlə Teymurun qərargahına yollandı. O monqol hökmdarlarında dəbdə olduğu kimi, hər hədiyyədən doqquz ədəd təqdim etdi. Lakin yalnız səkkiz qul bağışladı və bildirdi ki, “doqquzuncu mən özüməm”.
Bu, Teymurun çox xoşuna gəldi, İbrahimi oğlu adlandırıb ona fəxri paltar bağışladı, Şirvan və Şamaxının hakimi təyin edərək öz torpaqlarına qayıtmasına icazə verdi. İbrahimə hədsiz iltifat göstərən Teymur bəzi mülkləri də onun torpaqlarına qatdı və öz xələflərinə Şirvanşahın övladlarının əmin-amanlığının təmin olunmasını vəsiyyət edən fərman verdi. İbrahimin müdrik siyasəti Şirvanı viran olmaqdan və fəlakətdən xilas etdi.
Teymurun vassalı olan İbrahim onun adından sikkə kəsdirirdi. XIV əsrin sonlarında Şirvanın bir sıra şəhərlərinin – Bakının, Dərbəndin, Şamaxının, Güştəsbinin zərbxanalarında Teymurun adından sikkə zərb olunurdu”.
Əliyev Cavid Əfəndiyə, Cavid Əfəndi isə Əmir Teymura necə heykəl qoydu?
Teymurun ölümündən 600 il sonra Sahibqıranın yurdu, bizim ölkə yüzillik işğaldan sonra yeni bir yüzillik işğal altına düşməyə hazırlaşırdı.
Bəlkə əsrlər vəfa etsə, Teymur min il yaşasa, görərdi ki, vaxtilə Toxtamışı məğlub etməklə, öz xalqının gələcəkdə yaşayacağı məşəqqətlərinin əsasını qoymuş, əsrlərə sığışan Çar işğalına vəsilə olmuş və dünyanın ən qürurlu xalqlarından olan özbəkləri və Azərbaycan türklərinin mənəvi dünyasını məhv etmiş, onlardan müti toplum formalaşdırmağa nail olmuşdular. Çünki imperiyanın tarix kitabları tamamilə Teymura nifrətlə dolu idi, onun işğalçı, tiran, qaniçən obrazı xüsusi inversiyalarla təsvir edilir, xalqların etnik yaddaşını korlaşdırırdılar.
1925-ci ildə rusların yüz illərə dayanan anti – Teymur ideologiyasının qarşısında qələmi və vicdanı ilə Cavid Əfəndi adlı bir müəllim çıxdı.
Hüseyn Cavid “Topal Teymur” dramı ilə rusların təbliğat maşınını sındırmış, onların bürokratik aparatının on illər boyu formalaşdırdığı ideologiyasını hüsrana uğratmış, Əmir Teymurun türk kimliyini, tarixi rolunu, şəxsiyyətini, nəhəngliyini olduğu kimi bütün qırmızı imperiyaya sübut etmişdi. Bu böyük şəxsiyyət öz həyatını başqa bir böyük şəxsiyyətin obyektiv həqiqətlərinin eşidilməsi naminə qurban vermişdi.
Bozqırdakı ən güclü türk haqqında Hindistan film çəkərkən, Azərbaycan SSRİ-nin kinematoqrafçıları Hüseyn Cavidə müraciət etmiş, yalnız 1983-cü ildə onun haqda televiziya tamaşası çəkməyə nail olmuşdular.
Özbəkistan və Azərbaycan öz tarixi reallıqlarına Teymur üzərindən pərdə götürülməklə, Azərbaycanın ümumilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavid Əfəndinin sümüklərinin Sibirin qarlı kimsəsiz çöllərindən gətirilib, ölkəsində dövlət tədbiri ilə dəfn edilməsiylə qovuşurdu. Cavid də, Teymur da, Əliyev də min illər boyu öz düsturunu dəyişməyəcək həqiqət sayəsində qalib gəlmişdilər, Əliyev Cavid Əfəndiyə, Cavid Əfəndi isə Əmir Teymura möhtəşəm abidə ucaltmışdı.
Sovetlərin və çarların amansız basqısıyla milli kimliyini itirmiş özbəklər üçün Hüseyn Cavid ölməzlik və nəhənglik salnaməsi qura bilmiş, barlasların tarixin tozlu səhifələri altında qalan milli kimliklərinin üstünü təmizləyərək, onlar üçün yeni bir mayak qura bilmişdi…
Günümüzün reallıqları ilə iç-içə yaşayan toplumuq. Anlıq xəbərlər, situativ hadisələr, sürətləndirilmiş ömür, pandemiyalar, müharibələr, sosial şəbəkələr, ömrü üç-beş dəqiqəlik olan xəbərlər və bir anda gəlib keçən həyat karvanı.
- “İçərişçəhər”in qırx pilləkənini asta-asta düşürəm, qulaqcıqda ana laylası qədər şirin və doğma bir səs eşidilir: “Çayxana”, Fərrux Zakirovun ifası ötən əsrin 80-ci illərində ”Yalla” ilə yaratdığı fırtına uşaq yaddaşımı təzələyir – “На востоке” – Şərqdə, “Что за жизнь без чайханы?”, “Çay?” Çin, Əmir Teymur? Şərqi Çinin fəthi?
Yoxsa Əlibala Hacızadənin gündəliklərindən, romanlarından boylanan həyatın bənzəri, “МАРШАЛ – САЛАМ, БАЧА” deyib, hayqırdığı – əfqan savaşında on minlərlə özbək kimliyi daşıyıb, həlak olanların hayqırtıları?
Yox, bu başqa səhifə olmalıdır, üçlük ritmlərin, muğamın, Buxaranın, Daşkəndin, Xivənin, Xarəzmin, araxçının, Teymurun şanlı səhifəsi.
Azərbaycanlı gəncin yaratdığı Özbəkistan
Tarixin vərəqlərini çeviririk – bitmir, hər səhifəsində Azərbaycan – Özbəkistan sevgisi, hekayələri insanı sonsuz hisslər qərq edir.
Ötən əsrin əvvəllərində hər evində saz, hər evdə aşıq olan Qazax bölgəsinin tanınmış həkimlərindən birinin Ağdaşda dünyaya gələn Maqsud adlı övladı Hüseyn Cavidin, Şaiqin, Nərimanovun təsiri ilə millətçi fikirlərlə silahlanır. Ölkənin bolşeviklər tərəfindən işğalına qarşı düşüncələrini itiləşdirir və amansız repressiyalara qarşı, Stalinizmə qarşı qafa tutmağa can atır. Bu gənc oğlan Dərbəndin RSFSR tərkibinə qatılmasına etiraz edir, həbsə atılır, sürgünə göndərilir və ona bir daha Qafqaza gedə bilməsi qadağan edilir.
Maqsud Şeyxzadə Teymur idi, sözün tam mənasında özbək tarixini yazırdı, bu ölkənin dramaturgiyasının əsasını qoymuşdu, ay türkcəsində özbəklər üçün bir-birindən möhtəşəm əsərlər yaradaraq, onların gələcək müstəqilliklərinin ideoloji əsaslarını yaradırdı.
Dünyanın bir nömrəli casusu Ruzi Nazar və Məhəmməd Əmin Rəsulzadə
1917- ci ilin 1 yanvar günü, Margilanda, Fərqanə vadisinin tam ortasında ipək taciri Cəmşid Umirzaqoğlunun ailəsində dünyaya bir uşaq göz açır.
Adını Ruzi qoyurlar. Ruzinin ata tərəfi yüz illər boyunca Orta Asiyanı dünyaya bağlayan ipək ticarətinin əsas təşkilatçıları kimi dünyada baş verənləri birbaşa görmüş, nəticə çıxarmış və ən əsası düzgün istiqamət götürə bilmiş insanlardan ibarət idi.
Ana tərəfi Teymurdan gələn qürurlu özbək (Bax: Türküstan millətçiliyi – müəllif.) millətçilərinin qızı, Hokand xanlığından olan, o dövr üçün rus işğalına qarşı ideyaverici rol oynayan Cədidizmə (Rus işğalına qarşı milli və müasirləşmə yolu ilə mübarizə üsulu) tapınan Tacünnisa idi.
Bu mübariz və savadlı qadın oğlu Nazara 10 yaşına kimi ərəb, fars və rus dilini öyrətməklə qalmadı, bu dillərdə yazılmış məşhur ədəbi əsərləri orijinalda da oxuda bildi.
Amma Nazarın həyatında baş verən bir hadisə ilə onun, o isə dünyanın taleyini dəyişmiş olur.
Qırmızı imperiyanın işğalına məruz qalan Türküstan və onun ideoloji mərkəzi Fərqanə (Bura siyasi və dini əsasına görə millətçi və dinçi qüvvələrin birgə, amma fərqli fəaliyyət göstərdiyi yer idi. Radikal islamçılıq Şərqə, türk millətçiliyi isə türk ölkələrinə istiqamətlənən formada inkişaf edirdi – red.) əks-inqilabın əsas mərkəzinə çevirilir.
Burda sovetlərə 10 il köks ötdürən basmaçılar, Mustafa Çokay, Zəki Vəlidi Togan (Lenin bu şəxsi Validov olaraq rus kimi tanıyıbmış – red.) Nazarın inkişafında misilsiz pay sahibi olurlar.
I Dünya müharibəsinin gedişi sırasında mövqelərini itirmiş və qarşıdurmanı inqilab səbəbilə separat sülhə imza atmaqla tərk etmiş Rusiyanın yerini Orta Asiyada ingilis dərin dövləti almaqda idi. Ona görə də burda dini və milli qüvvələrin dəstəklənməsi qazanılmış Əfqanıstanın yanında itirilmiş Türküstanı əldə etməsinə hesablanmışdı.
Belə bir zamanda Nazarın böyük qardaşı Yoldaş Kari millətçilərə qoşulduğu iddiası ilə Sovetlər tərəfindən edam edilir.
Bu hadisə 10 yaşlı Nazarın həyatını 180 dərəcə dəyişir.
Atası onun müasir düşüncələrə sahib olması üçün Liseyə göndərir. Ardınca Daşkənd Universitetinin iqtisadiyyat ixtisasına daxil olur, paralel olaraq gecə məktəbində kimya dərsi alır. Özbəkistan Kommunist Partiyasının Gənclər Təşkilatına daxil olsa da, millətçiliyinə görə tezliklə partiyadan çıxarılır.
Moskvaya səyahət edir, orda da təkrar partiyaya üzv olmaqla bağlı istəyinə nail ola bilir.
XX əsrin tozlu 30-cu illəri gənc Nazarın gözü önündə kino lenti kimi keçir. SSRİ-ni qurmuş “Kəmik Kadro” repressiya edilir, inqilab əvvəlcə öz uşaqlarını yeməyə başlayır.
Amma nə dünya, nə SSRİ fərqində olmur ki, bu yaşananlar zamanında tayı-barabəri olmayacaq bir agent doğurur, Soyuq Müharibənin ən gizli üzü, casus savaşlarının vazkeçilməz kilid adamı, özbək millətçiliyinin, türkçülüyün ən xas ideoloqu, minlərlə əks-kəşfiyyat, kəşfiyyat, diversiya aktlarının müəllifi, dünyanın ən böyük ölkəsinə qafa tutanı…
- “İndi oxuyacağınız fövqəladə casusun birnəfəsə oxuyub bitirəcəyiniz həyat hekayəsi deyil. Bu həm də Qızıl Orduda başlayıb, faşistlərlə çiyin-çiyinə vuruşan, nəhayət Amrikan kəşfiyyat oqranı CİA–da başa çatan 50 illik macəra deyil. Bu, həm də türkçü və islamçı cərəyanların dünyadakı güclər tərəfindən necə alət olaraq istifadə edilməsidir”.
98 yaşında Türkiyədə dünyaya göz yuman Nazar haqda yazan məşhur türk araşdırmaçısı Murad Yetkin onun haqda belə də yazıb.
Amma o da təəssüf edir ki, dünyada soyuq müharibədən qalan sonuncu mogikan da getdi. Sadəcə izsiz, məhdud informasiya ilə bizə dövrün qalmaqallarını qəzetlərdə oxuyacağımız qədər imkan verdi.
1954-cu ilin Məkkəsi, bir Həcc ziyarəti günü.
SSRİ-də Stalin vəfat etmiş, dəmir pərdənin yırtıqlarından düşən işıq şüaları mənzərənin qorxunc və kabus dolu olduğunu göstərir.
Xruşşovun dünyada müsbət imic qazanmaq naminə vitrinə çıxartdığı təbliğat maşını elan edir ki, SSRİ ərazisində Həccə getmək istəyənlərə icazə verilir.
- Moskvadan 21 hacı namizədi, hamısı da kommunist Məkkəyə getmək üçün yola çıxır. Uzun məsafə, Səudiyyəyə varanda, avtobusa daha iki türk – qıyıqgöz özbək də minir. Bir an sonra bu iki şəxs avtobusdakıların üstünə yüyürür ki, siz hacı deyilsiniz, sovet casuslarısınız.
Çürük pomidorlarla, təhqiramiz şüarlarla onları Məkkəyə qədər müşayiət edən ikilinin əsas məqsədi baş tutur: Soyuq Savaşda bütün qərb qəzetlərinin SSRİ-ni rüsvay edən təbliğat maşını ustalıqla işini görə bilir.
Təkcə “Taym” qəzeti bununla bağlı 250 min yazı dərc edir, hamısında da məzmun eyni idi: SSRİ-dən gələn hacı namizədləri mövcud rejimə üsyan edir, geri dönməmək üçün çalışırlar.
Bu böyük müharibə savaşının müəllifi, ssenaristi və hətta icraedicisi Nazar özü idi. Baş roldakı Oskarlıq oyunu SSRİ-ni rəzil duruma salmış və o bir daha müstəqil Türküstan qurmaq üçün Stalin, Hitler, Çörçil, Ruzvelt arasında oynamaq məcburiyyətində qalmışdı.
Hörümçək toru kimi atdığı ilmələr kimlərə gedib çıxmırdı ki…
Alparslan Türkeş, Məhəmmədəmin Rəsulzadə və s…
1941-ci ildə müharibəyə topçu kimi alınan Ruzi Nazar Ukrayna cəbhəsində savaşarkən bir qızla tanış olur. Rus düşmənçiliyinə yuvarlanmış ukrayna millətçilərindən birininin qızına vurulur. Bessarabiyada yaralanan Ruzini qaynatası müalicəyə götürür, sağaldıqdan sonra isə şəxsən özü almanlara təqdim edir:
İlk dəfə faşistlərin etnik azlıqlardan legion qurduğunu da burda öyrənir. Bu legionların əli ilə arxa cəbhə açmaq və SRRİ-ni içindən parçalamaq niyyəti əsas idi.
Türküstan legionunun plan müəllifi və cavabdehi Reyinxard Gehlen Qafqaz və Orta Asiya üzrə strateq idi.
Bu hadisələrin gedişində Türkiyənin Almaniyadakı səfiri Xosrov Geredenin alman xarici işlər nazirinin məsləhətçisi Ernst Von Veizsakerlə görüşləri mühüm səciyyə daşıyırdı.
Bu ikilinin görüşü nəticəsində almanlara əsir düşən minlərlə azərbaycanlı lülənin ucundan qurtuldu və yaşamağa davam edə bildi.
Səfir Xosrov Gerede Kazım Qarabəkir Paşa ilə Naxçıvanda və Nuru Paşa ilə Gəncədə, Bakıda olmuş vahid türk dünyası ideyasının tərəfdarlarından idi.
Səfir Veizsakerin yardımı ilə 20 avqust 1941-ci ildə Prussiya cəbhəsinin qərargahında Ribbentropla görüşür.
O, görüş haqda xatirələrində yazırdı: “Alman dostlarıma əsir düşmüş türk kökənli hərbçilərin sağ qalmasını təklif etdim, əvəzində onlardan kəşfiyyatda istifadə etmək olardı. Daha sonra izah etdim ki, Avropaya sığınmış məşhur türk kökənli siyasətçiləri Almaniyaya çağırıb bu əsirlərlə görüşdürmək lazımdır.
Xüsusilə bu adamların üzərindən təbliğatın qurulmasında israr etdim: Kırımlı Cəfər Bəy və 1918-20-ci illərdə Azərbaycan Demokratik Cumhuriyyətinin qurucusu olmuş Rəsulzadənin…
(Bu diplomatik trafikdə görünməyən üzün əsas siması Nazar idi).
Bu haqda Türkiyəyə gedib Baş nazirdən belə xahiş etdim ki, onların Berlinə aparılmasını təmin etsinlər.
Bu addım nəticəsində minlərlə türk ölümdən qurtula bildi.
Dövlət tərəfindən Türkiyə Almaniyada səfir Gere vasitəsilə, özəl olaraq isə Bakı fatehi Nuru paşa ilə təmsil olunmağa başladı.
Nuru paşa Qafqazın idarə olunması və fəthi ilə bağlı öz layihəsini təqdim etdi:
Türkiyə tərəfsiz oduğundan Almaniya tərəfindən amansız təzyiq başladı:
İki türk hərbçisi “Müharibəyə qoşularsa, Türkiyə nə qazanacaq” sualı ilə Berlinə getdi.
Səfərdən sonra məlum oldu ki, almanlar türklərə yəhudilər kimi aşağı irq olaraq baxır və əsas da müharibədə ətdən divar hörmək üçün istifadə etməyə çalışır.
Türkiyənin isə Rəsulzadə daxil türkçü dövlət xadimlərindən istədiyi Kırım və türk ölkələrinin azadlığı naminə fəaliyyət göstərmək idi.
Türk hərbçilərinin Berlindəki məlum görüşlərindən sonra azərbaycançı milli fikir tərəfdarları da parçalanır: Bi qismi nasistlərlə əməkdaşlığa gedir, digəri (Rəsulzadə daxil olan kəsim) Berlindən çıxarılır.
Bu haqda 1954-cü ildə Münhendə çap edilən Azərbaycan qəzetində qeyd edilir ki, almanlarla razılığa gəlməyən türk kökənlilər və əsirlər amansızlıqla edam edilir.
Razılığa gələnlər arasında yer alan Ruzi Nazar Rəsulzadədən tam dəstək ala bilmir, bu proseslər gedən vaxtda gücün yanında yer alan Nazar artıq alman hərbi forması geyib, leytenant rütbəsi almışdı.
Ən sirli türkün Türküstan davası
2010-cu ildə son dəfə Murad Yetkinə keçdiyi ömür yolu haqda qısaca belə demişdi: “Komminist olmadım, nasist heç olmadım, CİA ilə də bir şeyə görə əməkdaşlıq etdim, mənim davam Türküstan idi”.
Bu sırada Almaniya uduzmuş, alman kəşfiyyat şeflərindən olan Reynxard Gehlen 4 min agent ünvanı ilə ABŞ-a qaçmış, CİA-nın təməlini atmış – İşbirliyi üçün Rəsulzadəyə, Nazara dəvət göndərmiş – Çəkdirdiyi yeganə şəkildə də Bakını arxa fona salmışdı. Hədəf dəqiq idi, soyuq müharibə gedişində Xəzər dənizi, İran, İraq və Azərbaycanı ələ keçirmək.
Savaş Ruzini Münhenin kiçik bir qəsəbəsində yaxaladı, o sırada bu qıyıqgöz, şirindil və xüsusi istedada malik Nazar ABŞ komandirlərindən birinin qızı – Lindanın ürəyini ovlaya bilir.
ABŞ-la həyatını bağlayan Ruzi Nazar üçün Ruzveltin qohumu Arçibald yeni bir təklif verir:
CİA üçün 1951-ci ildən işləməyə başlayır.
CİA-nın İran şefi olan Arçibaldın başqa bir qohumu Kermit Nazarın xüsusi təklifləri ilə İranın baş naziri Müsəddiqi devirir.
Ruzi Nazar bu hadisədən düz bir il sonra Məkkə etirazı ilə dünyanı ayağa qaldıracaqdı.
Bu müddətdə Marşall yardımı ilə Türkiyə və Yunanıstan Qərb cəbhəsinə keçmiş, SSRİ-yə qarşı xüsusi ideoloji savaş vasitəsi rolunu oynayan Azad Avropa və Azadlıq Radioları fəaliyyətə başlamışdı.
Azadlığın ilk uzun dalğadakı verilişi Qafqaz üzrə Azərbaycan dilində efirə çıxdı. CİA Azərbaycanın məşhurlarını burda Nazarın əli ilə işə dəvət etsə də, Məhəmməd Kəngərli və ətrafı Ankara üçün çalışmaq yolunu seçdi. Berlində parçlanan Azərbaycan diasporunun əsas hissəsi Rəsulzadənin ətrafında yer almışdı. (Yazının davamı üçün: “Dünyanın bir nömrəli casusu Ruzi Nazar və Məhəmməd Əmin Rəsulzadə” başlıqlı axtarış vermək olar).
Özbəkistanda – anadır arzulara hər zaman Qarabağ
Dünya Gənc Türk Yazarlar Birliyi adında bir gənclik qurumu var: Tanrının verdiyi istedad sayəsində türk dünyasını hörümçək toru kimi hörməkdədirlər. Eyni dilin fellərinə söykənərək, anlaşırlar, düşünürlər, Turan qururlar, amma Turandan öncə ailə qururlar. Toy – qurultay, dövlət – ailə olur, artıq neçənci dostumuzdur ki, özbək xanımları ilə ailə qurur. Onlar təkcə nikaha daxil olmurlar, bir ulusun təməllərini atırlar, birləşdirirlər, qıyıqgözlü körpələri Xəzərin o tayından – bu tayına, bilmirəm, bəlkə də əslində babalarımızın gəlib-keçdiyi coğrafiyanın yolçularına çevrilirlər.
Bizi o qədər sevirlər ki, Yutub platformasına düşən “Qatar-qatar durnalardan, Yaşıl başlı sonalardan, Azərbaycan diyarından, Göy Xəzərin kənarından, Sizə salam, sizə salam gətirmişəm” deyən bir xalq qarşımıza çıxır. Nəvainin, Amu-Dəryanın dərinliklərindən boylanan sevgi seli ilə qucaqlaşırıq. Daha bir şərqini ərsəyə gətirirlər: “Anadır arzulara hər zaman Qarabağ”. Kimin arzusudur Qarabağ? Bizim, onların, yoxsa…
Heç bir “yoxsa”sı mövcud deyil ki. Qarabağ müharibəsindəki qələbəni özünükü hesab edən millətə nə demək olar ki? Səni də haqlı olaraq özlərininki hesab etməsinlər, nə etsinlər ki?
Və hər kəs bu fikri mütləq dəstəkləyərək təsdiq edir: Azərbaycana ən çox bənzəyən ölkə Özbəkistandır və ya özbəklərdir.
Əhalisinin 35 milyonu keçdiyi deyilən ölkənin iqtisadiyyatı,məsələn, resurs zənginliyinə görə 20 ilə Türkiyəyə çata biləcək səviyyədə hesab edilir.
Kərimovdan sonra qonşu ölkələrlə münaqişəli vəziyyətlər həlı edildi. Tacikstanla barışdılar, Qazaxıstanla inteqrasiyaya sürət gətirdilər. Almanların, yapon və koreyalıların iri konsernlərini dəvət edərək, ildə 150 mindən artıq avtomobil satmağa başladılar. Özbəklər İT sahəsində digər öncül ölkələr üçün də münbit biznes mühiti inşa etdilər. Rus bazarlarında əsas təminatçı gücə çevrilməyə başladılar. Cəmi dörd-beş il əvvəl rus əmək bazarının ucuz işçi qüvvəsi olan özbəkləri bu gün rusları öz şirkətlərində yüksək məhsuldarlığı olmadıqları üçün işə qəbul etmirlər.
Bir ulusun çöküşü
Türküstan işğalının 157-ci ilinə qədəm qoydu. 1865-ci ildə Çar Rusiyasının ordusu Türküstan ərazisinə ilk hücumları başlayır, o gündən başlayaraq Türküstan xalqlarının əvvəlcə çar Rusiyasına, sonra isə Sovet Rusiyasına qarşı istiqlal mübarizəsi 1990-cı illərə qədər davam edir.
İmam Buxari, İmam Tirmizi, Uluq bəy və Biruni kimi alimlərin vətəni olan Türküstan Teymur və Moğol dövlətlərinin süqutundan sonra böyük tənəzzül və parçalanma dövrünə qədəm qoydu. Türküstan bir-biriylə savaş edən Buxara, Kokand və Xivə xanlıqlarına bölündü. İkinci Dünya Müharibəsindən dərhal sonra Stalinlə Mao arasında bağlanan müqavilə ilə Türküstan Şərqi Çinə verildi. O gündən etibarən Şərqi Türküstan xalqı Çinin böyük soyqırım siyasətinə məruz qalmağa davam edir.
Yerli xanlıqlar isə öz aralarında razılığa gələ bilməsələr də, türküstanlılar rus işğalçılarına bacardıqları qədər müqavimət göstərirdilər.
Say və silah-sursat baxımından üstün olan ruslar Türküstan şəhərlərini bir-bir ələ keçirdilər. Nəhayət, Buxara əmirliyi öz formal mövcudluğunu saxlasa da, əmir özü rus zabiti vəzifəsində 1920-ci illərə qədər rusların xidmətində qalır.
Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dövründə (1917-1991) Türküstan xalqları Moskva kommunist rejiminin assimilyasiya siyasətinə məruz qalmışdılar. Kollektivləşdirmə adı altında ruslar bu bölgədə daha bir qırğın törətdilər. Bu dövrdə döyüşkən əhalinin 50 faizi öldürüldü, 40 milyona yaxın at və digər heyvanlar tələf oldu.
Biz təxminən, tarixin Azərbaycan – Özbəkistan səhifələrinə, alt qatda yerləşən sosial-etnik, mədəni, ideoloji və müxtəlifyönlü bağlarına diqqət yetirdik. Məhz ona görə geniş formada yazmalı və təhlil etməli olduq ki, günümüzdə əksəriyyət Özbəkistanın Azərbaycan sevgisinin yüksək müstəvidə qərarlaşmasını qəribə bir təəccüblə qarşıladılar. Amma buna ehtiyac olmadığını göstərmək üçün ən fərqli formalarda münasibətlər tablosunu təsvir etməyə çalışdıq.
Əsas məsələ Azərbaycan Prezidentinin bu günlərdə böyük səs-küy yaradan səfərinin motivlərini, köklərərini aşkara çıxarmaq, təhlil etmək idi.
Əliyevin Turan hədəfi
Daşkənd aeroportundan başlayan 24 saatlıq Türküstan səfərinə keçməmişdən əvvəl deyim ki, çox az müddət öncə sosial şəbəkə dostlarımızın travel-blogger kimi Özbəkistan səfərlərini izləyirdik. Daşkənddən, Buxaradan, Səmərqənddən gələn fotolarda Teymur yurdunun əzəməti, geyimlərinin gözəlliyi, insanlarının sevgisi aşkar görünürdü. Məhz belə bir aurada Daşkənd hava limanında düzülmüş nümayəndə heyəti qarşıladıqları şəxsin müşayiətinə elə bir səfər kolonu ilə çıxmışdılar ki, bütün Daşkənd çevrilib izləyir, yolboyunca bayraqlar dalğalanır, prezident Mirziyoyevin nurlu simasında böyük məhəbbət hiss edilir, Əliyevə sarılırdı.
Bəs detallar nə idi?
- İlk dəfə idi Özbəkistan bir xarici qonağı bu səviyyədə qarşılayırdı. Özbəkistan xalqı heç vaxt dövlət səviyyəsində qardaşların bu qədər yaxınlığını görməmişdi.
- Mirziyoyevin “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” sözlərini təkar etməsi Qarabağ Özbəkistandır – Özbəkistan və Azərbaycan = Turandır demək idi.
- Mirziyoyev ən müqəddəs sözlərini ulu öndər Heydər Əliyevin barelyefi önündə deməsi Əliyevin özbək dünyasına qoyduğu abidə önündə sərgilədiyi Tanrı dağları strategiyasının bir istiqaməti idi.
- Mirziyoyev türk adı ilə dünyaya, Qarabağ adı ilə bölgəyə, Azərbaycan adı ilə türk dünyasına mesaj verir, ideoloji təməllər atırdı.
Əvvəlcə rusca başlayan dialoq dili feillərin də köməyi ilə qısa bir mükalimədən sonra vahid dilə çevrildi.
Ev sahibinin “Heydər Əliyev böyük Səməd Vurğunun ölməz misralarını tez-tez təkrarlayardı: “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”. Buna görə də Heydər Əliyevin adı və obrazı bütün dünyada Azərbaycan xalqına xas olan bütün xeyirxah və nəcib keyfiyyətlərin rəmzi kimi qəbul edilir”. İfadəsi ortaq dəyərlərə, keçmişə vurğu qoymaq üçün deyildi, gələcəyə qoyulan investisiya üçün mənbə idi.
Heydər Əliyev haqda “Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi”. Sözlərinin kökündəki məna Qarabağın azadlığına sahib çıxmaq, bunu tanımaq və Ermənistanın, arxasındakı işğlaçı güclərin də kimliyini bildiklərinin izharıydı. Hörmətli Şavkat Miromonoviç son olaraq deyirdi: “Bu gün Özbəkistanın bütün sakinləri, bütün xalq Sizi gözləyir. Fikrimcə, bu səfər həqiqətən tarixi səfər olacaq. Əlbəttə, bu gün biz hər şey haqqında söhbət edəcəyik. Bu, bizim qarşılıqlı münasibətlərimizə böyük təkan verəcək və gələcəkdə biz öz münasibətlərimizi tamamilə başqa səviyyəyə çatdıracağıq, ona görə ki, biz buna çoxdan hazırlaşırdıq. Cənab Prezident, Özbəkistana xoş gəlmisiniz”.
Azərbaycanla Özbəkistan yeni bir yol almağa qərar verdi:
Bu yol Əliyevin Tanrı dağları konsepsiyasıdır – Tanrı dağları – türkün əzəldən gəldiyi coğrafiyanın simvolu, mədəniyyətin adı, milli kimliyi, qardaşlıq əlaqələri, dar gündə yanında olmaq, eyni dilə, eyni ideologiyaya sahib olmaq və eyni qayğıları yeri gəldikdə Azərbaycan kimi “Dəmir Yumruq”la babalarımız kimi, Mete kimi, Teymur kimi, Əfşar kimi, Atatürk kimi, elə Əliyev kimi kökündən həll etməklə, Orta Asiya üçün də “Dəmir Yumruq” nümunəsini öyrətməkdir. Könül körpüləri üzərində, vahid səma altında paramparça edilmiş Turan ellərinin birləşdirilməsinin sıxılmış əllərlə davam etdirilməsidir.
Bakıdan – Daşkəndə, ordan Aşqabada, ordan Ankaraya, ordan düşüncələrinin sərhəd tanımadığı bütün türk yurtlarına uzanan yoldur bu düşüncənin adı.
Artıq Tanrı dağları konsepsiyası nə əfsanədir, nə də unudulmuş tarixdir. Zəncirin bir həlqəsini Əliyev qərbdə – Zəngəzurda bənd elədi, sancağın digər ucu Daşkəndə sancıldı – bir də başqa panorama ilə bu iki detala baxaq: Zəngəzurdan – Daşkəndə və Özbəkistandan Şərqə.
Nə mutlu, Türkəm deyənə.
Əziz Əlibəyli,
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri