22 Fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi, bütün dünyada sensasiya yaratdı. Təbii ki, dünyanın bir sıra aparıcı dövlətləri müharibənin davam etdirilməsində maraqlı olsalar da, digər qismi isə sonlandırılmasında maraqlı görünürdülər. Müharibənin gedişatı dövründə Azəbaycan Ukraynaya bir neçə dəfə humanitar yardım yardım göstərdi. Əlbəttə ki, üç ilə yaxındır davam edən bu müharibənin təkcə Rusiya və Ukraynaya deyil, eyni zamanda Qərbə və Şərqə ciddi təsirlərinin olduğunu vurğulamaq mümkündür ki, burada Cənubi Qafqazı istisna etmək olmaz.
Son iyirmi il ərzində Cənubi Qafqaz bölgəsində demək olar ki, Rusiyanın təsir imkanları daha çox hiss edilib. Buna görə demək olar ki, Qərbin burada hər hansı bir ciddi aktivliyini müşahidə etməmişik. Amma indi görünür ki, müharibə başlayandan sonra vəziyyət ciddi şəkildə dəyişir. Artıq postsovet məkanında, həm bizim bölgədə, həm də Orta Asiyada Qərbin daha aktiv siyasətini müşahidə edirik. Müharibə başlayan gündən Ukraynaya verilən maddi və mənəvi dəstəyi hamımız bilirik. Həm də onu görürük ki, müharibənin ilk günlərindən Rusiyaya qarşı isə sanksiyalar və təcrid olunmaq siyasəti yürüdülür. Buradan belə qənaətə gəlmək olar ki, Rusiya daha çox təcrid olunacaqsa, sanksiyalar daha ciddi şəkildə Rusiyanın daxilində iqtisadiyyatına, siyasətinə dağıdıcı təsir edərsə, sözsüz ki, Cənubi Qafqaz bölgəsində Rusiyanın təsir imkanları azalar.
Fikrimcə, bu savaşın təsirlərini Cənubi Qafqaz üçün belə proqnozlaşdırmaq olar. Əgər Rusiya üstünlük qurub müharibəni qazana bilsə, onun Cənubi Qafqaza təsirləri daha da artar. Əks təqdirdə, onun regionda nüfuzu daha da zəifləyəcək. Yəni, Ukraynanın qalib gəlməsi, bu vəziyyəti tamam fərqli istiqamətə yönəldə bilər.
Hesab edirəm ki, Azərbaycan Respublikası diplomatik cəhətdən də bu məsələni düzgün qiymətləndirməlidir. Biz hər iki tərəflə münasibəti yaxşı istiqamətdə saxlamağı bacarmalıyıq. Hansı tərəfin qalib olmasından asılı olmayaraq, Cənubi Qafqazda öz yerimizi və nüfuzumuzu qoruyub saxlamaq lazımdır. Azərbaycan Cənubi Qafqazda öz sözünü deyən, burada başlıca rol oynayan ölkədir.
Kərimov Üzeyir
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi