İranın xarici işlər naziri Abbas Araqçı BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığı zamanı bildirib ki, İsrail İranın raket zərbələrinə qarşılıq verərsə, Tehran “həlledici və peşimanlıq verən” zərbə ilə cavab verməyə tam hazırdır.
“İran regionun sülh və sabitliyinin qorunması üçün bütün səylərini əsirgəməməklə yanaşı, istənilən avantürizmə qarşı həlledici və peşimanlıq doğuran cavab verməyə tam hazırdır”, – Abbas Araqçı deyib.
Məlum olduğu kimi, İran oktyabrın 1-də HAMAS lideri İsmayıl Haniyənin və Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə raket atıb.
Əvvəl də dediyimiz kimi, Yaxın Şərqdə vəziyyət kifayət qədər gərgindir. İsrailin Livana zərbələr endirməsi, həmçinin Təl – Əvivlə Tehran arasında gərginliyin pik həddə çatması perspektivdə eskalasiyanın genişlənməsi ehtimalını artırır. Bu, İran üçün arzuolunan ssenari deyil.
Mövcud mənzərə onu deməyə əsas verir ki, Qərb dövlətləri Yaxın Şərqdə Şərqi Avropa ssenarisini təkrarlamaq istəyir. Ukrayna vasitəsi ilə Rusiyanı bataqlığa çəkən Qərb indi İsrailin əli ilə İranı savaşa sürükləmək niyyətindədir. Rəsmi Tehran bunu başa düşür və riskləri real qiymətləndirir. Ona görə də təmkinli, soyuqqanlı davranır.
İran mümkün qədər çalışır ki, özü bataqlığa çəkilmədən müharibə dayansın və beləliklə, təhlükəsizliyini təmin etsin. Bunun üçün bütün diplomatik vasitələrdən istifadə olunur. İranın digər ölkələrlə intensiv təmasları da bu baxımdan qiymətləndirilməlidir.
Fikrimizcə, A. Əraqçinin BMT baş katibi ilə telefon danışığı zamanı səsləndirdiyi fikirlər daha çox çəkindiriciliyə hesablanıb. İran belə bəyanatlarla bir növ İsraili hədələmək, qorxutmaq istəyir. Əslində Tehran Tel- Əvivlə müharibə aparmaq gücündə deyil. Əks halda çoxdan İsrailə güclü zərbələr endirərdi.
İran mümkün qədər çalışır ki, müsəlman dövlətlərini öz ətrafında birləşdirsin və mümkün təhdid qarşısında islam hümmətinin dəstəyini hiss etsin. Ancaq bu cəhdlərin nə qədər effektiv olacağı da sual altındadır.
Beləliklə, görünən odur ki, İranı qarşıda çətin günlər gözləyir.
Kənan Novruzov