ABŞ Prezidenti Donald Trampın son bəyanatı Vaşinqtonun Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsini işə salmağa hazır olduğunu göstərir. Ağ Ev açıq mesaj verir: Moskvanın iqtisadi dayaqları zəiflədilməli, Vladimir Putin isə danışıqlar masasına gətirilməlidir. Maliyyə naziri Skott Bessent də bu kursu təsdiqləyərək bildirib ki, ABŞ-ın təzyiq siyasəti yalnız Avropa İttifaqı ilə birlikdə gerçəkləşə bilər.

Brüssel isə artıq hərəkətə keçib. Avropa Komissiyası yeni sanksiyalar paketi üzərində məsləhətləşmələrə başlayıb. Bu dəfə gündəmdə ikinci dərəcəli tariflər var. Yəni, Rusiyadan enerji alan üçüncü ölkələr – Hindistan, Çin və hətta bəzi Avropa dövlətləri – hədəfə alına bilər. Lakin Aİ-də yekdillik asan məsələ deyil: Macarıstan, Slovakiya və Çexiya hələ də Rusiya neftindən asılı qalır. Beləliklə, ABŞ təzyiq rolunu, Aİ isə legitimlik funksiyasını üzərinə götürür, amma tam sinxronluq hələ də sual altındadır.

Rusiya iqtisadiyyatı isə ziddiyyətli mənzərə ortaya qoyur. 2025-ci ildə ölkə tam çöküşdən uzaqdır, lakin güclü təzyiq altındadır. BVF artım tempini 1.5–1.8% arasında proqnozlaşdırır, büdcə kəsiri isə 2.2%-ə çatıb. Rosneft 70%-lik qazanc itkisi açıqlayıb, neft gəlirləri 30% azalıb. Buna baxmayaraq, Moskva Çin, Hindistan və Türkiyə ilə endirimli enerji ticarəti hesabına “yaşama mexanizmini” saxlayır.

Regionda başqa proseslər də maraqlı dinamika yaradır. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mövzusu gündəmdədir.. Amma Paralel açılış ideyası – yəni hər iki tərəfin yox, üç tərəfin eyni vaxtda sərhədi açması – həm informativ üstünlük qazandırar bizə, həm də təzyiq mexanizminə çevrilər.

Hindistan isə Qərbin sanksiya strategiyasını zəiflədən əsas oyunçuya çevrilib. Rusiya neftinin ən böyük alıcılarından olan Yeni Dehli enerji idxalını 15% artırıb. Bu, Vaşinqton və Brüsselin planlarını çətinləşdirir. Daha da önəmlisi, Hindistan ŞƏT çərçivəsində Azərbaycanın tam üzvlüyünə qarşı çıxmaqla siyasi gedişlərini də açıq göstərir. Amma Çin prezidenti Si Cinpinin Bakıya verdiyi dəstək vəziyyəti balanslaşdırır. Pekin Azərbaycanın mövqelərini gücləndirməklə həm “qlobal Cənub” konsepsiyasını, həm də Rusiyanın ətrafında formalaşan alternativ blokun sərhədlərini genişləndirir.

ABŞ və Aİ Rusiyaya qarşı sinxron sanksiya siyasəti qurmaqla iqtisadi təzyiqi artıracaq, amma tez nəticə gözlənilmir.

Rusiya hələ də Asiya bazarları ilə nəfəs alır, lakin uzunmüddətli təcrid onun gücünü əhəmiyyətli dərəcədə zəiflədəcək.

Türkiyə-Ermənistan sərhədinin paralel açılışı regionda üstünlüyümüzü qoruyacaq.