İqtisadi artım, yoxsa inflyasiya?
Mərkəzi banklar daha çox ikinciyə üstünlük verir. İqtisadı öyrənmək ÜDM-dən başlanırsa niyə bəs inflyasiya?
Çin və Türkiyə üzərindən…
Əvvəla “niyə Türkiyə?” qeyri-müəyyənliyinə izah verim. 2022-ci ilin 2-ci yarısı üçün Türkiyə 7.6%-lik iqtisadi böyüməyə nail oldu ki, bu OECD (Sloveniyadan sonra) və G20 iqtisadiyyatları üzrə (Səudiyyə Ərəbistanından sonra) 2-ci yüksək göstərici demək idi. Bundan başqa, hökumət apardığı genişləndirici monetar strategiyanı məhz Çinin iqtisadi artım modeli ilə əlaqələndirir.
İqtisadi artıma münasibətə gəlincə, birincisi, çox yüksək və sürətli böyümə özü ilə həddən artıq qızma və “köpük” də gətirir (Eynilə 2008-ci ilə qədər və sonrakı ABŞ iqtisadiyyatı kimi). Sonra bu “köpük” partlayanda iqtisadiyyat nə qədər böyükdürsə, fəsadları da bir o qədər böyük olur. Son 7 ilə qədər, 25 illik bir dövrdə Çin iqtisadiyyatı 1980-ci illərdə islahata başladığı bataqlıqdan dünyanın ikinci böyük iqtisadiyyatı olmağa qədər irəlilədi. Ancaq, 2015-ci ilin fond bazarı təlatümləri fonunda iqtisadi artım son 25 ildə ilk dəfə yavaşladı. Son iki ildə isə Çin iqtisadiyyatın 25%-ni təşkil edən tikinti sektorundakı çöküş iqtisadiyyatı dərin uçuruma aparmaqla, həm də iqtisadi artımı dəstəkləmək stimulları yaratdı. Beləliklə, Çin 2015-ci ildən fasilə verdiyi iqtisadi artımın hədəflənməsi rejiminə yenidən qayıtdığını elan etdi. Bunun da fonunda hökumət faiz dəhlizi üçün yeni çərçivə cızaraq, əksər ölkələrdən fərqli olaraq hazırda ucuz pul-kredit siyasəti yürüdür.
İkincisi, iqtisadi artımın cəmiyyətin bütün təbəqələrini əhatə edərək alıcılıq qabiliyyəti və rifah yönümlü olmalıdır. Yəni böyümə özünü statistika ilə məhdudlaşdırmalı deyil, həmçinin gənclərin, tələbələrin, məzunların, iş həyatına qədəm qoyanların, təqaüdçülərin, minimum əmək haqqı alanların, yaşlıların, hətta biznesmenlərin belə inam və ümidi ilə ifadə edilməlidir. Bu məqamda, qeyd etmək lazımdır ki, Türkiyənin milli valyutası qısa müddət ərzində öz dəyərinin 4/5 hissəsini itirməyə məruz qaldı. Qısaca, ötən ildən saxladığımız 100 lirə real ifadədə hazırda 20 lirəyə bərabərdir. Bu da öz növbəsində, ölkədə kəskin gəlir bərabərsizliyinə gətirib çıxardı.
Və bu inflyasiyanın gətirdiyi digər mühim məqam ondan ibarətdir ki, son 5 il ərzində həm Türkiyə, həm də Çinin iqtisadi böyüməsinin median səviyyəsi demək olar ki bərabər olub (6.3%). Halbuki inflyasiya üzrə bu səviyyələr arasında kəskin fərqlər mövcuddur – müvafiq olaraq 16% və 2%. Göründüyü kimi, Çinin iqtisadi artımı stimullaşdırmaq üçün sahib olduğu dəhliz Türkiyəyə nisbətən daha genişdir.
Üçüncüsü, ucuz pul siyasəti fonunda Çin yuanının dollar qarşısında itirdiyi illik 7% dəyər özünü ölkənin ticarət artıqlığının 30%-dən çox artması ilə biruzə veribsə, lirənin son bir ildə dollar qarşısında itirdiyi 55%-lik dəyər ticarət kəsrinin 2 milyard dollardan 10 milyard dolların üzərinədək yüksəlməsinə səbəb olmuşdur.
Düşünürəm ki, hazırki dövrün ən böyük uduşlarından biri də, Azərbaycan iqtisadiyyatının ən böyük partnyorlarından olan bu ölkələrdə baş verənlərdən həm fürsət, həm də təcrübə kimi maksimum yararlanmaq ola bilər ancaq.
Pünhan Musayev