Bir müddət əvvəl orta məktəblərin birində şagirdlər arasında baş verən şiddət videosu bütün ölkədə gündəm oldu. Belə ki, Bakıda 112 saylı orta məktəbdə şagirdlərdən biri digərinə yumruq zərbələri ilə şiddət göstərərək onu videoya çəkib. Sonra bu video sosial şəbəkələrdə yayılıb. Əhalinin bu videoya münasibəti isə birmənalı deyildi. Belə ki, bir qism insanlar döyən uşağı, digərləri isə döyülən uşağı hədsiz dərəcədə qınadı. Bu, məktəblərdə indiyədək rastlaşdığımız ilk şiddət halı deyil. Bundan öncə də dəfələrlə müəllim və direktorla şagirdlər arasında və ya elə şagirdlərin özləri arasında baş verən şiddət halları ilə üzləşmişik. Mövzunun dəriniyinə getdikdə ortaya maraqlı suallar çıxır.
Bu suallarımızı psixoloq Aynur İskəndərovaya ünvanladıq. Aynur xanım hadisə ilə bağlı şərh verən zaman öncəliklə insanların məsələ ilə bağlı iki mövqeyə ayrılması haqda düşüncələrini bölüşdü. “Bu məsələ ilə bağlı fikir ayrılıqlarının olması, hadisəyə bir mənalı yanaşılmaması təbii haldır. Belə ki, bu yaş dövründə olan uşaqlarla işləmək çox çətindir. Kəskin fikir söyləyən bəzi insanlar ola bilsin ki, yeniyetmələrə psixoloji olaraq necə yanaşılmalı, necə davranılmalı olduğunu bilməyən insanlardır. Humanist yanaşan insanlar isə uşaqları anlaya bilən, yeniyetmə yaşlı övladı olan valideynlər, həmçinin psixoloqlar ola bilər.”
Şiddət göstərən şagirdin davranışlarının səbəbkarının ailə, yoxsa məktəbin olması ilə bağlı isə həmsöhbətimiz qeyd edib ki, əslində belə bir suala qəti şəkildə birmənalı cavab vermək olmaz: “Təbii ki, hər bir uşağın formalaşmasında əsas istiqaməti, yolu ailə verir. Ardınca bu prosesi məktəb öz öhdəliyinə götürür. Ona görə də bunların hər birinin müəyyən qədər rolu var. Lakin ümumi olaraq götürsək düşünürəm ki, cəmiyyət olaraq günahkarıq. Hər bir fərd düşünməlidir ki, gündəmimizdə hansı məsələlər müzakirə olunur? Bu məsələlər gənc nəslə, yeniyetmələrə nələr qatır? Onların psixologiyasına, davranışına necə təsir edir? Fikrimcə bu məsələdə, hər üç tərəf – həm ailə, həm məktəb, həm də cəmiyyət günahkardır”.
Şagirdlər arasında baş verən bu kimi hadisələrin qarşısını almaq barədə danışan müsahibimiz bildirib ki, bir çox məktəblərdə ciddi nəzarət var: “Həm məktəb rəhbərliyi, həm də məktəblinin dostu layihəsində iştirak edən könüllülər tərəfindən uşaqlara nəarət edirlər. Ancaq bu kimi hadisələrin qarşısını almaq üçün məktəb rəhbərliyi, eyni zamanda pedeqoji heyət nəzarəti daha da gücləndirməli, xüsusilə 5-9 -cu sinif şagirdlərini daha da diqqət mərkəzində saxlamalı, müəyyən maarifləndirici söhbətlər, tədbirlər təşkil etməlidir. Lakin bəzən elə hallar da olur ki, müəllimlər hadisədən xəbər tutan zaman kəskin və çox sərt reaksiyalar verirlər. Buna da yol vermək olmaz. Hər bir uşağın psixologiyasına uyğun, təklikdə hər biri ilə söhbət aparılmalıdır”.
Aynur xanım eyni zamanda bu tipli videoların çəkilib ictimaiyyətdə yayılması barədə də fikirlərini paylaşdı. “O uşağın təkcə aqressiya problemi olsaydı digər uşağı sadəcə döyməklə kifayətlənərdi. Lakin bu videonun çəkilib başqa insanlara göstərilməsi o uşağın eyni zamanda özünü sübut etməyə çalışdığını göstərir. Həmçinin bununla bağlı belə bir məsələ də ortaya çıxa bilər: yaxşı ki, telefon var, yaxşı ki, hadisə videoya çəkilib və ictimailəşib, yoxsa insanlar hadisədən necə xəbərdar olardı. Lakin fikrimcə, hadisə barədə yalnız məktəb rəhbərliyinin, valideynlər və sinif rəhbərliyinin xəbər tutması kifayətdir. Çünki bu tipli videoların ictimailəşməsi digər yeniyetmələri də belə hərəkətlər etməyə sövq edə bilər”.
Psixoloq yeniyetməlik dövründə olan şagirdlərin ümumi psixoloji vəziyyətinə nəzarət edilməsində məktəb psixoloqlarının öhdəliyinə düşən vəzifələr barədə danışanda isə dedi ki, təxminən 5-6 il öncədən bəri dövlət bu istiqamətdə müəyyən layihələr həyata keçirir: “Artıq məktəb psixoloqları 10 il bundan öncəki kimi deyil, onlar öz üzərində işləməyə, əllərindən gələni etməyə çalışırlar. Onların üzərinə düşən vəzifələr isə il ərzində onlara verilən fəaliyyət planında olan profilaktik, diaqnostik, maarifləndirmə, diaqnostik-korreksiya işlərini nəzərdən keçirib onları yerinə yetirməkdir. Eyni zamanda fəaliyyət planına işlədiyi məktəbdə hansı problemlər var, onları nəzərdən keçirib əlavə etmək lazımdır. Bullinq, aqressiya hallarının qarşısını almaq məqsədilə müəyyən profilaktik və maarifləndirici tədbirlər görülməlidir. Təxminən 4cü sinifdən başlayaraq uşaqlara bulliq, verbal bullinq, fiziki bullinq, zorakılıq və s. haqqında məlumat verilməlidir. Hadisə baş verdikdən sonra isə hadisə iştirakçıları ilə ayrı-ayrılıqda konsultasiya aparılmalı, ailələri ilə görüşüb onlara problemin həlli baərədə düzgün istiqamət verilməlidir. Həmçinin valideynlərin iştirak edə biləcəyi tədbirlər, iclaslar keçirməli, onlara yeniyetməlik yaş dövrünün psixoloji xüsusiyyətləri, onlarla necə davranmaq lazımdır kimi mövzularda məlumatlar verilməlidir.”
Röya Yusifbəyli, BDU Jurnalistika fakültəsinin tələbəsi