“Məktəblərdə tənəffüs vaxtlarının artırılması ilə bağlı təkliflər olsa, bu məsələyə baxıla bilər”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu məsələni məktəb rəhbərliyi ilə valideynlər tənzimləyə bilər:

“Əgər məktəb rəhbərliyi düşünürsə ki, bu məsələni tənzimləyə bilər, o zaman bununla bağlı məsələyə baxa bilərlər. Bu gün ölkədə məktəb saylarının çox olması birnövbəli əsasda həyata keçirilir”.



Məsələ ilə bağlı təhsil eksperti Nabatəli Qulamoğlunun fikirlərini öyrəndik.

Ekspert bildirib ki, təhsilin köklü, vacib məsələlərinə toxunmaq daha yaxşı olardı:


“Son zamanlar ümumiyyətlə təhsil naziri Emin Əmrullayev bir modul olaraq gündə bir bəyanatla çıxış edir. Bəyanatlarla gündəmdə qalmağa çalışır. Təbii ki, bunu tənqid məqsədi ilə demirəm. Amma, təhsilin köklü məsələləri qalır bir tərəfdə, elə məsələlərdən yapışır ki, onlar bəlkə də onuncu, on beşinci dərəcəli məsələlərdir.”

Ekspert sovet dönəmində tənəffüslərə ayrılan vaxt normasının qənaətbəxş olduğunu qeyd edib
:

“Tənəffüslərin Sovet vaxtından bəri formalaşmış norması var. Sovet dönəmində tənəffüslər 5 dəqiqə, ikinci dərsdən sonra isə 10 dəqiqə olardı. Bu çox geniş yayılmış və effektiv normadır.”

Ekspert, həmçinin tənəffüslərin vaxtının uzadılmasının şagirdlərin bilik əldə etməsinə mənfi təsir edəcəyini bildirib:

“Tutaq ki, tənəffüslərin vaxtı uzadıldı və hər tənəffüs 10 dəqiqə oldu. Hamımız bilirik ki, dövlət sektoru bilik vermir. Uşaqlar biliyi repetitorlardan alırlar. Uşaqlar tələsik dərsdən çıxıb repetitorların yanına qaçırlar. Birinci növbədə bu məsələ repetitorların fəaliyyətinə də əngəl olacaq. Beləliklə, uşaq bilik almaqdan yayınacaq. Buna görə hesab edirəm ki, bu doğru təklif deyil və özünü heç zaman doğrultmayacaq. Mən istəyərdim ki, Emin Əmrullayev təhsilin daha fundamental problemlərindən danışsın.”



Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun da fikirlərini öyrəndik.

Nabatəli Qulamoğludan fərqli olaraq o, tənəffüslərin vaxtının hazırda çox qısa olduğunu bildirib:

“İlk növbədə qeyd edim ki, tədrisin təşkilində istifadə olunan üsul və vasitələr bilavasitə tədrisin keyfiyyətinə təsir göstərir. Mövcud qaydalara görə hazırda Azərbaycanda dərslərarası tənəffüs 5, böyük tənəffüs isə 10 dəqiqədir. Bu bir çox hallarda məktəblərdə ikinövbəliliyin yaranmasına gətirib çıxarır. Şagirdlərin gün ərzində dərs prosesində iştirakının müddətini nəzərə alsaq, bu kifayət qədər az bir müddətdir. Şagirdlər və müəllimlər 5 dəqiqəlik tənəffüs ilə dalbadal 6-7 dərs prosesində olurlar. Belə olan halda günün sonunda onlarda yorğunluq özünü göstərəcək. Düşünün ki, siz 7  45 dəqiqə dərsdə olursuz və yalnız 5 dəqiqə fasilə verirsiz. Bu ciddi bir problemdir. Yaşlı müəllimlər üçün bu daha da ağır haldır.”

Ekspert məktəblərdə sıxlığın tənəffüs vaxtlarına yaratdığı problemlərə toxunub:

“Bilirsiz ki, hazırda məktəblərdə sıxlıq daha uzun müddətli tənəffüslərin təşkil olunmasına problem yaradır. Bu gün ölkədə 4432 orta ümumtəhsil məktəbi var və şagird sıxlığı ucbatından bunların əksəriyyəti Bakıda yerləşir. Bu məktəblərdə 2 hətta 3 növbəli dərslər təşkil olunub. Təbii ki, tənəffüs vaxtının uzadılması dərslərin gec saatlara qədər davam etməsinə gətirib çıxarır.”

Ekspert dünya təcrübəsindən istifadənin vacibliyini vurğulayıb:

“Dünyanın müxtəlif ölkələrində müəyyən üsullardan istifadə olunur. Dünya təcrübəsində bir sıra inkişaf etmiş ölkələrdə dərslər saat 9-da başlayıb 16:00 da bitir və gün ərzində 5 dərsdən çox dərs olmur. Orda kiçik tənəffüs 20, böyük tənəffüs 30 dəqiqə olur.  Bir sıra ölkələrdə 40, 50 dəqiqəyə qədər uzanan fasilələr var. Azərbaycanda şagird sıxlığını aradan qaldıra bilsək, bu sistemi yaratmaq mütləq olaraq mümkündür.”

Kamran Əsədov bildirib ki, mütləq  qaydaları dəyişmək lazımdır:


“Bu gün şagirdlər fasiləyə vaxt çatdıra bilmirlər. 5 dəqiqəyə sanitar qovşağa gedib təbii ehtiyaclarını belə ödəyə bilməzlər. Bu həmçinin müəllimlərə də aiddir. Hesab edirəm ki, qaydaları dəyişmək lazımdır. Minimum kiçik tənəffüs 10 dəqiqə, böyük tənəffüs 15 dəqiqə olmalıdır. Belə olarsa şagirdlər həm dərsdə əldə etdikləri bilikləri tam mənimsəyə bilərlər, həm də növbəti dərsə enerji ilə girərlər. Tələffüs vaxtının az olması təhsilin keyfiyyətinə mənfi təsir edən amil kimi qiymətləndirilə bilər. Biz burda böyük bir vaxt da itirmirik. Maksimum bir saat dərslərin vaxtı uzana bilər. Hesab edirəm ki, tənəffüslərin vaxtının uzadılması labüddür.”

Jalə Quliyeva, BDU jurnalistika fakültəsinin tələbəsi