Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dünən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26- cı iclasında iştirak edib. O bildirib ki, Zəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq. İclas zamanı, həmçinin ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində apardığı işlər barədə də məlumat verilib.


Bu gün Azərbaycanın regional siyasətinin prioritetlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Əlbəttə, bunun üçün rəsmi Bakı ilə yanaşı, region ölkələrinin də iradəsinə ehtiyac var.
Türkiyə və Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ermənistan da tez – gec buna məcbur olacaq. Çünki İrəvanın manevr imkanları getdikcə azalır.


Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan əsas tərəf İrandır. Bu isə həmin dövlətin “çürük” və məntiqsiz regional siyasətindən xəbər verir. Əslində destruktiv mövqeyində İrəvanı ürəkləndirən də məhz Tehrandır. İran öz niyyətləri naminə Ermənistandan istifadə edir və ikinci birincinin “maşası” olmağa davam edir.


Bu il Ermənistan – Azərbaycan münasibətləri üçün həlledicidir. Ermənistan baş naziri Nikol Paşinyan çətinliklə olsa belə, reallıqları anlayır. O vaxt qazanmağa çalışır. Amma özü də bilir ki, Bakının şərtləri daxilində yekun sülh müqaviləsinin imzalanması qaçılmazdır. Həmin şərtlərdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır.


Dünənki iclasda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da iştirak edirdi. O da bir daha gördü ki, Zəngəzur dəhlizinin açılmasına dair rəsmi Bakının mövqeyi konkretdir. İranın bu məsələyə dəstək verməsi əslində onun özünün də xeyrinədir. Çünki dəhlizin açılması bütün region ölkələri, o cümlədən də Tehran üçün əlverişlidir. Fəqət destruktiv ambisiyaları İrana bu reallığı qəbul etməyə imkan vermir.
Region ölkələri, o cümlədən də İran bu məsələyə nə çox dəstək verər, Ermənistana nə qədər çox təzyiq göstərərlərsə, dəhliz bir o qədər tez açılar. Amma bu, tamamilə onların iradəsindən asılı da deyil. Düşünürəm ki, dəhliz bu il açılacaq. Hətta proqnozlaşdırmaq olar ki, bu proses Türkiyədəki prezident və parlament seçkilərinə, yəni mayın 14- dək baş tutacaq.


Kənan Novruzov