Tüm ifadeler:
8Elnur Qedirov, Əbülfəz Məmmədov ve 6 diğer kişi
Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi proqram mahiyyətli çıxışı və strateji xəttini əsas götürərək həmçinin də, mövzunun aktuallığını nəzərə alaraq cəmiyyətin bu məsələyə münasibətini öyrənmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi ictimai rəy sorğusu keçirib.
İctimai rəy sorğusunda respondentlərə “Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” sualı ünvanlanıb və respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib. Ümumi nəticələr insanların 74.6%-inin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərir. Daha detallı nəzərdən keçirdikdə, respondentlərin 46.5%i “tam inanıram”, 28.1%-i “əsasən inanıram”, 7%-i “əsasən inanmıram”, 10.40%-i “heç inanmıram” cavablarını qeyd edib. Onların 8.1%-i cavab verməkdə çətinlik çəkib.
Sorğu nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79%-i, qadınların isə 71%-i qayıdışın baş tutacağına inandığını bildirib. Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanması bu istiqamətdəki dinamikanın müsbət seyri baxımından əhəmiyyət təşkil edir.
Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək baxımından yaş qrupları mühüm amildir. Sorğuda iştirak edən 18-24 yaş qrupunda olan respondentlərin 58-i qayıdışın baş tutacağına tam inandığını bildirib. “Əsasən inanıram” deyənlər isə 26%-ə bərabər olub. Başqa sözlə, 18-24 yaş qrupunda olanların 84%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını ifadə edib. Yekun nəticənin yüksək olması vətənpərvərlik və milli ruhun təcəssümünü göstərir.
25-34 yaş qrupundakı insanların 50%-i “tam inanıram”, 27%-i “əsasən inanıram” variantını seçib. Bu yaş qrupunda olan respondentlərin 6%-i “əsasən inanmıram”, 8%-i “heç inanmıram” cavabını verib.
35-44 yaş qrupunda olanların isə 74%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını qeyd edib. Analoji göstərici 45-54 yaş qrupu üzrə 75% təşkil edib. Bu göstəricilər çox əsirlik qan yaddaşının oyanmasında 44 günlük müharibədə qazanılan qələbənin nə dərəcədə təsirli olduğunu göstərir.
65 və yuxarı yaş qrupundakı respondentlərin 80%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
Sorğuda qayıdışın baş tutacağına inananlar arasında hər yaşdan insanın olması xüsusilə gənc və orta yaş qrupundan olanların müsbət faizlərinin yüksək olması əsas məqamlardan biridir
Təhsil və maarifçilik cəmiyyətin əsas prioritet istiqamətləridir. Qərbi Azərbaycan yüzillər boyunca Azərbaycan elm, təhsil və maarifçiliyinə mühüm töhfə verib. Tarixi torpaqlara qayıdışın baş tutacağına “tam inanıram” deyənlərin 47%-i, “əsasən inanıram” deyənlərin 32%-i ali təhsilə malik olanlardır. Başqa sözlə, ali təhsilli respondentlərin ümumilikdə 79%-i tarixi torpaqlara qayıdışın mümkün olacağına inanır. Orta təhsilə malik responentlər üzrə bu göstərici 73%-ə bərabər olub.
Sorğu iştirakçıları arasında dövlət sektorunda işləyənlərin 53%-i “tam inanıram”, 26%-i “əsəsən inanıram”, 9%-i “əsasən inanmıram”, 6%-i “heç inanmıram” cavabını qeyd edib. 6% isə cavab verməkdə çətinlik çəkib. Yekun nəticəyə əsasən dövlət sektorunda işləyənlərin 79%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inamını ifadə edib. Özəl sektorda işləyənlər üzrə bu göstərici 57%, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar üzrə 78% təşkil edib.
Məlumat üçün qeyd edək ki, Qərbi Azərbaycan İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarında yaşamış və oranı tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi torpaqlarıdır. Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyil.
Vətən müharibəsindəki qələbədən sonra taleyi və tarixi elmi dövriyyədən kənarda saxlanmadan bu tarixi məsələnin sülh yolu ilə həll edilməsi zərurəti yarandı. Tarixi qələbə, xalqımızın müqəddəratı üçün tarixi inkişafın yeni mərhələsi zəminində yeni üfüqlər açdı. Qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verdi. Dövlətimizin yeni milli hədəflərə yönəlmək üçün inşa etdiyi Qarabağdan-Zəngəzura qədər uzanan Böyük qayıdış planının bir hissəsi olan Böyük qayıdış yolu keçmişimizə, çox min illik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər yaradaraq, İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları şüurlarda-yaddaşlarda inşa edib, çoxəsrlik qan yaddaşını geri qaytardı. Milli şüurdakı oyanış, təkcə Qarabağa deyil, bütün tarixi torpaqlara gedən yolun başlanğıcı kimi babalarımızın, əcdadlarımızın mirası olan yerlərə dönüş yolunu təmin etməklə bir milləti bütövlüyünə və əsli-kökünə qovuşduracaq yeni siyasi-ideoloji yanaşma ilə yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin mədəni-mənəvi intibahın yeni mərhələsinin əsasını təşkil edən milli hədəfə çevrildi.