Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 1-də “Sabah” nəşrinə müsahibəsində deyib ki, Türkiyə Ermənistanla sərhədi aça bilər.
O, Azərbaycanla Ermənistan arasında müzakirələrin davam etdiyini xatırladıb.
Nazir bildirib ki, münasibətlərin normallaşacağı təqdirdə Ankara da müəyyən ssenari hazırlayacaq: “Yekunda pozitiv ssenarini həyata keçirə, yəni Ermənsitanla sərhədi aça bilərik”.
Məlum olduğu kimi, Türkiyənin Ermənistanla diplomatik münasibətlərini kəsməsinin əsas səbəbi Azərbaycan torpaqlarının işğalı faktı olub. Buna son qoyulduqdan sonra münasibətlərin normallaşmasına maneə olan əsas problem də aradan qalxdı. Yəni münasibətlərin normallaşması üçün hansısa əngəl qalmadı.
Amma rəsmi Ankaranın konkret şərtləri də var: bu proses İrəvanla Bakı arasında münasibətlərin normallaşması ilə paralel getməlidir. Başqa sözlə desək, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir.
Hazırda Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün kritik əhəmiyyətlidir. Çünki rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında sıxılır. Ermənistan faktiki olaraq siyasi poliqona çevrilib və gələcəkdə hərbi meydana çevrilməsi də istisna deyil. Belə bir şəraitdə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən optimal variant regional əməkdaşlıq mühitinin təmin olunması, o cümlədən Türkiyə ilə münasibətlərin bərpasıdır. Bu, həm də Ermənistan iqtisadiyyatı üçün dividentlər vəd edir.
Amma Ermənistan Türkiyə ilə münasibətləri, həqiqətən, normallaşdırmaq istəyirsə, səmimi addımlar atmalıdır.
Bu günlərdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında görüş oldu. Onlar arasında ciddi razılıq əldə edildi. Belə ki, S.Kılıç və R.Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəldilər. Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqlədilər.
Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqlədilər.
Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.
Bu da o deməkdir ki, Ermənistan, həqiqətən, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Amma bu, Azərbaycana qarşı ərazi iddialarının davam etməsi ilə mümkün deyil.
Türkiyə ilə Ermənistan arasında dünən əldə olunan razılıq əslində müsbət haldır. Bu prosesin gələcəkdə də davam edəcəyini düşünmək olar. Amma Türkiyə ilə Ermənistan arasında münasibətlərin indiki şəraitdə sona qədər davam etməsi mümkün deyil.
Birincisi ona görə ki, Ermənistan hərbi-siyasi təxribatlarından əl çəkmir. Bu isə Türkiyənin Azərbaycanla bağlı şərtlərinə uyğun deyil.
İkincisi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bu da perspektivdə yenidən “suların bulanması” və regional təhlükəsizliyə təhdid yaranması üçün ciddi əsasdır.
Üçüncüsü, konstitusiyada həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu da Türkiyənin milli təhlükəsizliyi üçün ciddi məsələdir.
Yəni Ermənistan təkcə Azərbaycanla yox, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmaq üçün konstitusiya dəyişikliyinə getməlidir.
Dördüncüsü, Ermənistan Türkiyə ilə bir çox hallarda əks qütblərdə olan və Ankaranın təhlükəsizlik və milli maraqlarını görməzdən gələn ABŞ və Avropa İttifaqının “çaldığı havaya oynamağa” davam edir.
Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə sadəcə olaraq Ermənistana jest edir və əl uzadır. Ermənistan isə bu əli tutmazdan əvvəl əlini çirkdən, palçıqdan təmizləməlidir. Bu isə yuxarıda sadaladığımız məqamların reallaşmasını nəzərdə tutur.
Kənan Novruzov, siyasi şərhçi, “Report” İA-nın əməkdaşı