Ölkəmizdə növbədənkənar Parlament seçkilərinin keçirilməsinə 1 aydan da az vaxt qalır.
Burada əsas və sevincdirici hal odur ki, ilk dəfə olaraq bütöv Azərbaycanın Milli Məclisinə seçkilər keçirilir. Təbii ki, bu, hər birimiz, hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir və fəxarətdir. Ancaq burada bir təəssüfləndirici məqam da var. O da ölkənin mühüm qanunvericilik orqanına keçirilən seçkilərdə iştirak eləyən namizədlərin seçki kampaniyasının passiv və maraqsız aparılmasıdır. Bəlkə elə bu səbəbdəndir ki, insanlar qonşu ölkələrdə keçirilən yerli bələdiyyə seçkilərini daha çox maraqla izləyirlər. Məsələn, keçmiş deputatlar, yəni növbəti dəfə öz namizədliyini irəli sürən deputatların şüarlarında bir yenilik görmürük. Onların bir innovativ mövqe sərgilədiklərini görmürük.
Devizləri dəyişməz olaraq qalır. Sanki yorulublar. Təbii ki, kifayət sayda gənc namizədlər də var. Onlar da sanki keçmiş namizədləri təkrarlayırlar. Şüarları diqqət çəkmir, heç standartlara da cavab vermir. Onların çoxunun ictimai-siyasi fəaliyyətini görməmişik, seçicilərin heç 10 nəfəri belə onları tanımır. Bəziləri də var ki, sosial platformalarda klip çəkib nümayiş etdirərək seçici toplamağa çalışırlar. Bir neçə gəncin əllərində öz plakatlarını tutmasını xahiş eləyərək seçici səsi yığmağa çalışırlar. Əlbəttə ki, seçicilər bu cür vədlərə aldanan deyil. Onlara gerçək namizəd, onların səsinə səs olacaq real namizəd lazımdır. Təbliğat-təşviqat kampaniyasını izləyirəm.
Onların içərisində bir namizəd var ki, o mənim diqqətimi daha çox çəkdi. Bu, 104 saylı Gədəbəy seçki dairəsindən öz namizədliyini irəli sürən Əziz Əlibəylidir. Adam seçki kampaniyasının start götürdüyü gündən namizədi olduğu Gədəbəy rayonundadır. Maraqlı reportajlar çəkib yayımlayır. Uşaqdan böyüyə kimi, sadə insanlardan tutmuş ziyalılara kimi insanlarla mütəmadi təmasda olur, onların fikirlərini dinləyir, bölgənin tarixinə çox yaxşı bələddir, xalqın arasından çıxıb, ictimai-siyasi fəaliyyəti var, siyasi baxış bucağı çox dərindir, sosioloji problemlərin həllinə yanaşma tərzi var, mədəni mövzuları yaxşı təhlil eləyə bilir. Bir sözlə mən bu şəxsi universal şəxs adlandırıram. Maraqlı da devizi var, dövlətin idarəçilik prinsiplərinə əsaslanaraq “mütləq sədaqətlə” devizi ilə yola çıxıb. Özünəməxsus vizyonu var. Öz potensialını öz ayaqlarının üzərində duraraq nümayiş etdirməyə çalışır və mən istəyirəm ki, bizim Milli Məclisimizdə bu cür gənclərin sayı artıq olsun, hansı ki, onlar həqiqətən də xalqın səsini çatdırmağa layiqdirlər, deputat olmağa layiqdirlər. Odur ki, mən Əziz Əlibəylinin fəaliyyətini yaxından izləyən bir jurnalist və vətəndaş kimi gədəbəylilərə səslənirəm. Əziz gədəbəylilər, əgər siz Əzizi əziz tutsanız, o da millət vəkili olacağı təqdirdə sizin səsinizi əziz tutacaq. Əziz gədəbəylilər, səsiniz Əziz olsun! Mən Əziz Əlibəylinin timsalında bütün layiqli gənc namizədlərə müvəffəqiyyətlər arzulayıram.
Teleaparıcı Turan Ədalət