
Rusiyanın növbəti həmləsinin İsrail- İran müharibəsindən sonraya təsadüf etməsi, təsadüf sayılmasa, daha fərqli nəticələr çıxara bilərikmi?
1. Bu müharibəyə regional qarşıdurma kimi baxsaq:
2. Silahların savaşı kimi baxsaq
3. Tarixi mənşəyin qabardılması kimi baxsaq
4. Məğlubiyyətin səbəblərindən qisas almaq kimi baxsaq?
5. Ermənistanla davam edən Kilsə savaşı kimi baxsaq?
İzah 1. İran – İsrail müharibəsindən sonra yaranan regional ağırlıq və yeni aktorlar məsələsində Azərbaycan baxmayaraq ki, İrana və İsrailə qarşı neytral mövqedə dayanmışdı və İsraildən Güney Azərbaycan şəhərlərini bombalamamağı tələb edərək, İrana qarşı öz ərazisindən də üçüncü güclərin istifadə etməməsini açıqlayaraq, tərəfləri müharibəyə yox, danışığa səsləməsi əsas həlledici amil idi. Amma təəssüf ki, sözügedən günlərdə Ermənistanın, Rusiyanın və İranın ortaq informasiya terrorçuları İranın Azərbaycandan qalxan İsrail dronları ilə vurulduğunu iddia etməyə başlamaları faktı boş yerə ortaya atılmamışdı. Nəticədən və yanaşmadan asılı olmayaraq, regionda Azərbaycanın müttəfiqi İsrail Rusiyanın müttəfiqi İranı darmadağın edərək, Yaxın Şərqdə strateji üstünlük əldə etdi. İranı təxminən, Livan vəziyyətinə salaraq, böyük ölçüdə hərbi-siyasi gücünü zəiflətdi. Hazırda İranın səmasında Amerika və İsrail hökm sürür. Amma bu məğlubiyyətin səbəbi əlbəttə klerikal İran rejimi idi, nəinki neytral Azərbaycan Respublikası.

2. Əlbəttə ki, bu müharibəyə qədər bölgədə 5 il əvvəl Qarabağ müharibəsində İsrail silahları (Və Türkiyə) Ermənistanın onun əlində olan rus silahlarıyla məğlub edərək, dünyadakı məlum nüfuzuna bərpaedilməz zərbə vurmuş və hətta Qənimətlər Parkında rus silahlarını dünyanın tamaşasına təqdim etmişdi. Bu dəfə də Rus silahları İranın timsalında İsrailin modern müharibə silahlarına biabır oldu və burda Rusiyanın qıcıqlanması təsadüf deyildi. Qalibiyyətin olduğu coğrafiyalara Rusiyanın nifrəti təbii idi.
3. Bu gün görürük ki, Rusiyanın və İranın X şəbəkəsindəki trolları Azərbaycanın tarixi mənşəyinə enməyə cəhd edirlər və Qacarlar İranı, Türkmənçay, Rus işğalını mədəniyyət olaraq tirajlamağa ortaq mövqe kimi tapırlar və Azərbaycan Respublikasını regionda süni dövlət olaraq görməyə çalışırlar. Təəssüf ki, ölkəmizdə bu şəbəkəyə məxsus onlarla jurnalist, sosial media fəalı və kripto vəzifə daşıyan şəxlər var.
4. Nəticədə məlumdur; İllər əvvəl Liviyada türklərə, sonra Suriyada türklərə, sonra Qarabağda, nəhayət Ukraynada və s. sadalamaqla bitməyən uğursuzluqlar fonunda üzərinə yaxın strateji müttəfiqi İranın da rəzil məğlubiyyətini gələndə qisasını almaq üçün üçüncü güclərə yönəlməyə başlayıblar. Azərbaycan Respublikası təəssüf ki, düşünülən həmin o üçüncü gücdür. Lakin Azərbaycan həm də regional gücdür. O qədər ona qarşı anti mövqe nümayiş etdirmək asan olmayacaq, hələ – hələ İran və Rusiyanın sırf Şimal-Cənub dəhlizinə görə Azərbaycandan hava və su kimi asılı vəziyyətdə qaldıqları bir dövrdə.

5. Ermənistanda daxili dini savaş gedir. Paşinyan Rusiyanın agenturasının bir qolu olan kilsəyə qarşı öz xaçı ilə hücuma keçib.
2026- cı ildə iki cəbhə arasında həlledici qarşıdurma olacaq. Rusiya indidən erməni millətçilərinin damarını tutmağa və stavka qoymağa başlayıb. Azərbaycanla pisləşən münasibətlər fonunda Dənizdən Dənizə Böyük Ermənistan ideologiyası yenidən diriltməyə çalışırlar. Bax, bugünkü Azərbaycan – Rusiya münasibətlərin də bir pis nöqtəsinə bağlıdır bu məsələ.

P.S. əvəzi….Azərbaycanın qlobal müttəfiqləri və maraqları var: bu əlaqələr və potensial kommunikasiya imkanları bölgədə fiziki təsiri olan dövlətlərin boyundan qat – qat üstündür. Mən isə böyük zövqlə Ermənistan hakimiyyətinin performansını gözləyirəm. Çox demirəm, bir il də Paşinyan hakimiyyətdə qalsa, Ermənistan Azərbaycan üçün Gürcüstana çevriləcək, az sonra baxarıq, maddi-və siyasi olaraq asılı düşdüyü Azərbaycan və Türkiyənin təbii müttəfiqi vəziyyətinə qədər irəliləyə biləcək kimi görünür. Buna onu birinci növbədə vadar edən məhz Rusiya oldu. Nə də olsa, hər iki ölkənin tarixində Türkmənçay müqaviləsinin dərin tarixi izləri qalmaqda və yaratdığı nəticələrin ağrıları qalmaqda davam edir.
Əziz Əlibəyli