🔵 Demokratiya Qərbdə yorulub

🔶 Media daha çox QƏZƏB yayır

🟣 Alqoritmlər emosionallığa əsaslanır

🟥 Sadə şüarlar dərhal sosiallaşır

Elm dövlətlərin funksiyası ilə bağlı verdiyi yanaşmaları (elm də olsa, ziddiyətlərdən kənarda qalmır) son zamanlar daha tez-tez dəyişdirməyə başlayıb.

Görünən odur ki, bol iqtisadi rifah və təminatla keçən 80 ildən sonra Qərbi bir xeyli yeni problemlər gözləməkdədir.

Liberalların dövrünün bitməsi, hakimiyyətlərə, sırf birinci və ikinci dünya müharibəsinin əvvəllərində olduğu kimi ifrat sağçıların gəlişi, onların dünyadakı yüksəlişi, yeni qlobal qayğılar doğurmaya bilməz.

Lakin, burada incə bir fərq var:

Yüz il əvvəlin cəmiyyətlərini təşkil edən ictimai şüur səviyyəsi indiki qədər yüksək deyildi və toplumun təhsilə, digər təməl hüquqlara çıxışı məhdud idi.

Amma indi cəmiyyətlər, vətəndaş təşəbbüsləri, bəlli keçilmiş yol, seçkilər, institutlar, özünüdərkin müəyyən üst levelləri dövlətin eyni qaldığını, ancaq vətəndaş institututun dəyişdiyini göstərir.

Bunun ilk dinamikasında tədqiqat üçün vacib suallar meydana çıxır:

Hazırkı vətəndaş institutu dövlətə (idaəetmə aparatına) əvvəlki qədər etimad edirmi?

Etmirsə, niyə?

Bu, hansı nəticələr doğura bilər?

Məsələn, OECD ölkələri üzrə aparılan sorğu göstərir ki, 2023-cü ildə respondentlərin təxminən 39 %-i milli hökumətə “yüksək və ya orta səviyyədə etimad” göstərib. Eyni zamanda bu ölkələrdə 44 % respondent “aşağı və ya heç etimad yoxdur” cavabını verib. Pew Research Center-ə görə, 1958-ci ildən sonra 2024-cü ilin may ayında ABŞ-da respondentlərin yalnız 22 %-i hökumətin “əslində doğru şeyi edəcəyinə” inandığını bildirib.

Edelman institutu qlobalda aldığı nəticəni paylaşıb, qlobal ortalama üzrə respondentlərdən 63 %-i hökumət liderlərinin bilmədən bizi yanıltdıqları barədə narahatdır.

Belə bir vəziyyətdə, dövlət və hökumət anlayışı üzrə fərqli təsniflər olsa da, düşünməkdə fayda var:

Xalqları hansı gələcək gözləyir?

İkinci bir mühüm məsələ, cəmiyyətlə daha inkişaf edibsə, nə üçün daha sərt dövlət aparatına ehtiyac duyulur və ideologiyaların liberalları kənara atılır və radikallar geniş meydan qazanır?

Böyük ehtimalla, cəmiyyət savadlanıb, vətəndaş institutları güclənib, amma dövlətin performansı eyni qalıb. Bu disbalansdan anlamaq olar ki, cəmiyyətdə maksimalizm artıb, dövlət aparatının səmərəliliyi isə artmayıb. (Buna sosiologiyada “expectation gap” deyirlər.)

Digər mühüm baxış, Qərbin 80 illik rifah dövrü qloballaşma və sənayeləşmə ilə bağlı idi. Amma indi, rusların da işğalı ilə Avropada iqtisadi təhlükəsizlik hissi azalıb. Orta sinif daralır, yerli işlər ucuz əmək bazarlarına transfer olunur, rifah sabitliyi zəifləyir.

Məhz bu “təhlükəsizlik” nöqtəsində millətçilər ön plana çıxa bilir və həmin o altşüurdakı qorxulara müraciət edir: “Səni qoruyacağıq və itirilmiş gücünü geri qaytaracağıq.”

Uzun müddətdir ki, müasir cəmiyyətlərin mədəni uğurlarından söhbət açılmır.

Görünür ki, həqiqətən inkişafın son mərhələsindən sonra tənəzzül təbii proses imiş. Bu isə modern mədəniyyətlərin parçalanması ilə başladı.

Gender, immiqrasiya, liberallaşma, dəyərlər üzrə parçalanma təkcə fikir azadlığında qalmadı, siyasi seçimlərə də təsir göstərərək, hökumətləri dəyişdirməyə qədəm qoyub.

Yeri gəlmişkən, parçalanma ritorikasında mühüm yeri məhz media tutmaqdadır.

Media daha çox QƏZƏB yayır.

Alqorimtlər emosionallığa əsaslanır.

Sadə şüarlar dərhal sosiallaşır.

Demokratiya Qərbdə yorulub.

Qərb cəmiyyətləri:

– eyni siyasi elitalardan yorulub

– korrupsiya və lobbi sistemindən bezib

– “köhnə nəsil siyasətçilər”ə inanmır

Ənənəvi siyasi modellər qlobal dünyada hər kəsi bezdirib.

📘Əziz Əlibəyli

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin Fəlsəfəsi və Sosiologiyası şöbəsinin dissertantı