Göyçə-Zəngəzur Respublikası deyilən, hələ ki, adı vizual şərtlərdə mövcud olan qurumu yaradanlar deyəsən bütün aspektlərə nəzər salmayıblar. Siyasətdə, xüsusən də konfliktologiyada əks təsir faktoru ən önəmli şəkildə diqqətə alınır….

Belə bir təşkilatın(hələ ki, bu cür adlandırıram) formalaşdırılması Qarabağ ermənilərinə eyni adlı yerdə muxtariyyət məsələsini yenidən aktiv müzakirəyə çevirə bilməsi fürsətini verəcək. Əgər Zəngəzur – Göyçə təşkilatı gündəlik dillər əzbəri olacaqsa, mətbuatı, ictimai müzakirə platformalarını bəzəyəcəksə, həmin təqdirdə Dağlıq Qarabağ muxtar Respublikası müzakirəyə çevrilə bilər yox, konkret çevriləcək. 2020-ci ildə təbii ölümə yaxın hala salınmış erməni muxtariyyəti yaralanmış, ən pis halda kliniki ölüm keçirdərək bundan xilas olan kəsə çevriləcək.

Nəzərə alınmalı faktorlar:

1. Zəngəzur- Göyçə mahallarından fərqli olaraq praktikada yaxın keçmişə qədər 65-66 il erməni kəsiminin kompakt yaşadığı Dağlıq Qarabağ Muxtar əyaləti adlı hüquqi subyek mövcud olub. 34 ildir də ki, bu ərazinin hüquqi kimliyi barədə hərbi, siyasi münaqişə mövcuddur. Zəngəzur – Göyçənin isə belə bir statusu və onun ətrafında ərazi, etnik konfliktlər, öz müqəddaratını həll etmə hüququ uğrunda mübarizə predmetləri olmayıb. Bu təqdirdə ermənilərin muxtariyyət statusunu qaldıraraq nail olması daha realdır, nəinki, bizim.

2.Məsələnin bir tərəfi budur ki, faktiki olaraq Azərbaycan ərazisində erməni etnik kəsimi yaşayır. Ermənistanda isə azərbaycanlılar mövcud deyil hazırda. Ermənilər bu fondakı qarşılıqlı iddialar əsasında Azərbaycanda yaşayan ermənilərin siyahısını, yaşayış yerini təqdim edəcəklər. Biz isə belə bir faktı ortaya qoya bilməyəcəyik. Bu da ermənilərə ikinci manevr üstünlüyü və iddialarını beynəlxalq arbitajlarda, diplomatik və lobbi çevrələrində qəbul etdirmə şansları verəcək. Çünki, bu kimi məsələlərdə mövcud vəziyyət, hazırda kimin əlində nə var ona baxılır. Məsələnin tarixi kökünün alt qatına varmırlar. Əlbət ki, sualın respublika iddiası fonundakı qoyulması təqdirində şanslarımızın düşməsindən gedir. Qaçqınların ata- baba yurduna dönməsi tələbi notlarında deyil.

3. İnformasiya və taktiki gediş tərəfləri;

a) yuxarıda sadaladıqlarım subyektiv arqumentləri kənara qoyaraq adı gedən qurumu qəbullanmaq istəsək yenə qarşımıza bir məsələ çıxır. Zaman anlayışı. Qarabağ müharibəsindən sonra, Zəngəzur məsələdi gündəmə gəldiyi ərəfədə belə bir elan düşmən və bizi istəməyən kəslərin qara piar istifadəsinə çevriləcəyinə şübhə etmirəm.

b) Dünya auditoriyasının az qala hamısı orada bizim soydaşlarımızın tarixən yaşadığı, əhali olaraq üstünlük təşkil etdiyini və nəhayətdə Qarabağ konflikti başladığı zaman zorla qovulduqlarını bilmirlər. İllah dakı, ermənilərin Qarabağın daimi sakinləri olduqları baxışlarının təsirinə düşdükləri həqiqətləri var. Bizə lazım olan Ermənistan ərazisində azərbaycanlıların əzəli yaşadıqları və son münaqişənin nəticəsində evlərini tərk etməylə zorlandıqları informasiyanın dünya ictimaiətinin beynində yerləşdirilməsinə çalışmaq və soydaşlarımızın öz yurdlarına dönmə haqqının ən azı haqlı tələb həddində də olsa qəbullanmasına nail olmaqdır. Bu təqdirdə Zəngəzur iddialarımıza pozisiyamıza uyğun alternativ beynəlxalq yanaşmalar qazana, manevrlər etmək, strateji əhəmiyyətli tədbirlərimizi hüquqi əsaslara dayanıqlı çərçivədə ortaya qoya bilərik. Bundan artığı—mühacir hökumət, filan yalnız dildə qalacaq, düşmənə itirdiyi muxtariyyət statusunu təkrar ortaya qoyma fürsəti verəcək.

c) konflikt yarandığı gündən beynəlxalq ictimai rəydə və dünyanın əsasən aparıcı ölkələrinin mövqeyində həqiqətlərə və ədalətə əks olaraq Azərbaycanın haqlı mövqeyi deyil, Qarabağdakı etnik erməni separatçılarının və münaqişənin əsas tərəfi Ermənistan Respublikasının dəstəkləndiyini gördük. Bunu dağıtmaq üçün böyük pullar, zaman, enerji xərclədi, əmək sərf etdik. İstədiyimiz müəyyən effektləri alsaq da, çox şeyi əldə edə bilmədik. Bunun bizdən asılı olmayan səbəbləri var ki, hamımıza bəllidir. Yazmağa lüzum yoxdur. Müharibənin ikinci etapındakı Ermənistanı və separatçıları paralizə etməyimizlə destruktiv mövqeli ölkələr yanaşmalarına korrektə etməli olsalar da, hələ də ermənilər və Ermənistana yönəli tərəfkeşlikləri qalmaqdadır. Respublika və muxariyyət istəklərinin reallaşmasında dünyanın bunu qəbul etməsi başlıca şərtdir. Rusiya kimi hərbi – siyasi, geostrateji qüdrətə sahib ölkə belə dəstəklədiyi yeni yaranan subyektləri tanıda bilmir və buna görə min bir çətinliklərlə üzləşir.

Əli İsgəndərov