İndoneziya Prezidenti Coko Vidovo deyib ki, rusiyalı həmkarı Vladimir Putin noyabrın 13-14-də Balidə keçiriləcək G-20 sammitində iştirak etməyəcək. O buna əmin olduğunu söyləyib.
Putinin sözügedən toplantıda iştirak edib- etməyəcəyi bir çox eksperti düşündürür. Çox güman, Kreml rəhbəri özü də hələ dəqiq qərar verməyib.
Rusiya prezidentinin Baliyə gedəcəyini düşünmürəm. Çünki Ukraynadakı müharibənin təsirləri artıq Rusiya daxilində özünü göstərir. Nəinki hərbçilər, cəmiyyət də mövcud durumdan narazıdır. Belə mürəkkəb vəziyyətdə Putin ölkəsini tərk etmək istəməz. Çünki generalların ehtimal edilən çevriliş cəhdi realdır. Kreml rəhbərinin bu riskə gedəcəyini düşünmürəm.
Lakin Putinin G 20 sammitində iştirak etməməsi də onun üçün arzuolunan ssenari deyil. Çünki Rusiya liderinin bu addımı sivil dünyanı, o cümlədən ən inkişaf etmiş dövlətləri boykot etməsi kimi qiymətləndirilə bilər. İndi Rusiyanın bir çox Qərb dövləti ilə münasibəti kifayət qədər gərgindir. Putin münasibətləri daha pisləşdirmək, rəqiblərinə bəhanə vermək istəməz. Bu mənada fikrimcə, o, toplantıya onlayn formatda qoşulacaq.


Ukrayna Prezidenti Volodimir Zelenskiyə gəldikdə isə rəsmi Kiyev daha əvvəl bildirmişdi ki, Putin Baliyə getsə, Ukrayna lideri sammitdə iştirak etməyəcək. Son zamanlar Zelenski, demək olar, bütün toplantılara onlayn formatda qatılır, xarici səfər etmir. Çox güman, bu dəfə də elə olacaq.
G 20 sammitində Ukrayna ilə bağlı mühüm qərarların qəbul edilməsi, rəsmi Kiyevə dəstəyin, Moskvaya isə təzyiqlərin artırılacağı ilə bağlı razılıqların əldə olunması istisna deyil. Bu mənada həm Putinin, həm də Zelenskinin müzakirələrdə iştirak etməsi onlar üçün çox mühümdür. Əlbəttə, gələcək bir həftə ərzində baş verəcək hadisələr, o cümlədən diplomatik təmaslar G 20- nin nəticələrinə, həmçinin Rusiya və Ukrayna liderlərinin qərarlarına təsir edəcək.
Kənan Novruzov