Hər qarış torpağımız bizim üçün əziz və önəmlidir. Bəzən şikayətlənirik, gözümüzün önündəki gözəlliyin fərqinə varmadan başqa yerlərə üz tuturuq. Amma sonra anlayırıq ki, nə etsək də, hara getsək də heç bir yer vətəni əvəz edə bilməz. Azərbaycanın sözlərlə ifadə edilə bilməyəcək qədər möhtəşəm gəzməli, görməli yerləri var. Hər qarış torpağı xəzinə olan yurdumuzun döyünən ürəyi- Qarabağı illərdir ki, əsarət altında idi. Nəhayət, 2020-ci ildə başlayan 44 gün davam edən döyüşlərin nəticəsində Qarabağımızı azad etdik.
Qarabağ deyiləndə isə ağıla ilk olaraq Şuşa gəlir. Bəs niyə Şuşa? Şuşanın fərqi nədədir? Əlbəttə ki, biz vətənimizin başdan sona qədər hər qarışını sevirik. Şuşanın azad olunması isə bizim üçün tam başqa idi, hərbi əhəmiyyəti var idi.

Şuşanın əhəmiyyəti barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, ərazicə çox kəskin relyefi olanŞuşa ancaq yol istiqamətində azad oluna bilərdi: “Düşmənin ağlına belə gəlməzdi ki, Azərbaycan ordusu məhz yoldan yox, digər ərazilərdən qayalara dırmaşaraq Şuşaya daxil olacaq və onu yüngül silahlarla təchiz olunduğu halda onu azad edəcəkdir. Şuşanın azad edilməsi üçün, əlbəttə, müharibədən öncə də xüsusi təyinatlı qüvvələr belə relyefli ərazilərə dırmaşaraq əməliyyat təlimləri keçmişlər. Çoxsaylı xüsusi dağ hazırlıqları görülmüşdü. Bu təlimlərdə mütəxəssislər iştirak etmişdilər. Şuşanın müdafiəsini və müdafiə xarakterini qiymətləndirərək müəyyən istiqamətlər müəyyənləşdirilmişdir. Əməliyyata hazırlıq üçün xüsusu dəstələr ayrılmış və lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hər bir qrupun tapşırığı, istiqaməti müəyyənləşdirilmiş və maketin üzərində işlənmişdir”.

Onun sözlərinə görə, Şuşaya gedə biləcək bütün yollar Azərbaycan ordusunun nəzarəti altında idi: “Qısa zaman kəsiyində xüsusi təyinatçılar yüngül silahlarla silahlanaraq əlbəyaxa döyüşlə- heç bir ağır texnikadan istifadə etmədən Şuşanı azad etməyə nail oldular. Ağır texnikadan istifadə olunmamasının əsas səbəbi isə Şuşanın dağıdılmadan azad olunmasına önəm verməyimiz idi. Əlbəttə, hərbi əhəmiyyəti böyükdür. Bizim Şuşanı azad etməyimiz düşmənin təslim olmasına bərabər idi. Belə ki, 2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya, Ermənistan liderləri birgə bəyanat imzaladı. Bununla da, atəşkəs rejmi elan olundu. Nəticədə, Ağdam, Kəlbəcər, Laçın rayonları döyüşsüz şəkildə düşmən əsarətindən xilas olundu. Əgər biz Şuşanı almasaydıq, çox güman ki, bu rayonları xilas edə bilməyəcəkdik, çoxsaylı itkilərə məruz qalacağdıq”.

Ekspert, həmçinin Şuşanın azad olunmasının siyasi əhəmiyyətindən də danışdı: “ Biz bütün beynəlxalq aləmə sübut etdik ki, Azərbaycan torpaqlarına sahib çıxdı. Ali Baş Komandanımızın uzun illər təkrarladığı “biz hansı yolla olur olsun, torpaqlarımızı azad edəcəyik” tezisi reallaşdı. Cənab prezidentin “Şuşasız bizim işimiz yarımçıq qalardı” ifadəsi həmin ərazinin mənəvi dəyərinin nə qədər böyük olduğunu göstərir. Şuşanın azad edilməsi xalqımızda da çox böyük sevincə, ruh yüksəkliyinə səbəb oldu. Məhz buna görə də, Şuşanın azad edilməsi “Zəfər günü” kimi qeyd olunur. Şuşanın azad edilməsi hər bir cəhətdən Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edir”.

  Səbinə Elmanqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi