Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosdada keçirilən Ümumdünya İqtisadi Forumunun illik toplantısında bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşün keçirilməsin də maraqlıdır. O bildirib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında neytral, qərəzsiz və obyektiv vasitəçidir.

Tbilisi bu təşəbbüsündə nə qədər səmimidir? Onun buna potensialı çatırmı? Dünya gücləri xüsusilə Rusiya və Avropa ittifaqı buna imkan verərmi?
Bu haqda ReAL partiyasının icra hakimi Natiq Cəfərli bildirib ki, Gürcüstan bir ildən çoxdur belə bir formatın yaradılmasında maraqlıdır: “Gürcüstanda Azərbaycan və Ermənistanın dövlət qurumlarının nümayəndələri ilə görüş keçirilib. Gürcüstanın təklifini əslində Azərbaycan və Türkiyənin birgə regionda inkişafı və əməkdaşlığını təmin edə biləcək altılıq formatının davamı kimi qiymətləndirmək olar. Gürcüstan çalışır ki, iki ölkə arasında bir körpü rolunu oynasın, beləliklə, Ermənistan- Azərbaycan münasibətlərinin normallaşmasında pay sahibi olsun. Çünki, gələcəkdə münasibətlərin yaxşılaşması bölgədə ticarətin və iqtisadi əlaqələrində güclənməsinə səbəb ola bilər. Gürcüstan burada bir körpü rolunu oynayaraq udacaq. Gürcüstanın səmimilikdən daha çox, iqtisadi maraqları var”.


Ekspert onu da qeyd edib ki, Gürcüstanın buna potensialı çatmasa belə, coğrafi mövqeyi vasitəçiliyə imkan verir: “Bütün kommunikasiya xətləri- dəmiryolu xətləri, neft-qaz kəmərləri, avtomobil yolları Gürcüstan üzərindən keçir. Gələcəkdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sülh müqaviləsi imzalamağa getsə, burada Gürcüstanında müəyyən coğrafi üstünlüklərindən istifadə etməsi mümkündür.
N. Cəfərlinin sözlərinə görə, məsələdə Avropa İttifaqı (Aİ) və Rusiyanın da maraqları var: “Avropa İttifaqının da alternativ logistik marşrutlara ehtiyacı var. Yeni yolların, logistika xətlərinin, Cənub-Şimal dəhlizinin yaradılması, həmçinin Rusiya üçün də maraqlıdır. Ümumiyyətlə, Rusiya Gürcüstansız Ermənistana da çıxa bilmir. Bölgədə Rusiya və Qərb arasında mübarizə gedir. Amma hər bir halda bu maraqları uzlaşdıra biləcək, düşünülmüş və ağıllı siyasət aparmaqla hər iki müqaviməti də zəiflətmək mümkündür”.
Şahanə Tağızadə, BDU jurnalistika fakültəsinin tələbəsi