2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə dövlətlər arasında müharibə başlandı. Aylardır davam edən savaş həmin dövlətlərin zəifləməsinə səbəb olur. Rusiyanın digər ölkələrlə münasibəti getdikcə pisləşir. Bu dövlət sivil dünyadan təcrid olur. Hər 2 tərəf artıq hərbi cəhətdən çökmüş vəziyyətdə olsa da, Rusiyanın durumu daha ağırdır. Bəs yaxşı, Rusiya artıq məğlubiyyətini etiraf edirmi? Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti direktoru Mariya Zaxarova deyib ki, hazırkı reallıqda biz danışıqlara hazırıq. O, “hazırkı reallıq” dedikdə nəyi nəzərdə tutur?

Bu barədə sualımızı cavablandıran politoloq- Məhəmməd Əsədullazadə söyləyib ki, Rusiya artıq öz qoşunlarını Xerson istiqamətinə çıxardır və Ukraynanın əks hücumları müsbət nəticə verir: “Rusiya müdafiə naziri Sergey Şoyqu Xersonda qoşunlarının müdafiəsini təşkil etmək və qorumaq üçün bu addımı atdığını söyləyir. Görünən budur ki, Rusiya artıq Ukraynada hərbi məğlubiyyətlə üzləşib. Mariya Zaxarovanın da qeyd etdikləri Rusiyanın reallıq qarşısında, xalq qarşısında olduğunu göstərir. Məhz bu reallıq Rusiyanın məğlub olmasının etirafı kimi qiymətləndirilir”.
Onun fikrincə, Rusiyanın Ukraynada başlatdığı işğal və ilhaq siyasəti iflasa uğradı: “Bu proseslər qərb blokunun qələbəsi ilə yekunlaşmaq üzrədir. Düzdür, müharibənin bitməsi bir neçə ay çəkəcək, amma, Rusiya həm siyasi, həm də hərbi baxımdan kifayət qədər məğlubiyyətlə üzləşdi”.
Analitikin sözlərinə görə, Rusiyanın 24 fevral sənədlərinə qayıtması və danışıqlar prosesinin başlanması mümkündür: “Əlbəttə, danışıqlar prosesində qərb bloku Rusiya üçün elə bir sənəd hazırlayacaq ki, bu Rusiyanın kapitulyasiya aktı olacaq. Çünki ötən il müharibədən əvvəl Rusiya qərb blokuna ultimatum vermişdi. ABŞ başda olmaqla NATO bu ultimatuma cavab olaraq Rusiyanın hərbi məğlubiyyəti fonunda kapitulyasiya sənədini Rusiyaya təqdim edəcək. Bu da kapitulyasiyaya cavab kimi qiymətləndiriləcək”.
Səbinə Elmanqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi