Fransanın zülm və əsarət tarixi XVI əsrdən başlayır.
1541-43-cü illərdə fransızlar Lavrentiya hövzəsinin, 1589-99-cu illərdə Floridanın, 1555-60-cı illərdə Braziliyanın yerli sakinlərini kütləvi şəkildə qətlə yetirərək, həmin əraziləri qəsb ediblər.
XVII əsrin əvvəllərindən başlayaraq fransızlar Şimali Amerikanı işğal ediblər. 1663-cü ildə Kanada bütövlükdə Fransa səltənətinə daxil edilib. XVII əsrin 30-cu illərində Qvadelupa, Martinka və Haitinin bir hissəsi işğal edilib. Yerli əhalinin böyük əksəriyyəti qətlə yetirilib, Avropanın və Amerikanın qul bazarlarında satılıb.
Afrika da XVII əsrdən etibarən fransızların işğalına məruz qalıb. Yerli əhali zorla digər fransız kaloniyalarına köçülüb və məcburi əməyə məruz qalıb.
XIX əsrin 30-cu illərində Fransa yenidən qəsbkarlıq siyasəti həyata keçirməyə başlayır. 1830-cu ildə Əlcəzairin işğalıyla nəticələnən döyüşlərdə onminlərlə əlcəzairli qətlə yetirilir. Fransızlar eyni qətliamları 1831-ci ildə Tunisdə, 1839-70-ci illərdə Qabonda, 1842-ci ildə Fil Dişi Sahilində, 1854-cü ildə Seneqalda həyata keçirirlər.
1842-ci ildə Sakit okeandakı Markiz adaları, 1867-ci ildə Cənubi Vyetnam (Koxinxin)1863-cü ildə Kamboca, 1885-ci ildə Mərkəzi və Şimali Vyetnam, Madaqaskar adaları, 1880-90-cı illərdə Konqo, Nigeriya, Ubanqi, Şari, Çad gölü sahilləri, Sudan, Mərakeş işğal olunur.
1895-1904-cü illərdə Seneqal, Qvineya, Sudan və s. Qərbi Fransa Afrikası, Qabon, Orta Konqo, Ubanqi-Şari, Çad isə Ekvatorial Fransa Afrikası general-qubernatorluğu altında birləşdirilir.
Birinci dünya müharibəsi ərəfəsində Əlcəzair, Mərakeş, Tunis, Madaqaskar, Reyunon, Somali, Koxinxin, Kamboca, Annam, Tonkiy, Laos, Qvadelupa, Martinka, Qviana, Sen-Pyer, Mikelon, Polineziya, Yeni Kaledoniya, Yeni Qebrid adaları Fransanın nəzarətində idi.
Birinci dünya müharibəsindən sonra Fransaya məxsus qəsb edilmiş ərazilərə Toqo, Kamerun, Siriya və Livan da əlavə olundu.
1920-30-cu illərdə Suriya və Mərakeşdə başlayan milli azadlıq hərəkatları zamanı onminlərlə dinc insan fransız hərbi birləşmələri tərəfindən qətlə yetirildi.
İkinci dünya müharibəsindən sonra, 1954-cü ilə kimi Fransa koloniyalarının bir hissəsi öz müstəqilliklərini əldə etdilər. 1954-58-ci illərdə Əlcəzairin milli azadlıq hərəkatında 300 mindən artıq dinc sakin, o cümlədən qadın və uşaq qətlə yetirildi, Əlcəzair xalqına qarşı amansız soyqırım siyasəti həyata keçirildi. Bütün bunlara baxmayaraq, Əlcəzair öz müstəqilliyini əldə etdi. Daha sonra Kamerun, Toqo, Mali, Seneqal, Sudan, Madaqaskar, Benin, Nigeriya, Fil Dişi Sahili, Çad, Konqo, Qabon, Mavritaniya, Cibuti fransız zülmündən qurtuldu.
Amma hələ də Renyunon, Sen-Pyer, Mikelon, Yeni Kaledoniya, Polineziya, Uollis, Futuna, Mayotta və Yeni Qebrid adalarında yaşayan xalqlar hələ də “demokratik” Fransanın əsarətindədir.
Elçin Mirzəbəyli, jurnalist, siyasi şərhçi