İran Azərbaycana qarşı illərdir informasiya müharibəsi aparıb. Azərbaycan hakimiyyəti və rəsmi media 30 il səbrli davranıb. Həmin dövr geridə qalıb. Hazırda Azərbaycan dövlət mediasının İrana adekvat cavabı Tehrandakıları çaşdırıb. Onlar bunu gözləmirdilər.

Azərbaycan Dövlət Televiziyasının rəhbəri Rövşən Məmmədovun bazar günləri aparıcılıq etdiyi proqramda İranın siyasətinin sərt tənqidinə dəqiqələr ayrılır, Güney Azərbaycanla bağlı önəmli fikirlər söylənilir. Azərbaycanın digər televiziya kanalları da Azərbaycan Dövlət Televiziyasından geri qalmırlar. İranın siyasətini ardıcıl olaraq təsis edildiyi gündən bu yana Günaz TV tənqid edir, Güney Azərbaycandakı vəziyyət işıqlandırılır. İndi Azərbaycanda onlarla Günaz TV var. Tehran Azərbaycana qarşı təbliğatı dayandırmadıqca bizim kanallar da eyni tempdə davam edəcəklər.

İnformasiya müharibəsini dayandırmaq və ya fasilə vermək Tehrandan asılıdır. 30 ildə bu baş verməyibsə, bundan sonra nəyinsə dəyişəcəyinə ümid azdır. İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti məlum məqaləsi ilə guya ortamı sakitləşdirmək istəyib, ancaq həmin yazıda o qədər ikibaşlı ifadə yer alıb ki, keçmiş nazir qaş düzəltdiyi yerdə göz çıxarıb. Belə yazılarla barışığa zəmin yoxdur. Digər tərəfdən biri “barışıqdan” yazdığı halda deputatları, imamları, generalları Azərbaycanın əleyhinə ağılları və ağızlarına gələni danışırlar.