Xeyli müddətdir, İranda davam edən aksiyalar, artıq bu dövlətin regional xarici siyasətinə də təsir edir. Bunu müxtəlif İran rəsmilərinin verdiyi açıqlamalar da təsdiqləyir. Bir çox ekspertin fikrincə, cənub qonşumuzun daxildəki ictimai fikri yayındırmaqdan ötrü, regional həmlələrə əl atması gözlənilən idi. Bununla bağlı olaraq, Tehranın Bakı ilə münasibətlərində yaranan ziddiyyəti də həmin kontekstdə qiymətləndirənlər də az deyildi. Eyni zamanda, bir çoxu düşünürdü ki, İran öz qonşularına müharibə elan edə bilər.
Yayılan xəbərə görə əhaliyə silah paylanılmasından sonra İran ordusu İraq Kürdüstanın paytaxtı Mehrabad şəhərinə hücum edib. Şəhər uğrunda qanlı döyüşlər gedir. Bu hücumun genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı nə qədərdir? Proseslər daxili gərginliyə necə təsir edəcək? Bu haqda Beynəlxalq Münasibətlər üzrə ekspert Əziz Əlibəylidən fikirlərini öyrəndik. O, bunun gözlənilən olduğunu bildirdi:
“Daxili gərginliyin dağılması lazım idi. Birinci növbədə, hakimiyyət İranın dini mərkəzlərindəki ibadət evlərinə, öz təxribatçıları vasitəsilə hücum təşkil edib.
Çünki İranda bir çox dindar hakimiyyətdən narazıdır. Hakimiyyət öncə, onları öz ətrafına yığmaq niyyətindədir və hazırda bu proses getməkdədir. İkincisi, kürdlərlə bağlı məsələ iki istiqamətdə özünü göstərir. İlk olaraq, Kürdüstan və Mehrabad istiqamətində hücumların həyata keçirilməsi buna sübut ola bilər. Bu hücumların həyata keçirilməsi üçün bölgə əhalisinə dərhal silahlar paylanıldı. Əlbəttə, bölgə əhalisində silah varsa, mülki şəxslərə də, orduya da, silahlardan istifadəylə bağlı səlahiyyətlər verilib. Bu mənada biz prosesin daxili faktor kimi önə çıxdığını görürük. İkincisi isə İran bu kontekstdə daxili siyasi gərginliyi xarici faktorlara yönəldərək “enerji boşalması”nı həyata keçirməyə çalışır. Bu da İraq Kürdüstanına hücum etməsi və şəhəri bombalamasına gətirib çıxarır.”


Ə.Əlibəyli rəsmi Tehranın vəziyyətdən çıxış yollarına da nəzər yetirdi:
” Hesab edirəm ki, İran iki vacib məsələnin öhdəsindən gəlməlidir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın və Rusiyanın başı Ukrayna məsələsinə qarışıb. Yaxın Şərq regionunda kifayət qədər boşluq yaranıb. Bu mənada İran öz mövqelərini gücləndirə bilər.
Bu proseslər Türkiyənin “Pəncə-Kilit” əməliyyatı ilə eyni vaxta düşdü. Görünən odur ki, Türkiyə də dövrü yaxşı qiymətləndirir və bölgədəki boşluqdan istifadə edir. Bununla bərabər, kürdlərlə bağlı ABŞ proyektini ortadan qaldırmağa çalışır. Bu planın İran tərəfə düşən hissəsini də özü icra edir ki, dərhal həmin boşluğu tutsun.”
Ekspert döyüşlərin perspektivi haqqında proqnoz verdi:
“Hazırki döyüşlərin geniş miqyaslı müharibəyə çevrilmə ehtimalı hələki azdır. Çünki hakimiyyət və müəyyən prosesləri idarə edən qüvvələr var. Sadəcə müxalifətin və inqilabçıların narazı kütlənin üstünlüyü ondadır ki, onların vahid lideri və vahid mərkəzləri yoxdur. Bütün İran boyu həmin narazılıq mənbələri, aşağı-yuxarı 60 gün ərzində qalmaqdadır və eyni səviyyəni davam etdirir. Bu İran hakimiyyəti üçün böyük problemlər və çətinliklər yaradır.”

Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi