Böyük Azərbaycan partiyasının sədri Elşad Musayev Zəngilan və Cəbrayılda İsrail konsulluğunun açılması ilə bağlı təklif irəli sürüb. İsrailin Azərbaycanda səfirliyi 1993-cü ildən açılıb. Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı, şübhəsiz, həm də riyakar qonşularımıza bir mesajdır. Maraqlıdır ki, işğaldan yenicə azad olmuş torpaqlarımızda  İsrail konsulluğunun açılması hansı əhəmiyyətə malikdir və bu nəqədər realdır?


Milli Məclisinin deputatı Cavid Osmanov bu məsələylə bağlı  münasibətini bildirərkən qeyd etdi ki, Azərbaycan-İsrail münasibətləri  yüksələn dinamika üzrə inkişaf etməkdədir: “İki ölkə, xalq arasında dərin və xoş münasibətlər mövcuddur. Səfirliyin təsis edilməsi bu münasibətləri daha da möhkəmləndirəcək. İsrail-Azərbaycan əlaqələri eyni zamanda özünü beynəlxalq münasibətlər sistemində də göstərir. Hər iki ölkə milli maraqlara söykənən, müstəqil siyasət yürüdərək  beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini yaxından dəstəkləyir. Əlbəttə, İsrail-Azərbaycan münasibətləri hansısa üçüncü dövlətə qarşı deyil, iki dövlət arasında ölkələrimizin tərəqqisinə, inkişafına və qarşılıqlı əməkdaşlığa yönəldilmişdir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Böyük qayıdış” a dair 2022-2026-ci illəri əhatə edən, dövlət proqramı qəbul olunmuşdur. Proqrama uyğun olaraq bu müddət ərzində işğaldan azad olunmuş ərazilərdə 35-minə yaxın fərdi evlərin, çoxmənzilli binaların tikintisi həyata keçirilməli və bu rəqəmə uyğun olaraq, böyük qayıdışın tərkib hissəsi kimi buraya ailələrin köçürülməsi təmin olunacaqdır. Həmçinin, İsraildə ölkəmizin səfirliyinin açılması iki dövlət arasında olan münasibətlərin ən yüksək səviyyəyə çatmasının göstəricisidir”.
Deputatın fikrincə hazırda  yaşayış olmayan Zəngilan və Cəbrayılda hansısa konsulluğun açılması nə dərəcə effektiv olduğu sual altındadır: “Azərbaycanın mədəniyyət paytaxtı olan, Şuşada da qardaş Türkiyənin konsulluğunun açılması qərarı var. İndiki dövrdə orada yenidənqurma və bərpa işləri aparılır. İnsanlar həmin ərazilərə qayıtdıqdan sonra konsulluq təsis ediləcək. Gələcəkdə bizim milli maraqlarımıza uyğun olaraq İsrailin Azərbaycanın hansısa bir ərazisində konsulluğun açılmasına ehtiyac duyularsa, əlbəttə konsulluq da təsis oluna bilər”.
Deputat İranın Azərbaycanda İsrail konsulluğunun açılmasına qarşı sərt münasibəti barədə də danışdı: “İran hər zaman, xususilə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı riyakar siyasət yürütməyə davam edib. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən və Zəngəzur dəhlizinin açılmasından sonra İran bu qərəzi daha da açıq şəkildə nümayiş etdirdi. Əslində İranın bu mövqeyi başa düşülən deyil. Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində hər zaman İrana qarşı dostluq, qarşılıqlı əməkdaşlıq münasibətləri sərgiləməyə çalışmışdır. Hətta, Azərbaycan prezidenti işğaldan azad olumuş ərazilərə səfəri çərçivəsində “Xudafərin körpüsü”nü “dostluq körpüsü” adlandırmışdır. Dövlət başçısı həmçinin, İran-Azərbaycan sərhədini “dostluq sərhədi” adlandırmışdır. Amma, çox təssüf ki, İran bu mesajların heç birini anlamayaraq, Zəngəzur dəhlizinin açılmasına qarşı ermənipərəst mövqe nümayiş etdirdi. Hətta İran Ermənistanın təhlükəsizliyini “öz təhlükəsizliyi” adlandırdı və onu “İranın qırmızı xətti” elan etdi. İran bizimlə sərhəddə bir neçə ay hərbi təlimlər keçirdi. Onun bu mövqeyi bölgədə sülhə əngəl törədən addımdır və açıq şəkildə Ermənistanın mövqeyini dəstəklədiyini nümayiş etdirir. Belə olan halda çox təssüf ki, 132-km olan Azərbaycan-İran sərhədində 32 il ermənilərin işğalı altında olduğu müddətdə burada heç bir hərbi təlimlər keçirilmədi. Halbuki İran Azərbaycan torpaqlarının 20-% Ermənistanın 30-il isğalı altında olanda Azərbaycanın təhlükəsizliyini “İranın təhlükəsizliyi” adlandırmadı. Bu çox riyakar bir siyasətdir. Azərbaycan da adekvat olaraq İran-Azərbaycan sərhədində hərbi təlimlər keçirdi. Və bununla ölkəmiz bizimlə kimsənin təhdid dilində danışa bilməyəcəyini nümayiş etirdi. Çünki artıq Azərbaycan 90-cı illərin əvvəllərindəki ölkə deyil. İndi ölkəmiz dünyada hörmətlə yanaşılan güclü bir dövlətdir. Dünya ölkələri Azərbaycanla hesablaşırlar. Biz bunu son illər ərzində Azərbaycan prezidentinin səfərlərində də açıq şəkildə görürük. İranın bu mövqeyi, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi və yaxud gələcəkdə ölkəmizdə hansısa bir konsulluğun açılması İranı qıcıqlandırırsa, qoy, qıcıqlandırsın. Bu onların daxili işləridir”.

Deputat Prezident İlham Əliyevin bu məsələylə bağlı beynəlxalq konfransda  çıxışını da qeyd etdi: “Cənab prezident  ADA universitetində, beyin mərkəzlərinin iştirakı ilə beynəlxalq konfransda iştirak edib, bu məsələyə açıq şəkildə Azərbaycan xalqının mövqeyini nümayiş etdirdi. Bir daha çatdırdı ki, biz öz xalqımızın xoşbəxtliyi naminə çalışırıq və bundan sonra da bələ davam edəcəyik. Bu artıq onların öz daxili işləridir. Biz öz qətiyyətli mövqeyimizi və uğurlu siyasətimizi bundan sonra da davam etdirəcəyik. Azərbaycanı qətiyyətli mövqeyindən kimsə çəkindirə bilməz. Bizim milli maraqlarımıza hansı addım atmaq uyğundursa, əlbəttə Azərbaycan o addımları bundan sonra da davamlı şəkildə həyata keçirəcəkdir. İstər İran, istər Ermənistan, istərsə də hansısa başqa bir qüvvələrin narazılığı bizi yolumuzdan çəkindirə bilməyəcəkdir”.

Bu təklifə Ağ partiya sədri Tural Abbaslı da münasibətini bildirdi: “Düşünürəm ki, hazırkı İran və Azərbaycan arasındakı qarşıdurmaya görə bu təklif irəli sürülüb. Onsuzda Azərbaycan İsraildə səfirliyinin açılması ilə bağlı qərar verib. Hələlik İrana cavab qismində bu yetərlidir. Əgər gələcəkdə ermənilər Təbrizdə və yaxud Ərdəbildə konsulluq açarsa, o zaman bu kimi məsələləri müzakirə etmək olar. Məncə, indi konsulluq məsələlərinin müzakirə edilməsi tezdir. Çünki həmin ərazilər hələ də minalardan təmizlənməyib və insanlar köçürülməyib. Bu gələcəyin işidir”.
Gülbəniz Səfərova, BDU Jurnalistika fakültəsinin tələbəsi