Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu günlərdə belə bir açıqlama verib ki, yaşa görə pensiyaların orta məbləği 11 faiz artaraq 399 manat təşkil edib. 

2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4mlrd. 114 mln. manat olub.

Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir. Bu məsələ ilə bağlı İqtisadçı, BDU SABAH qruplarını dekan müavini Gündüz Camalzadənin fikirlərini öyrəndik. 

– Siz bu göstəricini necə qiymətləndirirsiniz? 

– Dövlətin öz öhdəlikləri var. Bu öhdəliklər əhalinin sosial təbəqəsinin maliyyələşdirilməsi, problemlərin həll olunması ilə bağlı olan siyasət yeritməkdən biridir. Məsələn, vergilərin yaranması, gömrük xərclərinin yığılması dövlət büdcəsini formalaşdırmaq üçündür. Dövlət büdcəsi də əməkhaqlarına, layihələrin həyata keçirilməsinə, eyni zamanda bu layihələrə sosial həssas təbəqənin tələbatlarının minimum şəraitdə ödənilməsi daxildir. 

– Bəs dövlətin siyasəti nədən ibarətdir?

– Dövlətin də əsas siyasəti ondan ibarətdir ki, sosial həssas əhalinin bazar şəraitinə uyğun olaraq tələbatlarını ödəsin. Hazırda  bazarlarda yüksək inflyasiyalar var. Post-pandemiya dönəmi, dünyada isti müharibələrin gedişatının artması, Rusiya-Ukrayna müharibəsi, Çin-Tayvan qarşıdurması və s. bu kimi münaqişələr petrol qiymətlərinin artmasına gətirib çıxarır. Nəticədə bazarlarda bu xammaların qiyməti artdığına görə yüksək inflyasiya müşahidə olunur. Eyni zamanda dövlət sərt pul siyasəti yeridir. Beynəlxalq banklar da bazarda sərt pul siyasəti yeridirlər. Nəticədə pula əl çatımlılıq azalır, faizlər qalxır. Bunun yeridilməsində əsas məqsəd bazarda hökm sürən inflyasiyanın qarşısını almaqdır. Bu gün Türkiyədə  inflyasiya 80%-dən çoxdur. Türkiyə kimi Azərbaycanda da inflyasiya var. Dövlət baxır ki, bazarlarda inflyasiya nəticəsində zəruri ərzaq məhsullarının- çörək, ət, makaron və s.  qiyməti dəfələrlə çox artır. 

-Dövlət bu bahalaşmaları nəzərə alaraq sosial həssas təbəqə üçün nələr edir?

– Dövlət insanların tələbatlarını ödəmək üçün sosial həssas təbəqənin müavinətlərini bazarlara uyğunlaşdırır. Bu məqsədlə məcburi köçkünlərə ödənişlər, tələbələrin təqaüdlər, əlilliyə görə olan ödənişlər, yaşa görə olan pensiyalar və s. ödəyir. 

Aytac Fuadqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi