Türkiyə və Misir arasındakı münasibətlər dəyişkənliyini qoruyub saxlayır. Son zamanlarda yayılan bəzi xəbərlər iki ölkə arasındakı əlaqələrin necə inkişaf edəcəyi haqqında müzakirələr yaradıb. Hətta Prezident Rəcəb Tayyib Ərdoğanın Qətərin paytaxtı Dohada keçirilən, Dünya Çempionatının açılışında Misir Prezidenti Abdulfattah Es-Sisiylə salamlaşıb, onun əlini sıxması yenidən sualların yaranmasına səbəb oldu. Xatırladaq ki, bu ölkələr arasında diplomatik münasibətlər 1925-ci ildə qurulmuşdu, əvvəlcə ölkələr müvəqqəti vəkil mübadiləsi etdilər və 1948-ci ildə isə ilk səfirlər təyin edildi.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyə qarşıdakı aylarda Misirə səfir təyin edə bilər”- deyib. Türkiyə-Misir əlaqələrinin normallaşması barədə fikirlərini öyrənmək üçün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı, yaxın şərq üzrə siyasi analitik Vüqar Zifəroğluna müraciət etdik.

O bildirdi ki, Türkiyə ilə Misir münasibətlərində son zamanlarda əsasən də, 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra müəyyən gərginliklər baş qaldırıb:
” Şərqi Aralıq Dənizi böhranında isə bu gərginliklər ən pik həddinə çatdı. Çünki Türkiyənin Liviya və Şərqi Aralıq dənizi ilə bağlı imzaladığı müqaviləyə alternativ olaraq formalaşan blokda, Misir də təmsil olunurdu. Eyni zamanda da Misir faktiki olaraq Türkiyənin Şərqi Aralıqdakı maraqlarına və nüfuzuna təhdid yaradan Yunanıstanla müttəfiq münasibətlər qurmağa başladı.”
V.Zifəroğlu iki dövlət arasındakı əlaqələrin bugünə kimi olan gedişatını da analiz etdi:
“Diqqət etsək görərik ki, son 1 ilə yaxın müddət ərzində, bu münasibətlərdə müəyyən bir qarşılıqlı dialoq atmosferinə təkan verəcək addımlar atılır. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, Türkiyə Xarici İşlər Nazirliyi Mövlud Çavuşoğlunun da verdiyi bu açıqlama əslində son 1 ildəki bu istiləşmə tendensiyasının təzahürüdür. Deməli, gözləmək olar ki, Türkiyə ilə Misir münasibətlərində müsbətə doğru dönüş yaransın.”

Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi