Son günlərədək nüvə müharibəsi ehtimalı artmaqda idi. Belə ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsi təhlükəsinin ciddi ve real olduğunu bildirmişdi. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bir neçə dəfə oxşar fikirlər səsləndirib. Amma Rusiya prezidenti Vladimir Putin bu günlərdə nüvə müharibəsi təhlükəsinin getdikcə artdığını qeyd edərək, Rusiyanın ondan istifadə etməyəcəyini bildirib.
Kreml daxilindəki ziddiyət barədə danışaşan Beynəlxalq Münasibətlərin və Diplomatik Araşdırmalar Mərkəzinin eksperti Kənan Novruzov nüvə silahından istifadə haqqında ölkə rəhbərlərinin verdiyi açıqlamalara nəzər yetirdi:
“Məsələ bundan ibarətdir ki, təqribən 2 – 3 ay bundan əvvəl Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu, keçmiş prezident, Təhlükəsizlik Şurasının Dmitri Medvedev demişdilər ki, biz özümüzü müdafiə üçün bütün silahlardan, o cümlədən də, nüvə silahlarından istifadə edə bilərik. Sergey Şoyqu və D.Medvedev bu açıqlamanı verəndən sonra, Rusiyanın nüvə silahından istifadə etmə ehtimalı ilə bağlı müzakirələr getdikcə artmağa başladı. Hətta bir çox analitiklər, politoloqlar Rusiyanın məğlub olduğunu başa düşəndən sonra nüvə silahından istifadə edəcəyini bildirmişdilər. Şübhəsiz ki, hələ də Rusiya bunu hiss etmir və onun üçün sonun başlanğıcı deyilən mərhələ başlamayıb. Olsun ki, müharibədən qalib çıxacağına inanaraq müqavimət göstərmir.”
Ekspert V.Putinin açıqlamalarının səbəblərinə də aydınlıq gətirdi:
“Düşünürəm ki, Putinin açıqlamasının köklü səbəbləri var. Birincisi, qış gəlir və qış fəslinin yaxınlaşmağı, havaların soyuması Rusiyaya sərf edir. Beləliklə, daha əlverişli şərait yaranır. Çünki Avropada və ABŞ-da tədricən enerji böhranı yaranacaq. Enerji böhranının aradan qaldırılması üçün gərək Rusiya Avropaya qaz ixrac etsin. Qeyd edək ki, Avropanın Rusiyadan asılılığı artıb. V.Putin məhz bunları nəzərə alaraq öz kəskin ritorikasından əl çəkib, ehtimal olunan sülh müqaviləsi üçün bir növ “ayaq yeri qoyur”.
K.Novruzov Rusiyanın tam çıxılmaz vəziyyətə düşdüyünü hiss edəndə nüvə silahından istifadə edə biləcəyini bildirdi:
“Bu, V.Putin kimi adamlar və Rusiyanın xarici siyasət kursu üçün gözlənilməz bir hal deyil. Nəzərə almalıyıq ki, V.Putin keçmiş agent olub və kifayət qədər də qəddar insandır. Eyni zamanda Rusiyanın imperialist xarici siyasət kursu da nüvə silahından istifadəyə imkan verir. Amma bu silahdan Qərbdə də var. Buna əsasən deyə bilərik ki, nüvə silahından istifadənin qarşılıqlı bir hal alması gözləniləndir. Fikrimcə, bu məsələ də artıq yavaş-yavaş Kreml rəhbərini narahat etməyə başlayıb. Üçüncü tərəfdən xüsusilə Çin Rusiya ilə tərəfdaş olduğu üçün müharibənin özünə də ziyan dəyəcəyini bilərək onu çəkindirməyə çalışa bilər. Hazırda Qərbin əsas məqsədi Rusiya, Çini və İranı sıradan çıxarmaqdır. Başa düşüləndir ki, Rusiya prezidentinin bu üslubu vəziyyəti daha da mürəkkəbləşdirir.”
Gülay Məmmədova, BDU Jurnalistika fakültəsinin tələbəsi