Məhərrəm ayının onuncu günü tamamlanır. Müsəlman ölkələrində bu təqvim Aşura günü kimi qeyd olunur.

Bu gün islam aləmi Kərbəlada peyğəmbərinin çox sevdiyi, müsəlmanlara da hörmətini saxlamağı vəsiyyət etdiyi sevimli nəvəsi Hz. Hüseynin və doğmalarının amansızlıqla qətlə yetirilməsini hüzn və kədərlə qeyd edir.

Lakin təəssüf ki, heç də bütün ölkələr bu günü mahiyyət və ədəbli şəkildə qeyd etmir. Belə ölkələrdən ən çox diqqət çəkəni də özünü islam respublikası adlandıran molla rejiminin hökm sürdüyü İrandır.

İslam dinini özünün dövlət ideologiyası halına gətirən və qonşu ölkələrdə sabitliyi pozmaq üçün bir alətə çevirən rəsmi Tehran hər il olduğu kimi bu il də Aşura günü mərasimlərini siyasiləşdirir.

İranda keçirilən məhərrəmlik və əzadarlıq mərasimlərində bu il də hədəfdə Azərbaycan Respublikası var. Belə ki, mərasimlərdə Azərbaycanın antiislam ölkə olduğu təbliğ olunur. Əzadarlıq mərasimlərindəki banner və plakatlarda “Azərbaycanda həbsdə olan 2000 mücahid şiənin xatirəsinə”, “Azərbaycan sionizmin işğalından azad olunsun” və başqa bu məzmunlu ifadələr əks olunub.

Aydın məsələdir ki, İranda keçirilən Məhərrəmlik və əzadarlıq mərasimləri birbaşa dövlət tərəfindən təşkil edilir və çox ciddi şəkildə nəzarət olunur. Bu mərasimlərdə oxunan mərsiyələr, Kərbəla faciəsinin əks etdirildiyi tamaşalar, iştirakçıların səsləndirdiyi şüarlar, əllərində tutduğu plakat və bannerlər, bir sözlə, hər şey ciddi yoxlamadan keçir.

Belə olan təqdirdə əzadarlıq mərasimlərindəki banner və plakatlarda “Azərbaycanda həbsdə olan 2000 mücahid şiənin xatirəsinə”, “Azərbaycan sionizmin işğalından azad olunsun” və başqa bu məzmunlu ifadələr əks olunması təsadüf ola bilməz. Bu birbaşa molla rejimin antiazərbaycan, antisemit və təkfirçi siyasətinin növbəti təzahürüdür.

Aşura günü hər il Azərbaycanda da qeyd edilir. Aşura ilə əlaqədar məscid və ziyarətgahlarda mərasimlər, qanvermə aksiyaları keçirilir, paytaxt Bakı başda olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında insanların ehsan məqsədli təam və su paylamasına şərait yaradılır. Hətta mərhum prezident Heydər Əliyev Aşura günündə birbaşa mərasimlərdə iştirak edirdi. Ölkə başçısı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da islam dininə hörmət və ehtiramı hər kəs tərəfindən bilinir. Bu, “sionizmin işğalında olduğu” iddia edilən bir ölkənin Məhərrəmlik ayına, Aşura gününə, Hz. Hüseyn və tərəfdarlarına verdiyi dəyər və ehtiramdır.

İndi isə özünü islam ölkəsi adlandıran İrana baxaq. İranda hər il Məhərrəmlik ayında, Aşura günündə yüzlərlə, minlərlə insan ya yaralanır, ya da həyatını itirir. Buna səbəb alınyarma, zəncirvurma, özünü qamçılama kimi islamda haram və qadağan edilmiş rituallardır.

Bununla da kifayətlənməyən molla rejimi Aşura günündə keçirilən yürüşlərdə, mərasimlərdə siyasi nifrət, dini ayrı-seçkilik, rasist şüarlar səsləndirərək islamın birlik-bərabərlik, sülh prinsiplərini açıq şəkildə pozur.

Təəssüf ki, bu gün özünü islam ölkəsi adlandıran, qonşularını isə sionizimdə, ya da dinsizlikdə günahlandıran İran Yezid xislətinə bürünüb. Molla rejiminin yezidliyinin ən radikal əməli isə şübhəsiz ki, Güney Azərbaycanın və bütövlükdə regionun incisi hesab edilən Urmiya gölünün qurudulmasıdır.

Hz Hüseynin Kərbəla günü susuz şəkildə həyatını itirməsindən, ona və övladlarına su gətirərkən qolları, başı kəsilən Hz. Abbasdan utanmayan molla rejimi bütün dünyanın gözü qarşısında Urmiya gölünü qurudur.

Bütün bu əməlləri edən bir ölkənin zalım hakimiyyətinə bir ad vermək olar: Yezid aşiqi!

Turan Rzayev, politoloq