Bir müddət əvvəl Azərbaycanda 2023-cü il ərzində orta aylıq pensiya məbləğinin 52,6 manat və ya 14,2 % artaraq 422 manat olacağı proqnozlaşdırıldığı bildirilmişdi. Son günlər bu məsələ ilə bağlı yayılan yeni iddialara görə gələn il ərzində güc strukturları kimi sahələrdə çalışmış veteran şəxslərə qida, forma pulu və s. kimi təqaüdlərin ayrılacağı bir sıra suallara səbəb olub.
İddialarla bağlı suallara aydınlıq gətirən iqtisadçı-ekspert, ReAL partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, gələn ilin dövlət büdcəsində sosial yardımlar üçün ayrılan vəsait bəllidir: “Təqaüd məsələsi ilə bağlı bir təsnifat yoxdur. Ümumi vəsaitlər elan olunduqdan sonra, müvafiq icra hakimiyyəti vasitəsilə vəsaitlərin bölüşdürülməsi təmin olunur”.

Ekspertin sözlərinə görə 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönümlü xərcləri cari illə müqayisədə 9,2 faiz çox nəzərdə tutulub. Bu isə o deməkdir ki, respublikamızda həyata keçirilən siyasətdə növbəti ildə də sosial sferanın prioritetliyi təmin olunacaq. İqtisadçı sözügedən təqaüdlər və iddiaların hər birinə aydınlıq gətirib: “Açığı, parlament müzakirələrində belə bir məsələnin gündəmə gəlməsini xatırlamıram. Amma əgər ümumi vəsait ayrılacaqsa, Sosial Müdafiə Nazirliyinin bu tip kateqoriyalara aid olan insanlara yardım ayrılması mümkündür. Amma ayrıca bir qanunvericilik aktı və yaxud büdcədə ayrıca bir maddə kimi bu məsələ yer almayıb”.


O, təqaüdlərlə yanaşı, maaşların artımı məsələsinə də toxunub: “Müzakirələr zamanı təqaüdlərin artımı ilə bağlı 15%-lik rəqəm səsləndirildi. Təqaüdün baza hissəsində 15 faizlik indeksasiya nəzərdə tutulub. Amma maaşlarla bağlı hələ ki bir məlumat yoxdur. Çox güman, büdcə təşkilatlarında çalışanların maaşlarında da təqribən 10-15% artım gözlənilir”.

Aysun İbrahimova, BDU Jurnalistika fakültəsinin tələbəsi