Şuşa-Laçın yolu üzərində dekabrın 12-də başlayan aksiya hər kəsin oraya axınına səbəb oldu. Bütün Azərbaycan xalqı tariximizin şanlı səhifələrindən olan 44 günlük müharibə müddətində olduğu kimi, yenidən bir bayraq altında yumruq olmağı bacardı. Aksiyanın səbəbi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə olan ekoloji vəziyyətin pozulması, onların bölgədə apardığı qanunsuz fəaliyyət və Azərbaycanın bununla bağlı monitorinq keçirməsinə imkan verilməməsi idi. Hadisə yerində baş verənləri daha ətraflı öyrənmək üçün BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Gülyetər Mahmudovaya müraciət etdik, ondan mövcud şəraitlə bağlı məlumatlar aldıq:
-Necə oldu ki, aksiyaya yollandınız?

– Xankəndi Laçın yolunda ekoaktivistlərimizin keçirdikləri dinc aksiyanı televiziyadan izləyəndə orada olub həmin ab-havanı hiss etməyi çox istəyirdim. Medianın İnkişaf Agentliyinin könüllülərdən getmək istəyənləri aparacaqlarını eşidəndə dərhal getmək istədiyimi bildirdim. Səhər saat 6-da yola çıxdıq. Şuşaya getdiyimiz üçün yol boyu hamımız yüksək əhval ruhiyyədə idik.
-Orada necə ab-hava ilə qarşılaşdız və bu sizdə hansı təəssüratları yaratdı?
-Oraya çatdıq və gördüyümüz mənzərə bizi sözün əsl mənasında heyran etdi. Yolun iki tərəfini barikdalarla bağlayan rus “sülhməramlıları” və onların qarşısında Azərbaycan bayraqları ilə dayanan insanları görəndə içimdə böyük qürur hissi yarandı. Avtobuslardan düşdük və gecədən bəri yatmayan insanlar gedib çay içsin deyə onların yerinə rus əsgərlərinin qarşısına keçdik. “Stopekoterrorizm”, “stopekovandalizm” kimi şüarlar səsləndirdik. İnsanlar çox yüksək vətənpərvərlik əhval ruhiyyəsində idi. Demək olar, hər yaşdan insan var idi . Aktivistlər şüarları səsləndirdikcə rus əsgərlərinin gözlərinin içinə baxırdılar. Onlar isə gözlərini qaçırırdı.


-Diqqətinizi çəkən hansı məqamlar oldu?
-Erməni mənbələri azərbaycanlıların maşınların keçməsinə mane olduqlarını deyirlər. Amma biz orada olanda humanitar yük daşıyan iki maşın oradan keçərək Xankəndiyə getdi və qayıtdı. Maşınlar keçən zaman insanlar kənara çəkilir, sonra yenidən yerlərinə qayıdırdılar. Hər kəs səssiz şəkildə maşınların keçməsini gözləyirdi. Diqqətimi çəkən başqa məqam isə “sülhməramlı” hərbiçilərin fotoaparatla çəkiliş etmələri idi.


-Aksiyanın gedişatı haqqında nələr deyə bilərsiniz?
-Durmadan şüarların səsləndirilməsi davam edirdi. Qışqırmaqdan səsimiz tutulsa da, etirazımızı bildirməyə davam edirdik. Televiziyalar isə daim çəkilişdə idi. Axşama doğru hava soyuyurdu. Ona görə tonqal qalamaq üçün hazırlıq başlayırdı. Həmçinin səs ucaldanlardan musiqi sədaları səslənir və insanlar oynayırdı. Axşam saat 7-də dedilər ki, artıq hazırlaşmaq vaxtıdır. Heç getmək istəməsək də, başqa gələnlərə şərait yaratmaq üçün yola çıxdıq. Ümid edirəm ki, insanlarımızın Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı hərəkatı müsbət nəticəsini verəcək. Azərbaycan gənci olaraq torpağımızın və sərvətlərimizin keşiyindəyik.
Məmmədova Gülay,
BDU Jurnalistika fakültəsinin tələbəsi