Azərbaycan Xarici İşlər Nazirliyi dünən Ermənistana növbəti dəfə çağırış edib. Bildirilib ki, Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməli, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmalıdır.


Məlum olduğu kimi, Ermənistan hakimiyyəti azərbaycanlı ekofəalların Xankəndidən keçən Şuşa-Laçın yolundakı aksiyalarından ölkəmizə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışır. Rəsmi İrəvanın iddialarına görə, yolun bağlanması nəticəsində qondarma respublikada humanitar böhran yaranıb. Əlbəttə, bu absurddur. Ermənistanın iddialarının əsassız olduğu BMT Təhlükəsizlik Şurasına ünvanladıqları müraciətlərinin puça çıxması zamanı bir daha üzə çıxdı.


İrəvanın əsassız iddiaları onun çirkin niyyətlərinin təzahürüdür. Görünür, Ermənistan hakimiyyəti sülh gündəliyindən xeyli uzaqdır. Bunu təsdiq edən başqa bir məqam isə, demək olar, hər gün atəşkəsin pozulması, yəni hərbi təxribatlardır.


Əlbəttə, hərbi – siyasi provokasiyalarını davam etdirən hakimiyyətin yaxın zamanda xoşluqla sülh müqaviləsi masası arxasına əyləşəcəyini gözləmək sadəlövhlük olar. Deməli, bunun üçün Ermənistana təzyiqlərin davam etdirilməsi qaçılmazdır.


Ermənistan baş naziri Nikol Paşinyanın “şıltaqlığına” şərait yaradan tərəflər var. Zaman- zaman həm Rusiya, həm Qərb, həm də lobbi və diaspor Paşinyana “yaşıl işıq yandırırlar”. Lakin bu dəstəklər daimi xarakter daşımır. Bunu hökumət başçısı özü də bilir. Belə ki, yuxarıda adını çəkdiyimiz güclərin hər biri müxtəlif vaxtlarda Paşinyanı tək qoyublar. Çünki onları düşündürən Ermənistan hərbi- siyasi hakimiyyətinin, habelə dövlətçiliyinin gələcəyi yox, birbaşa öz maraqlıdır. Bu mənada Paşinyan, nəhayət, siyasi iradə nümayiş etdirməli və “maşa” olmaqdan qurtulmalıdır.


Regiondakı yeni reallıqlar, o cümlədən Azərbaycanın İkinci Qarabağ müharibəsinin qalib tərəfi kimi şərtləri diktə etməsi, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması, Türkiyənin Ermənistana barış əli uzatması, adətən Ermənistana havadarlıq edən İran daxilindəki xaotik durum, həmçinin Qərbin Moskva və Tehrana artan təzyiqləri Paşinyanı addım atmazdan əvvəl iki, bəlkə də, üç dəfə düşünməyə məcbur edir. Onu da nəzərə almaq lazımdır ki, vaxtı ilə ATƏT- in Minsk Qrupunun tərkibində münaqişənin uzadılmasına çalışan ABŞ indi Azərbaycanın maraqları ilə hesablaşır. Başqa bir səriştəsiz vasitəçi Fransanın isə nüfuzu azalmaqdadır.


Bütün bunlar Ermənistan hakimiyyəti üçün yeni çağırışlardır. Paşinyan yeni reallıqları nəzərə almalı, destruktiv xarici siyasət kursundan uzaqlaşmalı, Azərbaycanın sülh çağırışlarına cavab verməlidir. Faktiki olaraq hər ötən gün Ermənistan iqtidarının əleyhinə işləyir.
Kənan Novruzov