Cənab Prezident həm beynəlxalq mediaya, həm də yerli televiziya kanallarına verdiyi açıqlamalar və müsahibələr ilə informasiya mübarizəsinin də ali baş komandanı olduğunu nümayiş etdirir. Ölkəmizin qarşıya qoyduğu hədəflər, yeni ildə gerçəkləşəcək layihələr və bir sıra ictimaiyyət üçün maraqlı məqamlara ölkə başçısı sonuncu müsahibəsi ilə (10 yanvar 2023) aydınlıq gətirdi. Azərbaycan xalqı cənab Prezidentin bütün müsahibələrini maraqla izləyir və cənab İlham Əliyevin müsahibələri həm də qlobal gündəm yaradır.
Bu fikirləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdirir, politoloq Tural İsmayılov bildirib.
O qeyd edib ki, bir sıra vacib məqamlar müsahibədə qeyd edildi:
“ Cənab Prezident Qərbi Azərbaycan məsələsinin xalqımız üçün önəmini bir daha qeyd etdi. Ümumilikdə 20-ci əsrin ən ədalətsiz hadisələrindən biri Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası olub. Bu gün dövlət rəhbərimiz Qərbi Azərbaycanla bağlı bütün vətəndaşlarımızın üzərinə düşən məsuliyyəti söyləyərək bu məsələdə hər birimizin təbliğatda fəallığını vacib edir. Qərbi Azərbaycanla bağlı işçi qrup formalaşdırılıb. Beynəlxalq müstəvidə də bu mövunu aktuallaşdırmaq üçün əlimizdən gələni etməliyik bir azərbaycanlı olaraq. Vətəndaşlarımız Qərbi Azərbaycana geri dönməlidir”.
Cənab Prezident hərbi sahədə təkmilləşdirmələrin bundan sonra da davam etdiriləcəyini söylədi. Qalib ölkə kimi, regionun əsas aparıcı ölkəsi olan Azərbaycan bölgənin ən güclü ordusuna malikdir və bu bilavasitə ali baş komandanımızın siyasətinin nəticəsidir. Ölkəmiz bundan sonra hərbi sənaye məhsullarının ixracatçısı da olacaq ki, Azərbaycanın yeni potensialı dünyada da maraqla qarşılanacaq. Hərbi islahatların davamı olaraq XTQ sayının ən azı iki dəfə artırdığı da məlumdur və yenə də artırılacaq.
Ölkə başçısı müsahibəsində Ermənistanla sülhlə bağlı da önəmli mesajlar verdi. Bu gün ölkəmiz dünyada möhtəşəm bir örnək yaradaraq Ermənistan kimi dağıdıcı və işğalçı ölkə ilə regionun sabitliyi üçün sülhün vacibliyini vurğulayır. Cənab Prezident bu baxımdan həm də liderlik keyfiyyətlərini nümayiş etdirmiş olur. Eyni zamanda ölkə başçımızın Laçın yolunda günlərdir aksiya edən ekoaktivistlərlə bağlı düşüncələri gənclər üçün mükəmməl stimuldur.
Zəngəzur dəhlizi kimi qlobal kommunikasiya baxımından ən vacib layihənin reallaşacağı da artıq bəllidir. Bu layihəyə qarşı çıxan qüvvələrə rəğmən Azərbaycan Zəngəzur dəhlizini gerçəkləşdirəcək. Zəngəzur dəhlizi postpandemiya dövrünün ən vacib kommunikasiya xətti olacaq.
Xankəndi və ətrafında yaşayan Azərbaycan vətəndaşı olmalı olan ermənilər üzərindən manipulyasiya etməyə çalışan qüvvələrə də ölkə başçısı layiq olduğu cavabı verdi. ”Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, – o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, – onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar. Bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır.”
Bu mesaj bütün dünyaya mesaj xarakteri daşıyır. Xankəndinin Azərbaycandan kənar heç bir taleyi mövcud ola bilməz.
İlham Əliyevin bütün açıqlamaları hər bir baxımdan dünya siyasi institutları və beyin mərkəzləri tərəfindən maraqla izlənilir və tədqiq edilir.