Azərbaycanda son günlərin ən aktual mövzularından biri xaricdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması məsələsidir. Xüsusilə son illərdə gənclər artan sürətlə ölkə xaricində təhsil almağa üstünlük verir.
Qazet.az xəbər verir ki, artıq son məlumatlara əsasən ölkə xaricində təhsil alanların sayı 41 mindən çoxdur. Qeyd etmək lazımdır ki, bu olduqca yüksək rəqəmdir. Ölkə xaricində təhsil alanların əksəriyyəti Türkiyə və Ukraynada oxuyan tələbələrdir.
Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirib ki, Azərbaycandan kənarda təhsil almağa gedənləri əsasən 3 kateqoriyaya bölmək olar.
“Birinci kateqoriyaya daxil olanlar Azərbaycanda keçirilən qəbul imtahanlarında müvafiq bal toplaya bilməsə də, ali təhsil almaq arzusunda olan şəxslərdir. Onlar attestatla və yaxud da digər yerli imtahanlarla xaricə təhsil almağa gedirlər. 2-ci kateqoriyaya daxil olanlar isə Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli balı toplasa da, qəbul olduğu universitet və yaxud fakültə onu qane etmir, nəticədə o xaricə üz tutur. 3-cü kateqoriya isə dövlətlərarası müqavilələrə əsasən, dövlət proqramı ilə xarici ölkələrə təhsil üçün yollananlardır. Hazırda Təkcə Türkiyədə 21 min 600 nəfər, Ukraynada isə 8 mindən çox azərbaycanlı təhsil alır”.
Son zamanlarda isə xaricdə təhsil alan gənclərin öz diplomlarını Azərbaycanda tanıtmaqda bəzən çətinliklər çəkdiyi məlum olur. Buna səbəb isə burada bəzi meyarların nəzərə alınmasıdır. Bu diplomların təsdiqlənməsini Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi təmin edir. Ancaq rəsmi sorğu göndərməyimizə rəğmən bu qurumdan heç bir dəqiq məlumat ala bilmədik. Bu səbəbdən də ekspertə ünvanladığımız digər sual diplomların nostrifikasiyası prosesinin hansı əsaslara görə aparılması oldu.
Kamran Əsədovun fikirlərinə görə, sosial şəbəkələrdən də gördüyümüz kimi diplomları tanınmayanlar arasında olanların çoxu Türkiyədə təhsil alanlardır. Bunun da özünəməxsus səbəbləri var.
“Əsas səbəb budur ki, Türkiyədə qiyabi təhsil yoxdur, bəzən belə reklamlar da qarşımıza çıxır, bunlara inanmaq düzgün deyil. Türkiyədən diplomu distant formada alanların diplomları burada tanınmır. Xarici ölkələrə oxumağa gedən Azərbaycanlı gənclər bilməlidir ki, onlar qiyabi təhsil alacaqlarsa (Türkiyə istisna olmaqla) getdikləri ölkədə mütləq 15 gün qalmalıdırlar. Əgər onlar əyani təhsil almağa yollanırlarsa, onlar semestr ərzində 90 gün getdikləri ölkədə yaşamalıdırlar. Ən əsas məsələlərdən biri isə budur ki, xaricə yollanan tələbələr yaşadıqları ölkənin tədris dilini bilməlidir. Son zamanlar diplomların təsdiq olunmama səbəblərindən ən çox rast gəlinəni məhz budur”, – deyə ekspert vurğulayıb.
Son olaraq onu qeyd edək ki, xarici ölkələrə təhsil almağa yollananlar “enic-naric.net” portalında əvvəlcə gedəcəkləri ölkəni seçib lisenziyalı, rəsmi fəaliyyət göstərən universitetlərin siyahısını əldə edə bilər. Qəbul olunan universitetin adı əgər həmin siyahıda varsa belə olan halda tələbələr rahat şəkildə gedib orada təhsil ala bilərlər. Onlar geri döndükdə diplomlarını tanıda biləcəklər.