Bəzən insan mənən komfortda olur, sakitlik, rahatlıq, hər şey gözəldir, ancaq hiss eləyirsən ki, bu mənəvi komfort sənin deyil. Sən bu deyilsən. Bu sadəcə sosial – ictimai basqının nəticəsində səndə formalaşan arzu illuziyası olub. İstədiyimiz şeylərin neçə faizini həqiqətən biz istəyirik? Ümumiyyətlə, bir fərd olaraq istəyə, arzulaya bilirikmi? İnsan həm də arzuları, istəkləri ilə fərddir, şəxsiyyətdir. Bəzən komfortun içində qəfildən əvvəlki sənə bənzəyən adamla qarşılaşarsan və əslində əvvəl daha kefiyyətli, daha insan olduğunu görərsən. Bu komfort nəyinsə, bəlkə də kiminsə bədəlidir. Hətta olmasa belə, komfortda bir vecsizlik, laqeydlik, avaragorluq gördüm həmişə. Söhbət təkcə maddi yox, mənəvi komfortdan gedir . Komfortda bir ətalət, dəyişməzlik var. Hətta komfort ətalətin mühafizəsidir. Sən komfortun dəyişməyindən, yəni özünün dəyişməyindən qorxursan və robotlaşırsan, monotonlaşırsan. Maddi komfortda da belədir. Yaxşı vəzifəyə keçirsən, daha doğrusu, keçirirlər və dəyişilirsən. Çünki ailə qarşına tələblər qoyur və sən o tələbləri ödəməlisən. Bu tələblər isə səni bir zamanlar iyrəndiyin adama çevirir. Sən bir dəfə səndən plastilin kimi nəsə qayırmağa çalışan adamlara “dabro” verdinsə, deməli tilsimin qırıldı. İdarəetmən əlindən çıxdı. Geri qaytarmağa isə çox vaxt ömür yetmir.