Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov dünən BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb. O bildirib ki, Azərbaycanın sülh və quruculuq səyləri Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşir.
Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini “blokadaya” alması, bölgədə “humanitar böhran” vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib.
Azərbaycanın bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.
İlk növbədə onu deyək ki, Azərbaycan Vətən müharibəsindəki qələbədən sonra sülh təşəbbüsü ilə çıxış etdi. Bu məqsədlə İrəvana təklif göndərildi. Qalib dövlətin məğlub tərəfə sülh təklifi etməsi tarixdə nadir görülmüş haldır. Buna baxmayaraq, Ermənistan hərbi – siyasi hakimiyyəti bütün imkanları ilə prosesi uzatmağa çalışır. Savaşın üzərindən iki il keçməyinə baxmayaq, indiyə kimi yekun sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi məhz İrəvanın destruktiv mövqeyidir.
Baş nazir Nikol Paşinyan və onun komandası bir- birinə uyğun olmayan bəyanatlar verməklə yekun sülh müqaviləsinin imzalanmasını məqsədli şəkildə ləngidir. Bunun əsas səbəbi isə İrəvanın geosiyasi şəraitin dəyişəcəyinə ümid bəsləməsidir. Hakimiyyət elə bilir ki, Rusiya, Fransa və ya başqa üçüncü tərəflər gələcəkdə prosesə müdaxilə etməklə İrəvanı düşdüyü durumdan xilas edə bilərlər. Halbuki bu, xam xəyaldan başqa bir şey deyil. Sülh müqaviləsinin imzalanması prosesinin uzadılması ən çox Ermənistanın özünə ziyandır.
Laçın yolundakı “blokada” barədə Ermənistanın yaydığı iddialar da əslində bu kontekstdən qiymətləndirilməlidir. Bu cür əsassız fikirlər məhz perspektivdəki sülh sazişinə kölgə salmaq məqsədi daşıyır. Azərbaycanlı fəalların tələbi və aksiya iştirakçılarının Laçın yolunda humanitar yüklərin keçməsinə şərait yaratması çoxlarına məlumdur.
Nazir müavininin açıqlamasında diqqət çəkən məqamlardan biri də Qarabağdakı ermənilərlə bağlıdır. Rəsmi Bakı dəfələrlə, ən yüksək səviyyədə Qarabağ ermənilərinə müraciət edib. Bildirilib ki, Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə onlar digər vətəndaşlarımızdan fərqləndirilməyəcək. Qarabağ erməniləri qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlardan istifadə edə biləcəklər. Əslində bu, Qarabağ erməniləri üçün optimal variantdır. Çünki qondarma respublikanın gələcəyi yoxdur. Azərbaycan tez – gec Xankəndi, Xocalı və Xocavənddə də suverenliyini bərpa edəcək. Ermənilər bunu başa düşməli və rifah yolunu seçməlidirlər. Əlbəttə, vətəndaşlığımızı qəbul etmək istəməyən ermənilər üçün də qapı açıqdır. Onlar torpaqlarımızdan çıxmalıdırlar. Amma ermənilərin Qarabağda qanunsuz yaşamaları mümkün deyil.
Beləliklə, nazir müavininin sözügedən açıqlamasının timsalında rəsmi Bakı bir daha mövqeyini ortaya qoydu. Ümid edək ki, İrəvan bu çağırışlardan dərs çıxaracaq.
Kənan Novruzov