İranın Azərbaycan siyasətinin istiqamətlərini iki institut həyata keçirir.
Birincisi, ali rəhbərin əmrləri, göstərişləri əsasdır. Bunu icra edən radikal hərbi-siyasi-dini dairələr Azərbaycana hədə-qorxu gəlmək siyasəti ilə Tehranın regionda böyük ambisiyalarının olduğunu göstərməyə çalışırlar.
İkincisi, İrandakı prezidentlik institutu və bu çətir altında fəaliyyət göstərən hökumət digər ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi münasibətləri, diplomatik əlaqələri tənzimləmək funksiyasına malikdir.
Ali rəhbərlik və SEPAH-ın əlindəki dairələr Azərbaycanla gərgin münasibətlərin onlara xeyir gətirməyəcəyini anlayandan sonra prezidentlik təsisatına təlimatlar verirlər ki, əlaqələri düzəltsinlər.
Hərçənd ki, onlar da elə ali rəhbərin vurduğu buxovların əsiridirlər və prinsipcə praqmatik ideyalara da sahib deyillər. Azərbaycan-İran münasibətlərindəki bu temp uzun illərdir ki, davam edir, ancaq Qarabağ münaqişəsinin həllinə qədər gərginliyin hərtərəfli parametrləri siyasi-diplomatik üsullarla örtülürdü.
Elə ki, Azərbaycan Qarabağ münaqişəsini Ermənistanı ağır məğlubiyyətə uğradaraq həll etdi, bu, İranda qalaqlanan hirsi açıq müstəviyə keçirdi. Üstəgəl, Azərbaycanın Ermənistanla sərhədə çıxışı, İrəvan qarşısında sərt şərtləri, Türkiyə ilə strateji müttəfiqliyindən irəli gələrək önə çıxmaları Tehranın iç üzünün açılması üçün münbit şərait yaratdı. Beləliklə, Azərbaycanla Türkiyə İranın siyasətini ifşa edən addımları stimullaşdırdılar və Tehranın bölgə siyasətindəki nəbzini ölçdülər.
İran Zəngəzur dəhlizinin yarada biləcəyi strateji mövqelərdəki yerdəyişiklə yanaşı, ideoloji habdakı qüvvələr nisbətini dəyişəcəyindən də qorxur.
Çünki dəhlizlə Türkiyə regionda daha da möhkəmlənir. Türkiyə dini dövlət olmasa da, İslam coğrafiyasında artan nüfuzu İranın maraqlarına ziddir, deməli, Tehran özünün təhlükə saçan radikal dini ideologiyasına qarşı zərbələri Zəngəzur dəhlizi kontekstində də görür.
İranın maskaları cırıldıqdan sonra onda yaranan narahatlıqları kəşfiyyat sahəsində ard-arda uğradığı məğlubiyyətlər, ölkə daxilindəki etirazlar müşayiət edir. Xarici siyasət cəbhəsindəki uğursuzluqlar, daxildəki narazılıqlar, başqa ölkələrin kəşfiyyatlarının ölkədə at oynatması İranı daha radikal addımlar atmağa sövq edir. Bununla da İran problemlərin əsl mənbəyini “xarici düşməndə” axtarmağa çalışır və ali rəhbərliyin, SEPAH-ın vurduğu yaraların üzərini ört-basdır etməyə çalışır. İran indi bəşəri nizam üçün daha təhlükəli maneraya yaxınlaşır, bu, onun nüvə silahı əldə etmək üçün potensialını artırmasıdır. Böyük ehtimalla Türkiyə də bunun əleyhinə çıxışlarını gücləndirəcək.
Çünki İran nüvə silahına yaxınlaşmaqla Zəngəzur dəhlizinin strateji cəhətlərinə qarşı addımlarını sərtləşdirməyə çalışacaq. Ancaq bunun effektiv olacağı gözlənilən deyil. Ona görə ki, İrana qarşı beynəlxalq birlik, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, Azərbaycan-Türkiyə-İsrail üçbucağı dayanır.
Aqşin Kərimov, siyasi şərhçi