2020-ci il sentyabrın 27-si başlayan, və 44 gün davam edən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən tariximizin parlaq səhifəsinə çevrilmiş İkinci Qarabağ müharibəsinin nəticələrini dünya ölkələri fərqli cür qarşıladılar. Müharibə bitdikdən sonra isə Azərbaycanın mövqeyinin dəyişməyəcəyi açıq şəkildə bildirilsə də, status məsələsi əsas müzakirə mövzusuna çevrildi. Son zamanlarda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Dağlıq Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır”-deyə səsləndirdiyi fikir mübahisələrə səbəb olub.Bu mövzu barədə münasibətini öyrənmək üçün Ağ Partiyasının sədri Tural Abbaslıya müraciət etdik.O bildirdi ki, Qarabağın statusu məsələsinin gələcək nəsillərə saxlanılması fikri Rusiya prezidenti Vladimir Putinin ortalığa atdığı ideya olub:
“Bu, əslində hazırki vəziyyətdə qalib Azərbaycanın növbəti addımlarının qarşısını almağa yönəlib. Aydındır ki, Azərbaycan artıq 44 günlük müharibədə güclü tərəf olduğunu sübut edib.Bir tərəfin əzici üstünlüyü, qalibiyyəti digər tərəfi reallıqlarla barışmağa və təslim olmağa məcbur edir.Lakin hazırda Ermənistan süni şəkildə oyunda saxlanılır, yəni bəzi ölkələr başda Rusiya, sonra Fransa və nisbətən ABŞ olmaqla Ermənistanın bu prosesdən məğlub kimi çıxmasının qarşısını almağa çalışır. Dərinə endikdə bu ölkələrin niyyəti qətiyyən Ermənistan xalqına olan sevgi deyil. Həmin ölkələr Cənubi Qafqazda təsir imkanlarını saxlamaq üçün konfliktin sonlanmasını istəmir, çünki münaqişə bitsə həm Azərbaycana, həm də Ermənistana təsir etmək mümkün olmayacaq. Bu, regionda qalmaq istəyən Rusiyaya və regiona daxil olmağa çalışan ABŞ və Avropaya sərf etmir”.


Tural Abbaslının fikrincə, statusun gələcək nəsillərə saxlanılması fikri olduqca absurddur:
“Məsələni bu gün həll etməsək, gələcək nəsillərə daha ağır formada çata bilər.Bu fikrin səslənməsinin tək səbəbi Azərbaycanın qalib olmasıdır.Azərbaycan sona qədər bu məsələlərin bitdiyini bəyan etməlidir və edir.Prezident İlham Əliyev Vladimir Putinlə görüşdən öncə keçirilən brifinqdə mətbuata verdiyi açıqlamada da qeyd etdi ki, Qarabağ problemi artıq tarixdir və biz bu barədə danışılmasının tərəfdarı deyilik.Bu, status eləcə də Azərbaycanın erməni vətəndaşlarına veriləcək heç bir ayrıcalıqdan söhbət gedə bilməz deməkdir.Çünki Azərbaycanda kifayət qədər etnik millətlər var.Hər birinə ayrı-ayrı status verməklə dövlətçilik ənənəsini pozmaq olmaz.Bu baxımdan Azərbaycan öz mövqeyində möhkəm durur.Nəzərə alsaq ki, beynəlxalq aləmdə də Rusiya, Fransa, ABŞ və s. ölkələrin qarşısında tək deyilik. Türkiyə kimi dünya gücünə çevrilməkdə olan müttəfiqimiz var.”
Partiya sədri həmçinin bildirdi ki, Azərbaycan bu və ya digər məsələləri həll etmək gücünə malikdir:
“Növbəti mərhələdə tələbimiz Zəngəzur olmalıdır. Zəngəzur Azərbaycanın tarixi torpağı olmaqla bərabər Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında əlaqə yaradan, Sovet dönəmində xalqın iradəsi nəzərə alınmadan qoparılan torpaq parçamızdır. Bununla da ədalət yerini tapmalı və ölkəmiz bütövləşməlidir.”

Gülay Məmmədova, BDU Jurnalistika fakültəsinin tələbəsi