Dünən Rusiya ordusunun hərbçiləri Ermənistanda növbəti hərbi təlim keçirib. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.
Təlimdə motoatıcı bölmələr və hava hücumundan müdafiə qüvvələrinin pilotları iştirak ediblər.
Təlim uçuşlarına 130-dan çox hərbçi, 20 xüsusi texnika, o cümlədən MiQ-29 təyyarələri qatılıb.
Təlim çərçivəsində şərti hədəflər sıradan çıxarılıb.
Xatırladaq ki, martın 27-də Rusiyanın Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı hərbçiləri dağlıq ərazilərdə təlim keçirib.
Martın 29-da isə hərbi bazada xidmət edən pilotlar və tankçıların təlimləri təşkil olunub.
Rusiya hərbçilərinin Ermənistandakı təlimləri son günlər intensiv xarakter alıb. Fikrimcə, məşğələlərin indiki gərgin məqamda keçirilməsi təsadüfi deyil.
Nəzərə almaq lazımdır ki, Ermənistan son zamanlar təxribatlarını intensivləşdirib. Bu isə perspektivdəki sülh müqaviləsinin gündəlikdən düşməsi ilə nəticələnir.
Qarabağdakı ermənilərin təxribatlarına ərazidəki rus sülhməramlılarının şərait yaratdığına dair kifayət qədər fakt var. Rus hərbçiləri mandatlarına zidd olaraq ərazidə sabitliyi təmin etmir, əksinə, ermənilərin qondarma respublikaya hərbi daşımalarına göz yumurlar. Bu, rəsmi Moskvanın proseslərdə hansı formada iştirak etdiyinə və maraqlarına dair aydın işarədir.


Düşünürəm ki, təlimlərin son vaxtlar hər gün təkrarlanmasının bir neçə əsas səbəbi var. Beləliklə, Rusiya hər iki tərəfə mesaj verməyə, regiondakı mövcudluğunu göstərməyə çalışır. Moskva göstərmək istəyir ki, regionda ehtimal edilən hərəkətlilik onun nəzarətindən kənarda ola bilməz.
İkinci bir tərəfdən, ola bilsin, Rusiya bu yolla həm də Ermənistan hərbi-siyasi hakimiyyətinə ölkədəki mövcudluğunu xatırlatmaq istəyir. Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya ilə Qərb arasında “sürüşkən” siyasət yeritdiyi məlumdur. Paşinyanın bir sıra addımları Kremlin narazılığına səbəb olur. Həmçinin bəzi hallarda Ermənistan Rusiyanın maraqlarına uyğun davranmır. Ola bilsin, İrəvan və Moskva arasında maraqların uzlaşmaması son günlərdə baş verən hərəkətlərdə də özünü göstərir. Bu mənada, bəlkə də, hərbi təlimlər Ermənistana təhdid xarakterlidir.
Ermənistanın davam edən təxribatları nəticəsində baş verə biləcək eskalasiyada rus hərbçilərinin müdaxilə ehtimalı az olsa da, var. Təlimlərin məhz dağlıq ərazilərdə keçirilməsini belə bir ssenariyə hazırlıq kimi qiymətləndirmək olar.
Bu ehtimallardan hansının və ya hansıların daha dəqiq olduğunu isə, yəqin ki, yaxın gələcəkdə görəcəyik.
Kənan Novruzov