Bakı tıxaclar şəhəridir desək yanılmarıq. Amma araşdırsaq görərik ki, bütün meqa şəhərlərdə tıxaclara rast gəlinir. Artıq yeni dövrün bir dəbinə çevrilib. Bu problemin əsas səbəblərindən biri ondan ibarətdir ki, yollar neçə il bundan öncə qurulub. Sonradan tikilən körpülər belə, bu prosesin həllinə kömək etmir, yenə də tıxacın qarşısını yüksək səviyyədə almaq olmur. Çünki lap əvvəldən müvafiq qurumlar yol qıraqlarını meydançaya çeviriblər. Bu da yolun ensizləşməsinə səbəb olur. Digər tərəfdən isə maşınların da sayı hədsiz artıb. Artıq taksi şirkətlərinin sayı çoxdur.
Cəmiyyətin sıxlığa səbəb əsas təbəqəsi tələbələrdir. Onların ən çox istifadə etdiyi nəqliyyat vasitəsi metrodur deyə bilərik. Metro haqqında hardan başlayım bilmirəm. Sıxlıq o həddə gəlir ki, bəzən “Dərnəgül” stansiyasına getmək istəyərkən, özünü “İçərişəhər”qatarında görürsən, heç metroda yeri tutub dayanamağa ehtiyac belə yoxdur. Necə deyərlər, “iynə atsan yerə düşməz”. Bu o demək deyil ki, tələbələr olmasa, sıxlıq olmayacaq. Təklif edərdik ki, tələbələr üçün ayrı metro xətti olardı. Bu, həm tələbələr üçün rahatlığa, həm də digər sakinlər üçün sıxlığın qismən də olsa aradan qaldırılmasına səbəb olardı. Bunların qarşısının almağında yolları var və mütəxəssizlər bununla tez-tez məşğul olurlar.

Buna görə də biz nəqliyyat eksperti Elməddin Muradlının münasibətini öyrəndik. O bildirdi ki, tıxacın əsas səbəbi ictimai nəqliyyatın arzuladığımız səviyyədə olmamasıdır: “Metro şəbəkəsi genişlənməyib. İllər keçsə də, bu istiqamətdə ciddi addımların atılmayıb. İnsanlar avtobilləşməyə daha çox maraq göstəriblər. Ona görə də belə mənzərə yaranır. Əsas hədəf ictimai nəqliyyata yönəlməlidir, avtobusları, metro şəbəkəsini inkişaf etdirməliyik. Parkinglər yaradılmalıdır, orta məktəblərdə məktəblilər üçün avtobuslar işə başlamalıdır. Bunlar sıxlığın azalmasına səbəb ola bilər”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sıxlığın əsas səbəbini avtomobilləşmədə gördü: “İctimai nəqliyyat sisteminin xidmət səviyyəsinin lazimi səviyyədə olmaması, ictimai nəqliyyatın üstünlüyü tədbirlərinin yetərli olmaması, piyada və velosiped infrastrukturunun çatışmazlığı, şəhərin parklanma siyasətinin olmaması, eləcə də taksi sektorunun düzgün şəkildə tənzimlənməməsi sürətli avtomobilləşməni şərtləndirən əsas faktorlardır. Bura şəhərdaxili logistikanın tənzimlənməməsini də aid etmək olar.

BNA aparılan təhlillər əsasında illər öncə bu problemin daha kəskin hal alacağını proqnozlaşdırırdı. Bunu qarşısının alınmasının alternativsiz həll yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqinin zəruriliyi ilə bağlı təşəbbüslər göstərildi. Konkret olaraq xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmalıdır. Bu vasitə ilə biz müntəzəm marşrut xətləri üzrə avtobusların qrafik üzrə hərəkətinin böyük ölçüdə təmin olunmasına nail ola bilərik. Avtobusların səmərəli işinin təşkili, xidmət səviyyəsinin yüksəldilməsi ictimai nəqliyyatın etibarlığını artıracaq. Beləliklə bu sürətli avtomobilləşmənin qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir”.
Aytac Fuadqızı, BDU Jurnalistika fakültəsinin tələbəsi