Uzun illərdi ki, gömrükdə eyni mahiyyətli prosesə ikili yanaşma sərgilənir
Təsəvvür edin ki, siz xaricdən təyyarə ilə vətənə dönürsüz. Üzərinizdə də 800$-dan aşağı məbləğdə mal var.
Təbii ki, siz təyyarədən enəndən sonra Yaşıl dəhlizdən istifadə edərək, heç bir bəyannamə təqdim etmədən hava limanını tərk edirsiniz. Heç kim də sizə heç nə demir.
Əgər gətirdiyiniz malın dəyəri 800$- dan çox olarsa, onda Qırmızı dəhlizdən keçməli, bəyannamə təqdim etməli və rüsumlar ödəməlisiniz.
Maraqlıdır ki, bu malları elektron ticarət vasitəsilə, xarici ölkələrin elektron platformalarından sifariş etməklə gətirənlərə qarşı hökumət tərəfindən tamam başqa münasibət sərgilənir .
Hansı ki, bəlkə də tərsinə olmalı, daha münbit şərait yaradılmalıydı.
Problemin mahiyyəti nədir?
Məlumdur ki, elektron ticarət yoluyla vətəndaşın ala biləcəyi mala 300 $ limit müəyyən edilib.
Maraqlıdır ki , vətəndaş bu malı gətirəndə , hətta limiti keçməsə belə malı Smart Customs vasitəsilə bəyan etmək tələb olunur.
Görəsən nə üçün 800$-dan az mal gətirəndən bəyannamə tələb olunmur, amma başqa bir formada , e-ticarət üsulu ilə 300 $-dan az gətirəndə mütləq bəyannamə tələb olunur.
Yəni anlaşıqlı desək, e-ticarət üçün DGK nədənsə Yaşıl və Qırmızı dəhliz yaratmağı məqsədəuyğun hesab etməyib.
Daha doğru olmazdımı ki, DGK yuxarıda olduğu kimi, məhz e-ticarət formasında 300$-dan artıq mal gətirəndən məcburi bəyanetmə tələb edəydi.
Burada kimsə deyə bilər ki, DGK bununla da məhsul və onun dəyəri haqqında məlumat əldə etmək istəyir.
Amma maraqlıdır ki, DGK bu qeyd olunan məlumatları daşıyıcı şirkətlərdən, karqolardan əldə edir.
Elə bir neçə gün öncə də DGK , hətta əlavə olaraq da (hansı ki , onsuzda bu məlumatlar verilirdi) e-invoys xidməti yaradıb və karqolardan bu məlumatlar əlavə olaraq da tələb olunur.
Beləliklə, DGK -da eyni mahiyyətli prosesə uzun illərdi ki, ikili yanaşma sərgilənir.
Ümid edirəm DGK-nın yeni rəhbərliyi bu məsələni diqqətə alacaq , ikili yanaşma aradan qaldırılacaq və vətəndaşlar üçün gömrük prosesləri sadələşdiriləcək.
Osman Gündüz, İKT mütəxəssisi