Bir-biri ilə mübarizə aparan iki böyük güc – ABŞ və Rusiya eyni zaman kəsiyində Azərbaycana səfir təyin ediblər, sadəcə fərq ondadır ki, Kreml bir fərmanla səfirini çalışacağı ölkəyə göndərməyə hazırlaşırsa, Vaşinqtonda bu prosedur mürəkkəbdir, Konqres prezidentin müəyyənləşdirdiyi səfiri sorğu-suala tutur, bəzən isə namizədi təsdiq etmir. Azərbaycan nümunəsində belə bir hal olub. Metyu Brayza Konqresin təsdiqini almadığından Azərbaycandakı səfir vəzifəsini yarımçıq buraxmalı olub.

ABŞ prezidenti Co Baydenin Azərbaycana səfir təyin etmək istədiyi diplomat Mark Libbidir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatsa da, ABŞ hələ də Azərbaycana yeni səfir təyin etməyib. Mark Libbinin namizədliyi 2022-ci ilin may ayının 25-də irəli sürüklsə də, Konqresin Xarici Əlaqələr Komitəsində onun namizədliyi ilə bağlı dinləmələr iyunun 13-də keçirilib. Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub. Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib. Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.

Mark Libbi Senatın Xarici Əlaqələr Komitəsində çıxışında Azərbaycanın Ukraynaya humanitar yardımlarını yüksək qiymətləndirib. “Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına köməklik göstərəcəm”, – o vurğulayıb. Diplomatın sözlərinə görə, tərəflər razılığa həmişəkindən daha yaxındırlar. “Mən təsdiq olunsam, onlara sülhə nail olmaqda kömək edəcəyimi öhdəmə götürürəm… Sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha da dərin əlaqələrə yol açacaq” , – deyə səfir namizədi qeyd edib. Libbinin fikrincə, sülh sazişi regionu sabitləşdirəcək və münaqişədən istifadə etməklə öz bədxah təsirlərini genişləndirməyə çalışan rəqibləri sıxışdıracaq: “Sülh sazişi bizə Azərbaycanla münasibətlərimizdə uğurlu əməkdaşlığı növbəti səviyyəyə qaldırmağa imkan verəcək. Azərbaycanla terrorla mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığımız ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edir”.

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana təyin etdiyi yeni səfir – Mixail Yevdokimov da təcrübəli diplomatdır. 1959-cu ildə anadan olan Yevdokimov 1981-ci ildən keçmiş SSRİ-nin Xarici İşlər Nazirliyində çalışıb. Yevdokivov SSRİ dağıldıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif departamentlərində rəhbər vəzifələrdə çalışıb. 1997-2001-ci illər arasında ölkəsini BMT-dəki Nümayəndəliyində və digər beynəlxalq təşkilatlarda təmsil edib. Yevdokimovun XİN-dəki son vəzifəsi Müstəqil Dövlətlər Birliyində departament rəhbəri olub. Belə anlaşılır ki, Azərbaycana səfir təyin olunan rusiyalı diplomat bölgəni yaxşı tanıyır.

Yevdokimovdan əvvəlki səfir Mixail Boçarnikovun Azərbaycandakı fəaliyyət dövrü bir göz qırpımında bitdi. Boçarnikov kölgədə qalmağa üstünlük verirdi, müsahibə və açıqlamaları çox deyildi. Halbuki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin az qala hər gün açıqlama verir, Ermənistanı qarış-qarış gəzir. Doğrusu, bizə Rusiyanın Azərbaycanda Kopırkin kimi fəal səfiri heç lazım da deyil. Rusiyanın Azərbaycandakı ilk səfiri Valter Şoniyanın qarışmadığı məsələ qalmamışdı. Mixail Yevdokimov aparat işçisi olaraq ölkəsinin xarici siyasət prioritetlərini yaxşı mənimsəyib. Mixail Yevdokimov patronu Sergey Lavrovun Qərbin keçmiş SSRİ məkanında Rusiyanın maraqları əleyhinə çalışması fikrini bölüşür. Məsələn Yevdokimov da Lavrov kimi hesab edir ki, Qərb Müstəqil Dövlət Birliyi çərçivəsində inteqrasiya proseslərini əngəlləmək istəyir. Yevdokimov bu səbəbdən MDB çərçivəsində fəallaşmanın zərurəti fikrindədir. Rusiyanın Azərbaycana təyin olunan yeni səfiri Rusiyanın bölgədəki maraqlarının təmin edilməsində yaradıcı yanaşmanın tərəfdarıdır. Deyəsən Mixail Yevdokimov özündən əvvəlki səfirə bənzəməyəcək, diqqətimiz onun üzərində olmalıdır.

Elxan Şahinoğlu, politoloq